Köşk
Nümunənin reyestr kodu : DA0204000021
Fransızca “kiosqıe”, italyanca “ chiosco”, rusca “kiosk”, türkcə “köşk” və farsca “küsk” (saray) adlanan köşk – dekorativ formada tikilən və memarlıq kompleksinə daxil olan, xüsusilə də yaşıllıq bol olan yerlərdə inşa olunan yığcam, yüngül konstruksiyalı tikililərə deyilir. Bu söz Avropa dillərinə türk dilindən keçmişdir. Bundan başqa, Şərq məbədləri, yay sarayları, feodal qəsrləri, eləcə də ticarət məqsədləri üçün düzəldilib istifadə edilən yüngül və əsasən şüşədən quraşdırılan tikililəri də çox zaman köşk adlandırırlar. Bir qayda olaraq Şərq məbədləri, yay sarayları və feodal qəsrləri geniş bir bağça içərisində inşa edilən yaraşıqlı malikanə (saray) səciyyəsi daşıyır, əsasən Asiya nümunəsində inşa olunur və bir neçə köşkü özündə birləşdirir. Belə köşklərə gedən yollar ya asma körpü vasitəsilə təchiz olunur, ya da son dərəcə qapalı (gizli) olur. Bunlara misal olaraq Yasaq Şəhər, Çankaya və Topqapı saraylarını göstərmək olar. Adətən, köşklər tikilərkən onun bütün fasadlarının (yanlarının) eyni görkəmdə olmasına xüsusi diqqət verilir. Bu, köşklərin memarlıq-komposiziya quruluşunu digər memarlıq kompleksi nümunələrindən fərqləndirən başlıca əlamət kimi diqqəti cəlb edir. Köşkləri, bir qayda olaraq, dairəvi, kvadrat və ya çoxbucaqlı formada quraşdırır, üst hissəsini (çardağını) isə konusvari və ya piramida formasında yığırlar.
Köşklər meydana gəldiyi ilk dövrlərdə ondan “gül-çiçək köşkü”, “park pavilyonu” kimi istifadə edilmişdir. Buna görə də ilk əvvəllər köşkdən ticarət məqsədləri üçün istifadə edilməmişdir. Zaman keçdikcə köşklər ticarət qurğuları kimi fəaliyyət göstərməyə başlamışdır ki, artıq qəzet, kitab, təqvim və yaxud da dəftərxana ləvazimatı satılan ticarət nöqtələrinə köşk deyilmişdir. Belə köşklər çox da böyük həcmli olmayıb, təxminən 3 m x 3 m ölçüdə quraşdırılır, hər tərəfi şüşə vitrajla əhatələnir, ön fasadında satış predmetlərini yığmaq üçün kiçik rəflər olur. Adətən, hər bir köşkdə cəmi bir nəfər satıcı olur, o həm də köşkün bütün işlərini özü görür. Bəzən köşklər “min bir xırdavat” satılan kiçik ticarət obyekti kimi də fəaliyyət göstərir. Burada geniş çeşidli gündəlik tələbat malları – qəzet, jurnal, sərinləşdirici içkilər, eləcə də bijuteriya malları, suvenirlər satılır. Bir qayda olaraq, köşklər adamların kütləvi toplaşdığı, gediş-gəlişin çox olduğu və qızğın ticarətin aparıldığı yerlərdə – ictimai nəqliyyatın dayanacaqlarında, vağzalyanı ərazilərdə, bazarlarda, parklarda, bulvarlarda, metro stansiyaları çıxışları həndəvərində və s. bu kimi yerlərdə quraşdırılır. Sovet dönəmində respublikamızda ayrıca su köşkləri də mövcud olmuşdur ki, burada yay zamanı əhaliyə sular (qazlı və adi), şirələr, limonadlar və s. təklif olunurdu. Hal-hazırda məlumat (informasiya) məkanları, bank, ödəniş, kompyuter və məlumat terminalları da köşk kimi fəaliyyət göstərir. Öz əvvəlki satış mahiyyətini hazırda ancaq gül-çiçək köşkləri saxlaya bilmişdir.
Köşklər yaşayış yerləri, satış nöqtələri, eləcə də bank, ödəniş, kompyuter və məlumat terminalları kimi qruplarda təsnif olunur.
Köşkün nə vaxtdan yarandığını dəqiq söyləmək mümkün deyildir. Onun yaşayış evi (saray, qəsr) kimi meydana gəlməsi sinifli cəmiyyətin yarandığı dövrə təsadüf edir. Satış obyekti kimi, çox güman ki, son orta əsrlərdən fəaliyyətə başlamışdır. Ölkəmizdə köşkün bank, ödəniş, kompyuter və məlumat terminalları kimi fəaliyyəti isə müstəqilliyimizin əldə edilməsinin ilk illərində mümkün olmuşdur.
-
Kayseride Selcuklu sarayları ve köşkleri
Mehmet Çayırdağ
-
Köşk
Ayşe Denknalbant
-
Anadolu Selçuklu köşklerinin plan tipleri üzerine tespitler
Alptekin Yavaş
- Tərtibçi və biblioqrafiya