Nimtənə
Nümunənin reyestr kodu : SD0304000014
“Nimtənə” və ya “mintənə” biçim üsulu və tikiş tərzinə görə çəpkənlə daha çox eynilik təşkil edən ənənəvi qadın geyimidir. Gündəlik geyim tipi kimi nimtənə yun və pambıq parçadan, “baş paltarı” kimi isə məxmər, darayı, tirmə və b. parçalardan tikilirdi. Çəpkəndə olduğu kimi, onun da ətəyinə, qollarının ağzına, yaxa və yan kəsiklərinə qızıl-gümüş düzmələr bəndlənir, sərmə bafta tutulur, pərvanə verilir, zəncirə tikilirdi. Etnoqrafik və sənətşünaslıq ədəbiyyatında çox vaxt qadın üst geyim tiplərindən olan nimtənə ilə çəpkən tipoloji cəhətdən oxşarlıq təşkil etdiyinə görə eyni geyim tipi kimi qəbul olunur. Sənətşünaslıq doktoru S.S.Dünyamalıyeva “Şəki, Bakı, Şamaxı, Naxçıvan, İrəvan, Lənkəranda geyinilmiş arxalıqlar çəpkənin birbaşa sələfləridir” yazır. İstər faktik, istərsə də etnoqrafik materialların araşdırılmasından aydın olur ki, Kiçik Qafqaz bölgəsində geyilən zıvını da daxil olmaqla, arxalıq, nimtənə (mintənə), lavada (ləbbadə), baharı və küləcə kimi qadın üst geyimlərinin biçimlənməsində, xüsusi geyim tipi kimi ayrılmasında “çəpkən” mühüm rol oynamışdır. Vaxtilə keçmiş Xaldan rayonunun Ocək kəndindən XIX əsr qadın geyimlərinə aid etnoqrafik materiallar toplamış Z.A.Kilçevskaya çəpkənin qadın geyim tipi kimi geniş təsvirini versə də, onu nimtənə ilə eyniləşdirmişdir.
Nimtənə haqqında yazılı məlumatlar XII əsrə gedib çıxır. Belə ki, XII əsr Şərq və Azərbaycan intibahının dahilərindən olan Nizaminin əsərlərində “nimtənə” adlı geyim tipindən söhbət açılır. Böyük şair “Sirlər xəzinəsi” əsərində yazır ki, “onların donu (nimtənəsi) başdan dizə qədərdir”. Araşdırmalar göstərir ki, Nizami dövründə qadın geyim kompleksinin ayrılmaz tərkib hissəsi olan nimtənə sonrakı dövrlərdə özünün biçim tərzi və tikiş texnologiyasına görə müəyyən dəyişikliklərə uğramış (ətəyi gödəlmiş), bütün orta əsrlər boyu ad mənsubiyyətini dəyişməyərək (aşıq yaradıcılığında, xüsusilə Dirili Qurbani, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Ələsgər və b. şerlərində, eləcə də bu dövrdə yaşayıb-yaratmış bədii söz ustalarının ədəbi irsində nimtənə (mintənə) qadın üst geyimi kimi tərənnüm olunur) XX əsrin ortalarına kimi sevilə-sevilə geyilmişdir.
Nimtənənin “Kitabi-Dədə Qorqud” dastanından məlum olan qaftanın zaman-zaman təkmilləşdirilmiş forması olduğunu ehtimal etmək olar. Dastan qəhrəmanlarının geyimləri içərisində adı çəkilən “qaftan” tipoloji cəhətdən arxalığa çox yaxındır. Etnoqraf A.Ə.Əsədovanın belə bir fikri ilə razılaşmaq olar ki, “çiyin geyimi olan qaftan son dövrlərdə çiyin və bel geyim növlərinə bölünərək qofta-tuman adlandırılmışdır. Deməli, xalq geyim dəstinə daxil olan qaftanın sonrakı təkmilləşmiş tipləri nimtənə, çəpkən və arxalıq olmuşdur. Hər halda nimtənə qədimliyinə görə çəpkəni üstələyir. Nizamidən sonra Dirili Qurbaninin və Tikmədaşlı Xəstə Qasımın ədəbi-bədii irsində çəpkəndən deyil, nimtənədən söhbət açılır. Dirili Qurbani öz istəklisi Pərinin geyimini aşağıdakı şəkildə tərənnüm etmişdir:
Bülbül ayrılığı sitəmdi gülə,
Güləbətin naxış süsən-sünbülə.
