Qaradam
Nümunənin reyestr kodu : DA0202000003
Qaradamları süni mağaraların və qazmaların inkişaf etmiş forması hesab etmək olar. Qaradam tipli evlərin tikintisi üçün yamacın güney hissəsində kalafa yerini müəyyənləşdirib, onun küncləri boyunca xəndək qazılırdı. Sonra kalafanın künclərinə divardan təxminən 1 metr aralı dörd yoğun və haçalı dirək basdırılır, dirəklərin haçasına geydirilmək şərtilə bir-birinə paralel iki kərən (tir) atılırdı. Bu tirlərin üzərinə onlara planda kvadrat əmələ gətirən digər iki tir atılırdı. Adətən qaradamların çardağı dörd kvadratdan ibarət inşa edilirdi. Birinci kvadrat “hərmə”, ikinci “ana kərən”, üçüncü “orta kərən”, dördüncü kvadrat isə “torpaqbasan” adlanırdı. Möhkəm ağac dirəklər üzərində yoğun tirlərdən düzəldilən dam örtüyü getdikcə daralan kvadrat-yaruslarla yuxarı qaldırılaraq pilləli, çoxmərtəbəli günbəz əmələ gətirirdi. Bu iş prosesi, günbəzin ortasında istənilən ölçüdə baca (pəncərə) alınanadək davam etdirilirdi. Bacadan həm içəri işıq düşür, həm də orta ocağın tüstüsü bayıra çıxırdı. Günbəzin bayır tərəfi sıx döşənmiş pərdilər vasitəsilə örtülür, üzərinə carcı və avar döşənirdi. Damın günbəzinə torpaq qatı əlavə etmək üçün, adətən, kalafanın içərisindəki torpaqdan istifadə edilirdi. Bu torpaq qatı “kövər” adlanır, onun qazılıb damın üstünə atılmasına isə “damın kövərinin atılması” deyilirdi. Arxa və yan divarları torpağın içərisində qalan qaradamın fasad divarı daşdan hörülür, orada 90-150 sm enində giriş yolu qoyulurdu. Qaradamların qapısı dabanlı olmaqla, uc çıxıntıları vasitəsilə çərçivəyə geydirilirdi. Giriş yolunun üstündə yağmurluq düzəltmək üçün iki dirək üzərində çardaq qurulurdu.
Etnoqrafik materiallardan aydın olur ki, Azərbaycanın Kiçik Qafqaz regionunda qaradamların kompleks formalarına da təsadüf olunmuşdur. Belə qaradamların nisbətən təkmilləşmiş formalarının səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, divarların hamısı daş hörgüsü ilə əvəz olunmuş, orada qab-qacaq, çıraq qoymaq üçün kiçik divar açırımları düzəldilmişdir.
XIX-XX əsrin əvvəllərində Naxçıvanın dağlıq hissəsində qaradam tipli yaşayış evlərinin yeni bir variantı eyvanlı qaradamlar geniş yayılmışdı. Belə evlərin qarşısı tirlər üzərində tikilmiş eyvanla tamamlanırdı. Eyvanların ya hər iki tərəfi açıq saxlanılır, ya da yanları daşla hörülür, yalnız qabaq tərəfi açıq saxlanılırdı.
Azərbaycan ərazisində çox qədimlərdən mövcud olmuş qaradam tipli evlərə Xanlar (indiki: Göygöl) rayonunda “öylük”, “şeşə öylük”, “pəyəbaşı”; Naxçıvanda “qara ev”, “dörddirək ev”, “xaçkərənli ev”, “qış damı”, “qış evi”; Kəlbəcər rayonunda “evdamı”; Qubadlı rayonunda “dam” deyilmişdir. Gürcüstanda (Borçalıda) yaşayan azərbaycanlılar arasında qaradam “çardaxlıdam”, “beşikdam”, “öydamı”, “dam” və s. adlarla məlum idi. Qaradam tipli yaşayış evləri digər xalqlar üçün də xarakterik olmuşdur. Xalq yaşayış evlərinin tədqiqatçılarına görə, belə evləri gürcülər “darbazi”, “ertobis saxli”; ermənilər “tun”, “xatsatun”, “qlxatun”; osetinlər “erdoyani saxli”; taciklər “ruzan”; hindistanlılar isə “dubars” adlandırmışlar. Azərbaycanda mövcud olmuş qaradam tipli yaşayış evləri yer səthinə nəzərən yerləşmə mövqeyinə görə yerüstü, yarımyeraltı və yeraltı, yerləşkələrinin sayına görə isə bir və ya iki elementli və kompleks formada olmaqla fərqlənmişlər.
