AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Əmmamə

Nümunənin reyestr kodu : SD0302000004

Keçmişdə Azərbaycanda bağlama baş geyimlərinin bir qismini çalma və əmmamə təşkil edirdi. Çalmanı, biq qayda olaraq, nüfuzlu elm adamları, şairlər, mötəbər şəxslər, dövlət qulluqçuları gəzdirirdilər. Əmmaməni isə əsasən ruhanilər (qazi, axund, molla, əfəndi, seyid, müfti və b.) geyirdilər. Əmmamə çalmayabənzər ensiz ipək parçadan hazırlanan bağlama baş geyimlərinə aid idi. Əmmaməni başa araqçın və ya külah qoyduqdan sonra xüsusi əndazə ilə sarıyırdılar. XIX əsrin sonuna qədər islam məmləkətində 40-dan çox əmmamə, sarıq forması mövcud olmuşdur. Əmmamə onu gəzdirən şəxsin “şəxsiyyət vəsiqəsi” rolunu oynayırdı. Bu baş geyiminə ani nəzər salmaq kifayərt edərdi ki, qarşıda duran adamın hansı zümrəyə aid olduğunu, hansı vəzifəni daşıdığını səhv etmədən deyəsən. Əmmamənin bağlanma formasından, rəngindən, parçanın uclarının hansı tərəfə, hansı şəkildə atılmasından şəxsin dinini, savad səviyyəsini, hətta haradan olduğunu müəyyən etmək mümkün idi. Şəriət qanunlarına görə, əmmamədən təkcə baş geyimi kimi istifadə edilməmiş, o, həm də əməli əhəmiyyət kəsb etmişdir. Belə ki, əmmamənin ölçüsü hər bir kəsin öz boyuna müvafiq olduğundan, onu lazım gələndə süfrə, qurşaq və hətta kəfən yerinə də işlətmişlər.

Orta əsrlərdə əmmamələr adi əmmamə və Səfəvi qızılbaşlarının geydiyi ucu şiş, qırmızı başlı əmmamə kimi təsnif olunurdu. Tarixdən məlumdur ki, Səfəvi dövlətinin ali təbəqəsini, dövlətin yaradıcılarını “qızılbaş” adlandırırdılar. Çünki səfəvilər başlarına təpəsi nazik, hündür qırmızı papaq qoyar, bunun da ətrafına əmmamə dolayardılar. Səfəvilərdə bu qızılbaş papağı əmmaməni əvəz edirdi. Zadəganlar və rütbəli hərbi xidmətçilər isə bunun üstündən 12 qiymətli daş-qaş taxar və yaxud əmmaməyə zərli xəttlər çəkdirərdilər. Qazilər başlarına lələkli (cıqqalı) və taclı əmmamə qoyardılar. Bu baş geyimləri təxminən 70-80 il davam edib, sonralar, yəni XVI əsrin axırlarında bütünlüklə aradan çıxmışdır. Azərbaycanda bu cür baş geyimlərinin tez yox olmasına baxmayaraq, hələ XVIII əsrin əvvəllərinədək Orta Asiyada, Əfqanıstanda, Türkiyədə və xüsusilə də Hindistanda biz onun izinə rast gəlirik.

Qızılbaş əmmamələri ilə yanaşı, XVI əsrdə adi əmmamələr də geniş yayılmışdır. Əmmamə baş geyimi orta əsrlərdə həm də kişi və qadın əmmamələri kimi təsnif olunurdu. Belə ki, XVIII əsrdə qadınlar da başlarına əmmaməyəbənzər baş geyimi geyirdilər. Onu geymək üçün qadınlar da kişilər kimi başlarına araqçınabənzər, lakin adi araqçınlardan xeyli hündür və bərk materialdan tikilmiş papaqlar qoyar və onun ətrafına parça dolayardılar. Qadınlar kişilərdən fərqli olaraq əmmamənin axırını çənələrinin üstündən gətirərək yaşmaq kimi ağızlarını örtdükdən sonra bağlayardılar. Onu da qeyd etmək lazımdır ki, belə əmmaməyəbənzər qadın baş geyimlərini Azərbaycanın ucqar yerlərində çarşabsız qadınlar geyərdilər, çünki yaşmaq özü burada qadının üzünün aşağı hissəsini bütünlüklə örtərək çarşabı əvəz edirdi. Əlbəttə, çadraya nisbətən belə baş geyimi irəliyə doğru böyük addım idi. Bunda qadın özünü sərbəst hiss edir, işlədiyi vaxt ona heç bir şey mane olmurdu.

Əmmamələr parçasının rənginə, ölçüsünə və başa dolama qaydalarına görə də bir-birindən fərqlənir. Azərbaycanlı din xadimləri əsasən ipəkdən, humayun və batist ağından hazırlanan əmmamə geyirdilər. Özgə millətdən olan əhali müsəlmanlardan fərqlənmək üçün qara, yaxud göy (ermənilər), həmçinin sarı rəngli (yəhudilər) əmmaməyə üstünlük verirdilər. Azərbaycanda ali ruhani zümrələri, eləcə də şah, vəzir və digər saray xadimləri arasında yaşıl əmmamə dəbdə olmuşdur. Hörmətli şəxslər, yəni şairlər, rəssamlar və alimlər başlarına çox böyük və ağ əmmamə qoyardılar. Kişi baş geyimlərinin böyük əksəriyyəti, o cümlədən əmmamə XX əsrin 30-cu illərində istifadədən çıxsa da, bəziləri (dəri papaqlar, baş sarığı, buxara papaq və s.) hələ də xalqın istifadəsindədir.

İslam dininin bərqərar olması ilə əmmamə baş geyimi məişətə daxil olaraq din xadimlərinin baş geyimlərinin mühüm tərkib hissəsinə çevrilmişdir. İslam dininin buyurduğuna əsasən başa əmmamə qoymaq müstəhəbdir və hədislərdə də deyilir ki, əmmamə ərəblərin tacıdır. Əmmamənin itirilməsi və ya oğurlanması onun sahibinin izzətinin itməsi, yox olması anlamına gəlirdi. İslamın təntənəsindən sonra Yaxın Şərq ölkələrində çalma sarımaq, əmmamə bağlamaq dəbə düşmüşdür. Zaman-zaman onun formasında və rəngində dəyişikliklər özünü göstərsə də, mahiyyət etibarilə sabitliyini qoruyub saxlamışdır. Yayılma arealına gəldikdə isə onu qeyd edə bilərik ki, bu baş geyimı müsəlman dininə xidmət edən bütün dünya ölkələrinin ruhani təbəqəsinin sevimli baş geyimi olmuşdur. Ərəb ölkələri, Orta Asiya müsəlmanları, Yaxın və Orta Şərqin bütün müsəlman dövlətlərində əmmamədən istifadə edilmiş, hazırda da istifadə edilməkdədir.