AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şal

Nümunənin reyestr kodu : SD0302000016

Azərbaycanda “şal” istilahı altında həm yer hanasında kustar üsulla toxunan yun parça, həm də qadınların soyuq mövsümlərdə istifadə etdikləri baş geyimi başa düşülür. XIX əsrdə Azərbaycanın qərb bölgəsi əhalisinin əsas geyim materialları yerli ustalar tərəfindən “kəryək” adlanan üfiqi toxucu dəzgahında kustar üsulla toxunmuş “qılıcı” şaldan, müxtəlif rəngli ipək və pambıq parçalardan, həmçinin, aşılanmış gön və dəridən ibarət olmuşdur. Qazax mahalında qadınların şal parçadan tikdikləri çuxa və digər üst geyimləri gümüş pulla 4-8 manata satılırdı. Keçmiş Quba xanlığının bir çox kəndlərində, o cümlədən Xınalıq və Qrızda sadə mahud-şal istehsal edilirdi. Muğan əhalisinin əsas geyim materiallarını əldətoxunma yun və pambıq parçalar təşkil edirdi. Muğan qadınları cəhrə və əl iyində əyrilmiş ipdən yer hanasında şal toxuyardılar. Azərbaycanın başqa bölgələrindən fərqli olaraq, Şirvanda yun parça (şal) çox vaxt yer hanasında deyil, xüsusi mütəhərrik şal dəzgahında toxunurdu. Hər bir ailə şal dəzgahında öz ehtiyacını ödəməkdən əlavə, “bazar şalı” adlanan yun parça istehsal edirdi.

Azərbaycanın başqa bölgələrindən fərqli olaraq, Şirvanda şal toxuculuğu ilə əsasən kişilər məşğul olurdu. Şal, bir qayda olaraq, küzəm yunundan toxunurdu. Göyçay qəzası kəndləri küzəmi Şirvan düzündən yaylağa qalxan elatlardan, Şamaxı kəndliləri isə Qobustan tərəkəmələrindən satın alırdılar. Şirvanda şal istehsalını zəruri edən amillərdən biri də burada küzəm ehtiyatının bolluğu olmuşdur. Yun parça “yalınqat”, “əmələ”, “ikiqat” olmaqla, müxtəlif növlərdə toxunurdu. “İkiqat” toxunmuş şal sıx və zərif olub, çox vaxt “dügürd” adlanırdı. Bir qayda olaraq, xam şal isti suda “bişirilib” sıxlaşdırılırdı. Bu əməliyyat təpmə üsulu ilə görüldüyündən, şalın bu növünə el arasında “təpmə şal” deyilirdı. Bundan fərqli olaraq, yer hanasında taxta “qılınc” vasitəsilə toxunmuş şal Azərbaycanın qərb bölgəsində “qılıcı şal” adı ilə tanınırdı.

Şal başlıca olaraq kişi üst geyimlərinin (çuxa, bürmə, başlıq, şalvar, dolaq və s.) hazırlanmasına sərf edilirdi. Mövsümdən asılı olaraq istifadə olunan qadın baş şalı (şəddə) kustar üsulla yerli karxanalarda toxunurdu. Kvadrat şəklində toxunan şəddənin kənarları, adətən, saçaqlı olurdu. Onu soyuq havalarda evdən çıxarkən başa örtürdülər. Bundan başqa, dağ kəndlərində yaşayan əhaliyə dəvə yunundan toxunmuş baş şalı da yaxşı tanış idi, lakin o, baha olduğundan geniş yayılmamışdı. Azərbaycanda istehsal olunmayan belə baş şalını bazarlarla sıx əlaqə saxlayan varlıların qadınları örtürdü. Qadın baş geyimləri arasında yun şal mühüm yer tutsa da, varlıların qadınları “xara şal”, hətta o dövrdə məşhur olan Kəşmirdən gətirilmə “kəşmiri şal” örtərmişlər. Kənd qadınları baş şalından həm də “bel şalı” kimi istifadə edirdilər. Soyuq vaxtlarda belə kip dolanmış şalın ara qatları əməli məqsəd daşımaqla onlardan cib kimi istifadə edilirdi.