Arxeoloq Y.İ.Hummel Xanlar (indiki Göygöl) rayonu ərazisində və Lüləli vadisində apardığı arxeoloji qazıntılar nəticəsində aşkar etdiyi yaşayış evlərini qaradam tipli evlərlə eynilik təşkil etdiyini və Tunc dövrünə aid olduğunu yazmışdır. M.İ.İlyina isə Cənubi Qafqazda qaradam tipli yaşayış evlərinin miladdan əvvəl II minilliyin əvvəllərində meydana gəldiyini göstərir. Kür-Araz bölgəsi, xüsusilə Cənubi Qafqazın qədim əhalisinin müştərək ev tipi olan pilləli-piramidal dam örtüklü qaradamlar Gürcüstanda miladdan əvvəl III minillikdən məlum olsa da, Azərbaycan ərazisində Kültəpə, Mingəçevir, xüsusilə də qərb bölgəsində miladdan əvvəl VI-IV minilliyə aid Şomutəpə və Töyrətəpə yaşayış yerlərindən son dövrlərdə aşkara çıxarılmış dairəvi planlı, konusvari (günbəzşəkilli) dam örtüklü yaşayış evləri qaradam tipli evlərin mövcudluq tarixinin daha qədimlərlə səsləşdiyini sübut edir.
Qaradam tipli yaşayış evlərinin plan quruluşu, tikinti texnikası və təyinatı haqqında bir çox mənbələrdə və Azərbaycana gəlmiş səyyahların yol qeydlərində ətraflı məlumatlara rast gəlinir. XVII əsrdə Naxçıvan vilayətinin Culfa şəhərində olmuş məşhur səyahətçi J.Şardən buradakı yaşayış evlərinin əksəriyyətinin qayalarda çapılmış qazma və mağaralardan ibarət olduğunu göstərmişdir. Çox güman ki, müəllifin göstərdiyi yaşayış evləri dağlarda çapılmış dik yamaclı qaradamlardan ibarət olmuşdur. Ümumiyyətlə götürdükdə isə Naxçıvan bölgəsində klassik səciyyəli qaradamlar olmamış, buradakı qaradamlar yerüstü və eyvanli tikilməklə, yerli əhali arasında “dördirək evlər” kimi tanınmışdır. Belə evlərin divarları möhrədən hazırlanırdı.
XVIII-XX əsrin əvvəllərində qaradam tipli yaşayış evləri yayılma arealına görə Kiçik Qafqazın dağlıq və dağətəyi ərazisini, qismən Dağlıq Qarabağ və Naxçıvan bölgələrini əhatə etmişdir. Gürcü müəllif T.A.Çikovani haqlı olaraq yazır ki, Azərbaycanda qaradam tipli yaşayış evləri təkcə Dağlıq Qarabağda deyil, XIX əsrdə Qazaxdan tutmuş İran sərhəddinə qədər rayonlarda da (Qazax, Gədəbəy, Daşkəsən, Şəmkir, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl) geniş yayılmışdır. A.M.Mehdiyev isə qaradamların yayılma arealını bir qədər də genişləndirərək Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran bölgələrini də buraya əlavə edir. XIX əsrin 30-cu illərində Qazax distansiyasında olmuş italiyalı səyyah Q.Gerzi yazırdı ki, qaradamlara girmək üçün on-оn iki pilləkən aşağı düşmək lazım gəlirdi. Qapı açırımı kiçik olduğundan, içəri əyilmədən keçmək mümkün deyildi. Kəndi gəzərkən burada yaşayış evinin olduğu yalnız torpağın, qaradamın bacası tikilmiş təpəliklərindən məlum olurdu. Özünün ibtidai formasında eramızdan xeyli əvvəl meydana çıxmış və bütün xalqlara xas olmaqla ümumi cəmiyyətin inkişaf ilə uyğunlaşmış böyük patriarxal ailələr, sonralar məhsuldar qüvvələrin inkişafı, maddi istehsal və mübadilənin, əmtəə-pul münasibətlərinin meydana gəlməsi nəticəsində bölünərək fərdi ailələrə çevrilmiş, bunun məntiqi nəticəsi olaraq onlara məxsus ümumi yaşayış evləri də (qaradamlar) tədricən aradan çıxmış, yerüstü evlərin yeni-yeni tipləri meydana gəlməyə başlamışdır.