AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sinəbənd

Nümunənin reyestr kodu : SD0303000024

Keçmişdə qadın bəzəklərinin böyük əksəriyyətini boyun və sinə (döş) bəzəkləri təşkil edirdi. Bunlar həm bahalı daşlardan tərtiblənən muncuqlardan, həm qiymətli metallardan (qızıl, gümüş), həm də daş-qaşla (cəvahiratla) əlvan metalların kombinəsindən xüsusi incəliklə hazırlanırdı. Etnoqrafik bölgələrimizdə “boğazaltı”, “yelpazəli sinəbənd”, “xirtdəklik”, “qızıl boğazaltı”, “mərcanə”, “qarabatdaq”, “gərdənbağı”, “gərdənbənd” və s. adlarla məlum olan geniş çeşidli boyun və sinə (döş) bəzəkləri varlı qadınların geyim dəstində üstün yer tuturdu. Sinəbənd, adından da məlum olduğu kimi, boğaza bağlanaraq sinənin üstünə doğru sallanır, bəzən bir cərgədə cəmlənən bəzək dekorundan, bəzən də ətəkli (bir neçə cərgədə, silsilə formasında) hasilə gətirilirdi. Məsələn, Naxçıvan zərgərlik məktəbinə məxsus bir qadın bəzəyi olan “sinəbənd” silsilə formasında hazırlanmaqla, dörd ədəd aşağıya doğru getdikcə kiçilən, üstü şəbəkə işləməli ayparadan, böyük ayparanın uclarına bəndlənmiş iki yaqut qaşdan, çoxsaylı asma-qulplu qızıl sikkələrdən və ətəyi tamamlayan bir ədəd daha iri sikkədən (“süleymani”) ibarətdir. Sinəbəndin bəzək dekorlarının üzərinə qiymətli daşlar (almaz, yaqut, mina, cəvahir, brilyant və s.) düzülürdü. Sinəbəndin digər bir növü olan “gərdənbənd” – bağlamaq üçün uclarında qarmaqları olan 14 ədəd zərif işlənmiş, halqalarla bir-birinə bəndlənmiş və üstünə sıraaşırı qırmızı və yaşıl daşlar düzülmüş bəzək elementlərindən, həmçinin bu bəzək dekorundan asılmış 14 ədəd şəbəkəli sırğayabənzər hissələrdən hazırlanırdı. Sinəbəndlərdən biri olan “gərdənbağı” isə narın muncuqlardan düzülmüş ətəkli bəzək növü olub, sinəyə qədər çatırdı. Boğaz-sinə bəzəyi kimi “qarabatdaq” sadə və ətəkli olmaqla iki variantda hazırlanırdı. Sadə qarabatdağı, adətən, rəngli muncuqları (xüsusilə də “” formalı “qum muncuğu”nu) sapa (ipə) nəfis şəkildə düzməklə hazırlayır və boğaza kip bağlayırdılar. Bəzən belə muncuqlar bir neçə sıra hazırlanırdı ki, onun da hər cərgəsi “hel” adlanırdı. Ətəkli qarabatdaq isə qızıl və ya gümüşdən nəfis şəkildə kəsilmiş rombşəkilli, konusvari, ulduz, aypara, düzbucaqlı-kitabvari, yarpaq, buta, badamı və s. şəkilli bəzək elementlərini bir neçə cərgədə halqalar vasitəsilə sapa (ipə) düzməklə əldə edilirdi. Şübhəsiz ki, sadə (muncuqlu) qarabatdaq aztavanlı, ətəkli qarabatdaq isə kübar qadınlarının, tacir-tüccar əyalının sevimli bəzək-zinət elementi olmuşdur. “Həmail” adlanan boyun-sinə bəzəyi çox vaxt daş-qaşla, xüsusilə də zümrüd və ya zəbərcədlə bəzədilib yaraşıqlı hala salınırdı. Zərgərlik sənətində o, çox vaxt “zəbərcəd həmail” adlanırdı. Yaqut, inci, brilyantla bəzədilmiş həmaili çox vaxt qızıl qarmaqla arxalıq və ya ləbbadənin çiyinlərinə bənd edirdilər. Bəzən həmailin ətəyi 4 cərgə qızıl sikkə ilə tərtib olunub tamamlanırdı. Həmailin bu növü “sinəbənd” adlanırdı.

Azərbaycanın zərgərlik mədəniyyətinin, xüsusilə də boyun-sinə bəzəkləri istehsalının inkişaf səviyyəsinin öyrənilməsində Manna incəsənəti nümunələri mühüm mərhələ təşkil edir. Urmiya gölünün cənub-şərqində yerləşən Ziviyədən tapılan və miladdan əvvəl VIII-VII əsrlərə aid edilən şir başları ilə bəzədilmiş qızıl bilərzik, təsvirli qızıl kəmərlə yanaşı, qızıl sinəbənd bu dövrdə bəzək elementlərindən geniş istifadə edilməsini təsdiqləyir. Həmin sinəbəndin yarımdairəvi döymə üsulu ilə yaradılmış təsvir kompozisiyası iki hissədən – aşağı və yuxarı hissələrdən ibarətdir. Üst mərtəbə xeyir allahı Hörmüzə, alt mərtəbə isə şər allahı – Əhrimənə həsr edilmişdir. Manna zərgərlik sənət ustası bu sinəbənddə dini motivlərdən bacarıqla istifadə edərək Avesta ideyalarını təbliğ etmişdir. Bu nadir zərgərlik əsərində realistik təsvirlər mifik ünsürlərlə üzvü surətdə əlaqələndirilmişdir. Qeyd edək ki, qədim sinəbənd, eləcə də kəmər və boğazaltı kimi zərgərlik məmulatlarında istifadə olunan aypara, balıq, günəş, ulduz kimi rəmzlərə XIX-XX əsrlər zərgərlik incəsənətində də tez-tez müraciət olunmuşdur.