AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şətəl

Nümunənin reyestr kodu : SD0301000009

Şəhər məişəti üçün daha səciyyəvi olan “şətəl” ayaq geyimi, bir qayda olaraq, evdə geyilirdi. Şətəl hörülmüş boğazsız corabı xatırladırdı, lakin corabdan fərqli olaraq, onun alt hissəsi xeyli qalın hörülürdü. Bəzən şətəlin istifadə müddətini uzatmaq üçün onun altına tumacdan əlavə “altlıq” tikilirdi. Məlum olduğu kimi, keçmişdə Azərbaycanın bir sıra bölgələrində, o cümlədən şəhər məişətində evə ayaqqabı ilə daxil olmaq qəbahət sayılırdı. Hətta bu məqsədlə eyvanda, yaxud evin kandarında “başmaq çıxan” adlanan xüsusi yer düzəldilirdi. Ailə üzvləri, yaxud qonaq evə daxil olmaq üçün toz-torpağa bulaşmış ayaqqabını soyunub şətəl geyinirdi. Yalnız bundan sonra onlar xalça-palaz döşənmiş təmiz otağa keçə bilirdi. Azərbaycanda bu adət indi də qalmaqdadır.

Alazan vadisində şətəlin uzun boğazlı yun corabı xatırladan əlahiddə bir növünə də təsadüf edilmişdir. Altlıqlı keçi qəzilindən hörülən şətəli çox vaxt çəkmə əvəzinə geyinirdilər. Ailə məişətində yüngül və rahat ayaqqabı növü hesab edilən şətəli şap-şap və ya sürütmə (çəkələk) əvəzinə həyət-bacada da geyinənlər olurdu. Şəki-Zaqatala bölgəsində yaşayan ingiloylar arasında şətəlin bir tipoloji oxşarı olan “zəngəl” adlanan ayaq geyiminə qış aylarında daha çox tələbat olurdu. Keçədən hazırlanmış bu uzunboğaz çəkməni xatırladan ayaq geyiminin altına əlavə altlıq salınır, çopozla qoşa geyilir və yer don olan zaman sürüşmə təhlükəsini aradan qaldırırdı.

Şətəl həm qadın, həm də kişi ayaq geyimi kimi məlum olmuşdur. Bundan başqa, tipoloji təsnifat nöqteyi-nəzərindən şətəlin boğazsız və uzunboğaz çəkməni xatırladan növləri də olmuşdur. Şətəlin bir növü olan zəngəl isə qışda geyilərək çöl-bayır ayaq geyimi kimi istifadə olunmuşdur.

Şətəlin ayaq geyimi kimi istifadə edilməsinin tarixi naməlumdur. Çox güman ki, belə ayaqqabılar hörmə toxuculuğunun və keçəsalmanın meydana gəldiyi dövrlərdən etibarən istifadə olunmuşdur. Yun və keçə məmulatları arxeoloji qazıntılardan əldə edilmədiyindən (onların çürümə ehtimalı böyük olmuşdur) və orta yüzilliklərdə də istifadəsi haqqında məlumat əldə etmək mümkün olmadığından, haqqında geniş fikir yürüdə bilmirik. Hər halda yayılma arealına görə Şəki-Zaqatala bölgəsi əsas götürülür.