AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Peşə növləri və əsnaflar

Nümunənin reyestr kodu : DA0104000001

Azərbaycanın zəngin təbii xammal ehtiyatı (daş, ağac, gil, mineral boyaqlar, əlvan və qara metallar, yabanı lifli bitkilər), əkinçilik və maldarlıq məhsulları (yun, gön-dəri, sümük, kətan, pambıq, ipək və s.) qədim zamanlardan başlayaraq, müxtəlif sənət sahələrinin, peşə növlərinin meydana gəlməsi üçün əlverişli şərait yaratmışdı.

Təsərrüfat həyatı ilə bağlı olan ən qədim peşələr (əkinçi, çoban, maldar, bağban, ovçu, balıqçı və s.) əvvəllər əhalinin yaşam tərzi idisə, zaman keçdikcə bu peşə növləri ayrı-ayrı insanların əsas işinə çevrilmiş, bir növ ixtisaslaşmışdı. Təsərrüfat həyatı ilə bağlı bir sıra peşələr mövsümi xarakter daşımış, günəmuzd, işəmuzd olmaqla haqqı ödənmiş, yaxud müəyyən işi qarşılıqlı yardım forması şəklində ayrı-ayrı insanlar yerinə yetirmiş, onların arasında müvəqqəti də olsa, iş bölgüsü olmuş, bəzən bu əmək bölgüsü işini daha yaxşı bacaran şəxsin ixtisaslaşaraq müəyyən bir peşəyə yiyələnməsinə gətirib çıxarmışdı. Azərbaycanda əkinçi, səpinçi, biçinçi, kotançı, maldar, çoban, arıçı, baramaçı (kümdar), ipəkçi və s. işini yerinə yetirmiş bir çox insanlar adla tanınmış, işlərini yüksək keyfiyyətlə icra etmələri ilə fərqlənmişlər. Qədimdə “qara kotan” adlanan şum alətini hərəkətə gətirmək üçün kotançı ilə yanaşı, hodaqçı - çubuqçu, məcgəlçi və başqa insanlar da çalışırdı. XIX-XX əsrlərdə, əsasən, torpaq mülkiyyəti olmayan şəxslərin mövsümi və ya daimi təsərrüfat işlərini yerinə yetirməsi daha geniş yayılmış, bu proses də ixtisaslaşmaya, müəyyən peşələrlə məşğul olan təbəqələrin yaranmasına səbəb olmuşdu.

Azərbaycan xalqı çoxəsrlik tarixi ərzində zəngin sənət irsi yaratmış, burada qədimdən daşişləmə, dulusçuluq, ağacişləmə, misgərlik, qalayçılıq, dəmirçilik, zərgərlik, dabbağlıq, papaqçılıq və kürkçülük, başmaqçılıq və çəkməçilik, sərraclıq, həsirçilik, şalbaflıq, keçəçilik, xalçaçılıq, bəzzazlıq, şərbaflıq, tikmə sənəti, qələmkarlıq və s. sənət-peşə növləri yaranmışdı.

Yeni sənət və peşə növlərinin geniş yayılmasında, ev peşəsindən sənət sahəsinə çevrilməsində iqtisadi münasibətlər ciddi rol oynamışdı. Məsələn, dekorativ bəzək nümunələri olmaq etibarilə əhalinin məişətində tikmələrə tələbat artdıqca tədricən xırda əmtəə istehsalı səciyyəsi kəsb edir, həvəskar məşğuliyyət növündən peşəkar sənət sahəsinə çevrilirdi. Yəni tarix boyu ev peşəsi səciyyəsi kəsb edən tikmə (çəki) istehsalı evlərdən fərdi dükan və karxanalara köçürdü. Bununla da bu peşə gəlirli dolanma vasitəsinə, sərfəli məşğuliyyət növünə çevrilirdi. Bundan sonra tikmə sənəti ilə təkcə qadınlar deyil, həm də kişilər məşğul olmağa başlamışdı.

Sənət istehsalı sahələrində məhsullar “bazarı” və “buyurtma” üsulu ilə hazırlanırdı. Maraqlıdır ki, bir sıra sənət və peşələr üzrə ixtisaslaşan əhali bəzən də ayrıca məskunlaşmaqla yaşayış məskəninin bu və ya digər məhəlləsini əmələ gətirirdilər. Xüsusilə sənət-peşə adamları yığcam halda, birgə məskunlaşırdılar. Belə halda şəhərin həmin məhəlləsi onların peşə adını (Misgərlər, Dabbaqlar, Dəmirçilər, Kömürçülər, Çarvadarlar məhəlləsi) daşıyırdı.

Ticarət və sənətkarlığın şəhərlərin yaranmasında böyük rolu olduğu kimi, sənət istehsalı və peşələrin yayılmasında, yeni peşələrin yaranmasında da şəhərlər xüsusi rol oynamış, məişət tərzinin dəyişməsi, ictimai ünsiyyətin artması, zövqlərin dəyişməsi sənət və peşə sahələrinin təkmilləşməsinə, eləcə də yenilərinin yaranmasına səbəb olmuşdu. Xüsusilə XIX əsrin sonundan şəhərlərdə öküz, at qoşulmuş arabalar tədricən müxtəlif növlü faytonlarla əvəz olunmağa başlamış, arabaçılarla, atla yükdaşıyan çarvadarlarla yanaşı, faytonçular fəaliyyət göstərməyə başlamışdı. Xalq memarlıq ənənələrindən bəhrələnən saray tipli binalar, adətən, peşəkar bənna və memarların köməyi ilə inşa olunur, bu işdə dülgər, xarrat yaxından iştirak edirdi.

Əsasən şəhərlərdə səhləbçi, suçu, hambal, carçı, qasid, palanduz, sərrac, nalbənd, bərbər (dəllək), başmaqçı, çarıqçı, çayçı, çörəkçi, pinəçi (çustcu, çəkməçi), əttar, halvaçı, papaqçı, qənnadçı, baqqal, həkkak, xəttat və s. peşə növləri yayılmışdı.