Şal – həm yun parça növü, həm də qadın baş geyimi olmaqla iki məqsəd daşımışdır. Yun parça da öz növbəsində “yalınqat”, “əmələ”, “ikiqat” olmaqla, müxtəlif növlərdə toxunulurdu. Toxunma şal məmulatlarının hazırlanma üsuluna (təpmə şal, cecim), keyfiyyətinə (yer şalı-qılıcı şal, Culfa şalı), xammal növünə (dəvəyunu şal, keciqarışıq şal, güzəm şalı) kimi müxtəlif çeçidləri olsa da, Azərbaycanda daha çox yer şalı (qılıcı şal) toxunmuşdur. Baş şalı isə “dəvə yunu”, “adi baş şalı”, “kəşmiri” və “xara şal” kimi müxtəlif növdə olmuşdur.

Yundan toxunan parçanın və baş şalının istifadə tarixi toxuculuğun meydana gəldiyi Neolit dövrü ilə səsləşir. Zaman-zaman yun parça toxuculuğu təkmilləşmiş, mükəmməl toxucu dəzgahları meydana gəlmiş, yun parçalar müxtəlif geyim növlərinin hazırlanmasında əsas material olmuşdur. Azərbaycanda geyim ehtiyaclarının ödənilməsi üçün hələ qədim dövrlərdən qoyun və quzu yunu, keçi qəzili ilə yanaşı, dəvə yunundan da istifadə edilməsi məlumdur. Tarixçi Elianın verdiyi məlumata görə, Albaniyanın Kaspiana vilayətində yunu yumşaqlığına görə Milet yunundan heç də geri qalmayan dəvələr saxlanılırdı və həmin yundan varlı, adlı-sanlı adamlar, eləcə də kahinlər paltar tikdirib geyirdilər.

Aparılan tədqiqatlar göstərir ki, artıq XII-XIII əsrlərdə Azərbaycanın ayrı-ayrı sənət-ticarət mərkəzləri bu və ya digər parça və geyim növünün hazırlanmasında, bir növ, ixtisaslaşmışdı. Şal parça toxuculuğu sonrakı mərhələlərdə də davam etdirilmiş, XIX-XX əsrin əvvəllərində yüksək səviyəyə çatmışdır. N.A.Abelovun yazdığına görə, Şirvanda hər bir ailənin öz ehtiyacını ödəmək məqsədilə toxuduğu şaldan başqa, Ximran-Zəngi, Həftasiyab, Cülyan, Daxar-Mulux, Zarat-Xeybəri, Aşağı Zarat və Məlhəm kəndlərində “bazar şalı” adlanan yun parça istehsal olunurdu. XIX əsrdə Göyçay və Şamaxı qəzalarından Şamaxı bazarına hər il 5-6 min ədəd şal satışa çıxarılırdı. Azərbaycanda “Ləzgi şalı”, “Əlvənd şalı”, “Zarat şalı” yüksək qiymətləndirilirdi. Azərbaycanda şal parça istehsalı daha çox Qazax, Naxçıvan, Zəngəzur, Şuşa, Quba, Şamaxı, Göyçay qəzaları və Zaqatala dairəsinin payına düşsə də, Gəncəbasarda da parça toxuculuğu mövcud olmuşdur. Qadın baş şalı istehsalı XIX əsrdə də yüksələn xətlə inkişaf etmişdir. 1882-ci ildə “Qafqaz” qəzetində (№ 310) dərc olunan bir məlumatda XIX əsrin 80-ci illərində Qazax qəzasında 500 ədədə qədər yun şal toxunduğu qeyd olunurdu.