Külah
Nümunənin reyestr kodu : SD0302000009
Külah – XIX-XX əsrin əvvəllərində Azərbaycanda din xadimlərinin və varlıların gündəlik geydikləri baş geyimidir. Külah, əsasən, qalın parçadan tikilir, üzəri naxışlarla bəzədilirdi. O, çox hallarda hündür üçbucaq şəklində biçilib tikilir, dairəvi içlikli olurdu. Biçim üsulu və tikiş texnikasına görə şəbkülahdan fərqlənməyən külahın bəzəkli naxışlarının arasına əski əlifba ilə dördüncü xəlifə Əlinin və başqa din xadimlərinin adları yazılırdı. Bu yazılar hər bir üçbucaq hissənin üzərində yuxarıda iri fonda bir, aşağıda isə nisbətən kiçik fonda üç ədəd olmaqla yan-yana əlvan saplarla naxışlanırdı. Bəzən yaşlı kişilər yatan zaman başlarına “gecəlik” (gecə papağı) və ya “şəbkülah”adlanan qalın tüklü papaq keçirirdilər. Yumşaq quzu dərisindən hazırlanan belə papaq böyük olmayıb, əsasən astarsız olur, nadir hallarda içərisinə pambıq parçadan astar çəkilirdi. Yaşlılara məxsus şəbkülah hündür, gənclərinki isə yastı formada olurdu. Onların da üzərinə müxtəlif rəngli saplardan təsvirlər vurulurdu.
Əsrlər boyu formalaşan xalq adətinə görə, evdə, ailədə, naməhrəm yanında başıaçıq gəzmək qəbahət sayıldığından, hər bir azərbaycanlı kişi və ya qadın yataqda da başıaçıq olmazdı. Kişi baş geyimi olan şəbkülah (təskülah) bahalı parçadan hazırlanır, üzəri tikmə naxışlarla bəzədilirdi. Dörd ayrıca üçbucaqşəkilli hissələrdən biçilən şəbkülahı, bu hissələri tərs üzünə tikib astar çəkərək avand üzünə çevirməklə hasilə gətirirdilər.
Külah baş geyimi hazırlandığı materialın növünə (keçə, qalın parça, dəri, zərif ipək parça, xəz, tirmə, bez və s.), formasına (konusvari, üçbucaqlı, yastı təpəlikli, oval), eləcə də bəzək-naxış elementlərinin müxtəlifliyinə görə təsnif edilir.
Farsca “papaq” mənasını verən külah oğuzlar arasında hələ ilk orta əsrlərdən məlum idi. Kəndlilər, şəhər yoxsulları “külah-namad” adlanan oval formalı keçə külah, orta və yuxarı zümrələr isə konusvari formalı hündür külah geyirdilər. “Kitabi-Dədə Qorqud” dastanlarında kişi baş geyimi kimi külah haqqında qeyd olunur ki, “...altı ögəc dərisindən külah etsə, qulaqlarını örtməyən... Qazan bəyin dayısı At ağuzlu Aruz qoca çapar yetdi”. Bu mənbədən məlum olur ki, oğuz bəylərinin külahı qoyun dərisindən, xüsusilə erkək qoç (ögəc) dərisindən tikilirmiş. XIII əsrin əvvəllərinə aid naməlum bir coğrafiyaçının yazdığı “Əcaib-əd-dünya” əsərində isə Gəncə şəhəri və onun ətrafında cavanların əksər hissəsinin başlarına “bətlə”, yəni keçə papaq (külah) qoyduğu qeyd edilir.
Külah tipli konusvari baş geyiminə Təbriz miniatür məktəbinə aid nümunələrdə də tez-tez təsadüf olunur. Əsilzadələrin təsvirlərində külahın ətrafına çalma sarındığı görünür. 1370-ci ildə Təbrizdə çəkilmiş “Zal ovda” miniatüründə Zalın başında tirmə əmmamə vardır. Ağ rəngli əmmamə qırmızı rəngli külahın üstündən sarınmışdır. Nizaminin “Xosrov və Şirin” əsərinə 1405-1410-cu illərdə Təbrizdə çəkilmiş “Şapur Fərhadı Şirinin yanına aparır” miniatüründə təsvir edilmiş kişilərin də başında külahın üstündən sarınmış əmmamə vardır. Qeyd edək ki, XIX-XX əsrin əvvəllərində də ruhani zümrəsi bu ənənəni davam etdirmiş, onlar da başa külah geydikdən sonra üstündən xüsusi əndazə ilə əmmamə sarımışlar. Çox güman ki, XVI əsrdə külah tipli baş geyimi ölkədə geniş yayılmışdır. “Gənc şahın yaylaqda istirahəti” və “Çövkan oyunu” miniatürlərində təsvir edilmiş kişilərin başında qızılbaş papağı ilə yanaşı, kənarları xəzli külah da təsvir edilmişdir.
Vaxtilə Qarabağ xanının papağı olmuş və qalın parçadan tikilmiş gözəl bir külah hazırda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Son zamanlaradək bəzi etnoqrafik bölgələrdə, xüsusən Abşeronda “təskülah” və “şəbkülah” adları ilə tanınan kişi baş geyimləri hələ də dəbdə olmuşdur. Külah baş geyimi vaxtilə bir sıra Yaxın Şərq ölkələrində, eləcə də Orta Asiyada özbəklər arasında geniş yayılmışdır.