Sırğa
Nümunənin reyestr kodu : SD0303000006
Qulaq bəzəkləri sırasına daxil edilən sırğa Azərbaycanda zaman-zaman “altun küpə”, “tana”, “güşvarə” və başqa adlarla məlum olmuş və çox geniş çeşiddə hazırlanmışdır. “Darağı”, “səbəti”, “gilası”, “lolu” (“lola”), “kufə”, “minarə, “heydəri”, “aypara”, “yarpaq”, “gül”, “qozalı”, “fındığı”, “piyalə-zəng”, “buta”, “badamı”, “satıl”, “üçdüymə”, “dörddüymə”, “qırxdüymə”, “piyalə”, “pərəkli”, “zanqaguş”, “ətəkli”, “şarlı” və s. sırğa növləri uzun zaman Azərbaycan qadınlarının istifadə etdiyi bəzək-zinət əşyaları arasında üstün yer tutmuşdur. Sırğa (tana) növləri qulağın “niçək” adlanan aşağı hissəsinə qulaq pipiyinə bağlanırdı. Bunun üçün, bir qayda olaraq, kiçik yaşlarından qızların qulaq pipiyini küllə ovub keyidir, sonra saplı iynənin arxa tərəfi ilə onu deşir, oradan keçirilən sapa 1-2 ədəd muncuq taxırdılar. Deşilmiş yer bitişməsin deyə, sapı tez-tez yağlayır və tərpədirdilər. Sayılıb-seçilən nəsildən (tayfadan) olan, ali dini zümrə titullarına sahiblik edən, eləcə də ailədə uzun müddət dünyaya gəlişi gözlənilən, əziz-xələf sayılan, nəslin və ya tacın (şahlıq-xanlıq dövründə) davamçısı kimi qəbul edilən oğlan uşaqlarının bir qulağına da sırğa (“heydəri sırğa”) taxmaq dəb olmuşdur. Qeyd edək ki, qaqauzlar uşağın sağ qulağına sırğanı yaman ruhlardan qorunmaq məqsədilə taxırdılar.
Sırğanın zaman-zaman forma və quruluş etibarı ilə çoxsaylı tipoloji növləri yaranmışdır. Materialına görə sırğalar tunc, qızıl və gümüşdən hazırlanan sırğalar kimi qruplaşdırılır. Bunların arasında “piyalə-zəng”, “satıl”, “şarlı” (“lolo”), “minarə”, “badamı”, “gilası”, “üçdüymə”, “dörddüymə”, “beşdüymə”, “qırxdüymə” sırğalar, habelə “halqalı” və “asmalı” sırğa və s. hələ də dəbdən düşməmişdir. Bəzən, sırğaların üzərinə qiymətli daş-qaş əlavə etməklə zənginləşdirilir və beləliklə də, məmulatın dəfinə dəyəri artırılırdı. Bunlardan fərqli olaraq, “minarə” sırğanın ətəyi silsiləli düzəldilməklə, bir növ “piyalə-zəng”i xatırladırdı.
Azərbaycanda zinət istehsalının tarixi çox qədim zamanlara gedib çıxır. Arxeoloji abidələrdən (Mingəçevir, Yaloylutəpə, Xocalı, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə və s.) aşkar edilmiş qiymətli bəzək məmulatları Azərbaycan ərazisində zinət istehsalına çox qədim zamanlardan başlandığını söyləməyə əsas verir. Qızıl və gümüşün istehsal xüsusiyyətlərinin mənimsənilməsindən sonra bəzək əşyalarının hazırlanması zinət istehsalı səciyyəsi kəsb etmişdir. Bununla da spesifik istehsal texnologiyasına malik olan zərgərlik sənətinin tarixi başlanmışdır. Arxeoloji abidələrdən aşkar olunmuş qızıl və gümüş sırğa, üzük, bilərzik, qolbağ, çələng, tac, sancaq, boyunbağı, silsilə, düymə, toqqa, müxtəlif növ asma və bəndləmə bəzək növləri (pilək, pərək) əsrlər boyu insan məişətini bəzəyib süsləmişdir. Azərbaycanda ən qədim sırğa nümunəsi qədim Mingəçevirdən, Tunc dövrünə aid kurqandan tapılmışdır. Arxeoloji qazıntılardan əldə edilmiş belə sırğalar keçmişdə halqavari, şəbəkəli, asmalı muncuq düzülmüş bəzək növü kimi düşünülmüşdür. Onlar şar və armudşəkilli, spiralvari, ucları əyilərək bir-birinin üstünə qatlanaraq düzəldilmişdir. Orta əsrlərdən başlayaraq formasına görə halqalı, asma, üzəri daş-qaşla tərtiblənən sırğalar Azərbaycan üçün daha xarakterik olmuşdur. Onların bir qismi qədimlərdən zəmanəmizədək gəlib çatmışdır. Erkən orta əsr abidəsi olan Dədə-Qorqud dastanlarında sırğa “küpə” (“altun küpə”) adı ilə təqdim olunmuşdur. Həm də dastandan bəlli olduğu kimi, altun küpəni təkcə qadınlar deyil, adlı-sanlı kişilər də qulaqlarına taxırmışlar. Sonralar da zinət əşyası kimi sırğa istehsalı daha da intensiv olmuş, xüsusilə XVII-XIX əsrlərdə kamil sənət əsəri səviyyəsində sırğalar hazırlanmışdır. Sırğa gəzdirmək ənənəsi bütün Azərbaycan ərazisi üçün eyni olmuşdur.