AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Təsək

Nümunənin reyestr kodu : SD0302000013

Təsək (çəpçik) baş geyimi XIX-XX əsrin əvvəllərində Azərbaycanın Gəncəbasar, Şirvan, Qarabağ, Şəki-Zaqatala və Qərb bölgələri üçün daha xarakterik olmuşdur. Baş geyimi kimi həm qadın, həm də kişi geyim dəstinə daxil olan təsək araqçın adlanan baş geyiminin ilkin variantı kimi meydana gəlmiş, əsasən saya (birrəng) parçadan biçilib tikilmişdir. Qərb bölgəsində qadın təsəklərinin biçim üsuluna, formasına, başa geyilmə tərzinə və parça materialına görə fərqlənən üç növü (saya, qaysava və inci təsəklər) qeydə alınmışdır.

Təsəklər adi və büzməli olmaqla iki növdə hazırlanırdı. Saya təsək ağ və ya rəngli pambıq parçadan kəsmə biçim üsulu ilə hazırlanırdı. İki yan (qulaqcıq) və kəlləlikdən ibarət olan təsək tərs üzünə tikildikdən sonra çevrilir və tikişlər içəridə qalırdı. Təsəyi başa elə geyirdilər ki, o, həm boynun ardını, həm də qulaqların üstünü örtür, xüsusi əndazə ilə düzəldilmiş burma və birçəkləri möhkəm saxlayırdı. Başda möhkəm durması üçün təsəyin sağ qulaqcığına ucu ilgəkli qaytan (qatma) tikilir, çənənin altından keçirilərək sol qulaqcığa bənd edilmiş düyməyə bağlanırdı. Başın əmgək hissəsində dayanan təsəyin “alınlığı”na müxtəlif rəngli saplarla bəzək də vurulurdu.

Adi (saya) təsəyin daha mükəmməl forması “inci” və “qaysava” adlanan üstü bəzəkli təsəklər idi. “İnci təsək”, bir qayda olaraq, yekrəng ipək parçadan olur, yan dairəsinə və mərkəzinə “buta”, “sarma”, “güləbətin”, “ulduz”, “əşrəfi” və s. bəzəklər tikilirdi. “İnci təsəy”in alın dövrəsinə üstü baftalı bəzəklərlə örtülmüş “qəfəsə” adlanan qabaqlıq tutulurdu. “Qaysava” təsəyin də üstü müxtəlif naxışlarla “işlənirdi”. Bir qayda olaraq, qırmızı və yaşıl məxmərdən tikilən “qaysava” təsəyin yanları ensiz, tərki isə yastı olurdu. “Qaysava” təsəyə gənclərin, xüsusilə də gəlin köçən qızların geyim dəstində tez-tez təsadüf etmək olardı. Buna görə də belə təsəyin qız üçün gələn nişan boğçası içərisində olması vacib şərt sayılırdı. “Qaysava” təsək asma və tikmə bəzəklərlə zəngin olurdu. Adətən, dingəyə bağlanan üzəri gümüş, bəzən də qızıl pullu bəzək bu təsəyin də qabağına bənd edilirdi. Hərəkət və rəqs zamanı bu bəzəklər, həmçinin sağ hörüyünün uclarına bənd edilən qumroylar (zınqırov) xoşahəng cingiltili səslər yaradırdı.

Şəki-Zaqatala bölgəsində saya təsəyin bir variantı “düyməçə” adlanırdı. Saya təsəkdən fərqli olaraq, onun arxa hissəsi əlvan naxışlarla bəzədilir, boğazın altından keçən ucu qozalı gümüş zəncir əks tərəfdə gümüş pul-düyməyə bağlanırdı. Zəncirin də üzərinə gümüş pullar düzmək dəb idi. “Düyməçə” tipli qadın baş geyimləri Dağıstan və İranda da geniş yayılmışdır. Büzməli təsək və ya çəpçik tikilərkən, 38-40 sm ölçüdə ağ parça götürülür. Onu iki hissəyə qatlayıb kənarlarını tikirdilər. Torbanı xatırladan həmin düzbucaqlının açıq tərəfini sapla büzüb bir yerə yığdıqdan sonra bu büzüyün üstünə əlavə parça kəsib tikirdilər. Təsəyin (çəpçiyin) qulaqcıqlarının ucu 10-15 sm uzunluğunda parçadan hazırlanmış lentvari bağla qurtarırdı. Bağın uclarını çənənin altında bağlayırdılar.

Təsəkdən ən çox yaşlı qadınlar istifadə edirdilər. Saya təsəkləri isə, bir qayda olaraq, qız və gəlinlər geyirdilər. Gəlinlər öz birçək və burmalarını möhkəm saxlamaq üçün belə təsəklərdən istifadə edirdilər. Təsəyin qabaq hissəsinə gümüşü saplarla, habelə güləbətinlə badamı və təsbehi naxışlar vurulurdu. Çox güman ki, bəzi rayonlarda “işləməli təsək” deyilən anlayış da buradan irəli gəlmişdir. Şirvan təsəkləri saya və ya nadir hallarda güllü parçalardan, “baş paltar” təsəkləri isə bahalı şax parçalardan, xüsusilə qırmızı və yaşıl məxmərdən, şalatlaz və zərxaradan tikilirdi. Saçların “cığa” və “birçəyi” üstündə telbasan rolunu oynayan təsəyin üzərində simmetrik vəziyyətdə 4 ədəd buta, onun mərkəzinə isə “ulduz” və “əşrəfi” tikilir, yanları müxtəlif rəngli ipək sapla “badamı” və “təsbehi” tikişlərlə bəzədilirdi. Adətən, gəlinlər toy günü başlarına qiymətli qalın materialdan hazırlanmış təsək qoyurdular. Onun üzərinə çox vaxt iki sıra sikkə pul bənd edilir və bununla da gəlinin alını bəzədilirdi. Adətən, təsəyin üstündən ləçək adlanan kiçik yaylıq bağlayırdılar. Bəzən örpək və kəlağayı salanlar da olurdu. Kişi təsəkləri saya (birrəng) parçadan tikilərək papağın, çalmanın və ya əmmamənin altından geyilirdi. Kişi təsəyi əsasən şəhər əhalisinin baş geyimi kimi tanınırdı.

Təsək adlanan baş geyiminin tarixi dəqiq müəyyən edilməmişdir. Zənnimizcə, “Kitabi-Dədə Qorqud” dastanlarında adı çəkilən “gecəlik” adlı baş geyimi təsəyin tipoloji oxşarı olmuşdur. Buna görə də bu baş geyiminin ilk orta əsrlərdən istifadə edildiyini söyləmək olar. Təsək XX əsrin əvvəllərinə qədər geyim dəstində öz mövqeyini qoruyub saxlamış, hazırda qadın geyim dəstindən çıxmış, kişi din xadimlərinin isə libas dəstində təsadüf edilməkdədir.