AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Baftaçı

Nümunənin reyestr kodu : DA0104000009

Bafta “güləbətin və ya ipək saplardan toxunan qaytan” deməkdir, fars dilindəki “bofte” – toxumaq sözündən yaranmışdır. “Baftaçı” sözü isə paltara bafta üsulu ilə bəndləmə naxış salınması peşəsini ifadə edir. Keçmişdə Azərbaycanın bir sıra şəhərlərində (Təbriz, Şamaxı və s.) “sırımakeş” adlanan peşəkar baftaçılar fəaliyyət göstərirdilər. Onlar qızıl və gümüşdən çəkilmiş metal tellərin ipək sapa sarınması yolu ilə hazırladıqları və ya satın aldıqları güləbətin sapla bafta toxuyur, yaxud güləbətin tikmələrdə işlədirdilər. Peşəkar ustalar baftanı dəzgahda güləbətin, ağ, çəhrayı, narıncı, qırmızı, al qırmızı və sair rəngli ipək (keci) sapdan istifadə etməklə enli və ensiz (“dar bafta”) formada toxuyurdular.

Baftaçı başlıca olaraq, qadın üst geyimlərini, həm də gündəlik və bayır-bayramlıq libaslarını bəzəyirdi. Sənətkarlar baftanı üst geyimlərinin yaxasına, ətəyinə, yan çapıqlarının kənarlarına bəndləməklə əl tikişlərinin üstünü örtüb görünməz edir və yaraşıqlı hala salırdılar. Qadın tumanının ətəyinə enli baftadan “ətəklik”, çutqunun önünə tutmaq üçün “qabaqlıq” düzəldirdilər. Şirvanda qadın tumanlarının ətəyi bafta, qaragöz, hərəmi, gümüş və qızıl pul, qiymətli ipək parçalardan tikilmiş “qıyqac balaq” və s. ilə tamamlanırdı. Üst qadın geyimlərindən biri olan çəpkənin yaxasına, çapığın qırağına, ətəyinə və qolunun kənarlarına sarıma və başqa baftalar, köbə, zəncirə və s. tutulurdu. Qarabağda zəngin qadın üst geyimlərindən biri olan kürdü məxmər və tirmədən tikilər, yaxası, ətəkləri və ciblərinin ətrafı bafta ilə bəzədilərdi.

Baftaçılar keci sapla toxunmuş bəsit və qədim bafta növü olan “çapara”dan istifadə edirdilər. Bu üsul üst geyimlərinin bəzədilməsində bafta əvəzinə işlədilirdi. Kiçik ölçülü hananı xatırladan çapara dəzgahında toxunan bu bəzək növü qara rəngli sapla həndəsi səciyyəli nəqş nümunələri (çoxbucaqlı, dördbucaqlı, paxlava və s.) ilə bəzədildikdə “qaragöz” adlanırdı.

XIX əsrdə “alınlıq”, “başlıq”, “qabaqlıq” (Qərbi Azərbaycan), “cütqabağı”, “gəlintac” (Şirvan-Bakı), “qarabatdaq” “təsəkqabağı” (Naxçıvan), “araqçın” (Ordubad) kimi baş bəzəklərinin bəziləri qaytanla, bir qismi isə ensiz parça, yaxud bafta üzərinə bənd edilərək başa bağlanırdı. Muğan qadınları məxmər və tirmədən tikilmiş, alçaq, girdə, qabağı baftalı və sərməli araqçın geyərdilər. Şirvanda gənc araqçınının (təsəyinin) qırağına qızılı və gümüş bafta vurulurdu. Naxçıvanda “qarabatdaq” (“araqçın”) adlanan baş bəzəyi uclarından ilgək-düymə olan ensiz parça və ya bafta üzərinə halqalardan asılmış rombşəkilli qızıl asmalar bənd etməklə düzəldilir, bəzək dekorları alının üstünə düşmək şərtilə baş örpəklərinə və ya araqçına bağlanırdı. Hətta müvəqqəti yaşayış evləri, o cümlədən alaçıqdan nisbətən böyük olan muxurun qəlibləri sadə naxışlarla örtülür, interyeri bafta, qapıüstü naxışlarla bəzədilirdi.

Baftaçılıq sənəti qədim olmaqla yanaşı bütün Azərbaycan ərazisini əhatə etmiş, hətta şifahi xalq yaradıcılığı nümunələrində də öz əksini tapmışdır. “Baftaçı Şah Abbas” nağılında nişanlısının tələbi ilə baftaçılıq peşəsini öyrənən Şah Abbas çətinə düşəndə bafta toxuyur, baftaya “darlıq” (çətinlik) işarəsini qoyaraq arvadı Banı, vəziri Allahverdi xanı xəbərdar edir, quldurların əlindən, girovluqdan xilas olur.

Azərbaycanın müxtəlif ərazilərindən tapılmış arxeoloji materiallarda da baftaçılıq nümunələri əks olunmuşdur. İlk orta əsrlərə aid edilən arxeolji tapıntı Mingəçevirdə baftaçılıq sənətinin tarixi baxımdan maraq doğurur. V-VI əsrlərə aid edilən, qabartma şəkildə yonulmuş bu abidənin yan üz tərəfində dik uzanan bir bitki ətrafında iki simmetrik quş fiquru təsvir olunmuşdur. Quşların hər ikisinin boyunlarından havada yellənən uzun baftalar asılmışdır. İlk orta əsrlərdə bu baftalar simvolik məna kəsb edərək, onu daşıyan quş və heyvanın müqəddəs olduğunu bildirirdi.

Müxtəlif tarixi mənbələrdə Azərbaycanın əksər sənətkarlıq mərkəzlərində baftaçılıq sənətinin inkişafı haqqında məlumatlar əksini tapır. Məsələn, XVIII əsrin sonu-XIX əsrin birinci yarısına dair məlumata görə təkcə Şəkidə 82 baftaçı fəaliyyət göstərirdi.

Ənənəvi geyimlərdən istifadənin azalması, fabrik geyimlərinin geniş yayılması sonralar baftaçılıq sənətinin əhatə dairəsini azaltmışdır.