Badilə nimtənə, üstdən silsilə,
Sərəndazdan töküb başa-baş Pəri!
XVII əsrin aşıq şerində Tufarqanlı Abbasın, XVIII əsr azərbaycandilli poeziyanın zirvə nöqtəsi Molla Pənah Vaqifin yaradıcılığında nimtənənin xalq geyim dəstinin ayrılmaz tərkib hissəsi olduğu dəfələrlə vurğulanır. M.P.Vaqifin müstəzadlarının birində nimtənənin tam təsviri verilmiş, onun nəinki estetik, bir sıra texnoloji xüsusiyyətlərindən bəhs edilmişdir. Şair burada nimtənənin var-dövlət rəmzi olduğunu, kamil sənət əsəri səciyyəsi daşıdığını daha çox nəzər-diqqətə çatdırmışdır. Artıq XVII əsrdən başlayaraq nimtənəyə həm də çəpkən deyildiyi təsdiqlənir. M.P.Vaqifin təsvir etdiyi nimtənə nümunəsi elə Qarabağın “pullu çəpkən”ninin tipoloji variantıdır desək, heç də yanılmarıq. Z.A.Kilçevskayanın XIX əsrə aid təsvirini verdiyi qadın geyimi – nimtənə (çəpkən) də bəzəklərinə görə Qarabağın “pullu çəpkən”inin eynidir.
Tədqiqatlar göstərir ki, həm nimtənə, həm də çəpkən tipli geyimlər türk etnik-mədəni mühitində yayılma arealına görə də fərqlənirlər. Nimtənə geyim tipinin eyniadlı parçadan tikildiyinə görə belə adlanması elmi ədəbiyyatda qeyd olunur. Bu parçanın Azərbaycana Orta Asiyadan və İrandan gətirildiyi də məlumdur. V.P.Kurılyov bu parçadan tikilən geyimlərin Türkiyədə “miltan”, “mintan”, “mintana” adlandığını qeyd edir. Xarici görünüşünə görə türk “mintana”sı Azərbaycan nimtənəsi ilə tipoloji oxşarlıq təşkil edir. Ancaq çox maraqlıdır ki, Azərbaycanda qadın üst geyim tipi olan nimtənə Türkiyədə kişilərin geydiyi geyim tipi kimi təqdim olunur. V.P.Kurılyov N.Berkes adlı bir müəllifə istinad edərək yazır ki, Ankara vilayətinin kəndlərinə gələn dərzilər buradakı kişilərə rəngli pambıq parçalardan dik boyunduruqlu və qollu gözəl köynəklər tikirdilər ki, onu “mintan” adlandırırdılar. Əgər ”kömlək” tipli köynəklər bir çox türk xalqlarına məxsus idisə, görünür, “mintan” üst geyim tipi türklər tərəfindən başqa xalqlardan alınmadır. İran (fars) mənşəli olan “mintan” sözü də bunu təsdiq edir. Ancaq bu fikri söyləməklə müəllif bir şeyi nəzərə almamışdır ki, sözügedən geyim tipi farslara aid ad mənsubiyyətini qoruyub saxlasa da, biçim tərzi və tikiş texnologiyasına görə sırf türk etnik-mədəni mühitinə məxsus geyim tipi olmuşdur. XIX-XX əsrin əvvəllərində Azərbaycanın Şəki, Bakı, Şamaxı, Naxçıvan, İrəvan, Lənkəran, Gəncə, Qərb, Şuşa və b. bölgələrində geyilən qadın üst geyimləri içərisində nimtənənin xüsusi yeri olmuşdur.