AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Boğazaltı

Nümunənin reyestr kodu : SD0303000018

Azərbaycan zərgərlik sənətinin istehsalı olan bəzət-zinət əşyaları içərisində boğazaltının öz xüsusi yeri olmuşdur. Bir qayda olaraq, boyunbağı silsiləsinə daxil edilən, boyuna (boğaza) bənd edilməklə gəzdirilən bu bəzək-zinət növü Azərbaycanın ayrı-ayrı bölgələrində “xirtdəklik”, “boğazlıq”, “boğazaltı”, “qarabatdaq”, “gərdənbağı”, “gərdənbənd” və s. adlarla məlum olmuş, Azərbaycan qadınının “sürahi boyuna” xüsusi füsünkarlıq vermişdir. Naxçıvan bölgəsində boyun-sinə bəzəkləri içərisində “qarabatdaq”, “çəçik”, “silsilə”, “sərmə”, “gərdənbağı”, “sinəbənd” və “gərdənbənd” geniş yayılmışdı. Boğaz bəzəyi kimi qarabatdaq sadə və ətəkli olmaqla, iki variantda hazırlanırdı. Sadə qarabatdağı, adətən, rəngli muncuqları (xüsusilə də “” formalı “qum muncuğu”nu) sapa (ipə) nəfis şəkildə düzməklə hazırlayır və boğaza kip bağlayırdılar. Bəzən belə muncuqlar bir neçə sıra hazırlanırdı ki, onun da hər cərgəsi “hel” adlanırdı. Ətəkli qarabatdaq isə qızıl və ya gümüşdən nəfis şəkildə kəsilmiş rombşəkilli, konusvari, ulduz, aypara, düzbucaqlı-kitabvari, yarpaq, buta, badamı və s. şəkilli bəzək elementlərini bir neçə cərgədə halqalar vasitəsilə sapa (ipə) düzməklə əldə edilirdi. Şübhəsiz ki, sadə (muncuqlu) qarabatdaq aztəminatlı, ətəkli qarabatdaq isə kübar qadınlarının, tacir-tüccar əyalının sevimli bəzək-zinət elementi olmuşdur. Boyun-boğaz bəzəyi kimi “çəçik” daha mürəkkəb dekora malik zərgərlik nümunəsi olub, əsasən qızıldan hazırlanır və üzəri qiymətli daşlarla bəzədilirdi. Naxçıvan zərgərlik məktəbinə məxsus digər bir qadın bəzəyi olan “sinəbənd” silsilə formasında hazırlanmaqla, dörd ədəd aşağıya doğru getdikcə kiçilən, üstü şəbəkə işləməli ayparadan, böyük ayparanın uclarına bəndlənmiş iki yaqut qaşdan, çoxsaylı asma-qulplu qızıl sikkələrdən və ətəyi tamamlayan bir ədəd daha iri sikkədən (“süleymani”) ibarət olurdu. Sinəbəndin bəzək dekorlarının üzərinə qiymətli daşlar (almaz, yaqut, mina, cəvahir, brilyant və s.) düzülürdü. ”Silsilə” böyunbağının böyüyü “sərmə” adlanırdı. Sərmənin sırası (ətəkləri) variantdan asılı olaraq 4-5-ə qədər olurdu. Sərmənin də hər bir bəzək dekorunun üstünə qiymətli daşlar yerləşdirilirdi. “Gərdənbənd” – bağlamaq üçün uclarında qarmaqları olan 14 ədəd zərif işlənmiş, halqalarla bir-birinə bəndlənmiş və üstünə sıraaşırı qırmızı və yaşıl daşlar düzülmüş bəzək elementlərindən, həmçinin bu bəzək dekorundan asılmış 14 ədəd şəbəkəli sırğayabənzər hissələrdən hazırlanırdı. “Gərdənbağı” isə narın muncuqlardan düzülmüş ətəkli bəzək növü olub, sinəyə qədər çatırdı.

XIX-XX əsrlərdə Bakı zərgərlik məktəbinin bədii-texniki xüsusiyyətlərini yaradıcılığında cəmləşdirməyi bacaran zərgər Məmməd Şəfi boğazaltı zinət növünü hazırlayan mahir ustalardan olmuşdur. Onun hazırladığı bir boğazaltının timsalında bu bəzək növünün bədii-texniki xüsusiyyətlərini görmək mümkündür. Həmin zinətin sərbəst bəzəkləri zoomorf, nəbati, astral şəkildə olub, formaları müxtəlif növdən alınmışdır. Burada bədii vəhdətdə verilmiş bəzəklər sadə və mürəkkəb formada biçilmişdir. Dekorativ çərçivəciklərin üzəri spiralvari şəbəkə naxış ünsürləri ilə örtülmüşdür. Həmin zinətdə yüzlərcə xırdaca spiralsayağı şəbəkədən olduqca dəqiq, aydın görünüşə malik qəşəng bəzək ifadəliliyi yaranmışdır. Bu boğazaltıda ənənəvi motivlər – üçdilim yarpaqsayağılar, gülşəkillilər, ayparavarilər, balıqşəkillilər poetik təsir bağışlayır. Kamil sənət əsəri təsiri oyadan belə boğazaltıların bir nümunəsi də mahir zərgərlər H.Haşımov və H.Quliyev tərəfindən işlənib hazırlanmış, 1937-1938-ci illərdə Paris və keçmiş SSRİ Kənd Təsərrüfatı Sərgisində nümayiş etdirilmişdir.

Azərbaycan zərgərliyinin “şah əsərləri” silsiləsindən olan boğazaltılar bir-birindən bəzək dekoruna, şəbəkə naxış ünsürlərinə, hazırlandığı materiala, ənənəvi motivlərinə, üzərinə harmonik yerləşdirilmiş daş-qaşlara görə fərqlənir və məxsus olduğu zərgərlik məktəbini layiqincə təmsil edirdi.

Ziviyədən tapılan və miladdan əvvəl VIII-VI əsrlərə aid edilən qızıl sinəbənd, Mingəçevirdən tapılaraq miladdan əvvəl VII-V əsrlərə aid edilən altıüzlü büllur xirtdəklik, Astaradan əldə edilən X-XI əsrlərə aid gümüş boğazaltı, böyük Nizaminin əsərlərində xatırlanan “gərdənbənd” boğazaltı adlanan zinət növünün tarixinin qədimliyinə şəhadət verir. XIX-XX əsrlərdə Naxçıvan və Bakı zərgərlik məktəblərinə daha çox məxsus olan boğazaltı nümunələri, demək olar ki, Azərbaycanın bütün bölgələrində müxtəlif adlarla qadın zinət dəstinə əlavə edilmişdir.