AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nəleyin

Nümunənin reyestr kodu : SD0301000012

Keçmişdə Azərbaycan qadınlarının istifadəsində olan ayaqqabılar ev şəraitində geyilən və bayırlıq (şəhər-bazar, bayramlıq) ayaqqabılar olmaqla iki qrupa ayrılırdı. Bayırlıq (şəhər-bazar, bayramlıq) ayaqqabılara başmaq, çust, qadın çarığı, uzunboğaz çəkmə, quşkeçən; ev şəraitində geyilən ayaqqabılara isə kəlik, şətəl, çəkələk, məst, sürütmə, şap-şap və s. aid idi. Ev şəraitində geyilən ayaqqabılar içərisində nəleyinin (nəleyin - ərəbcədən tərcümədə “iki nal” mənasını verir) də xüsusi yeri vardı. Onu, eləcə də dübəndi, qondara və s. ayaqqabı növlərini xırda əmtəə istehsalı səciyyəsi daşıyan başmaqçı dükanlarında biçib-tikirdilər.

Nəleyin həm ölçüsünə, həm rənginə, həm bəzək-naxış əndazəsinə, həm də material seçiminə görə bir-birindən fərqlənirdi. Bir qayda olaraq, nəleyini yaxşı aşılanmış yumşaq dəridən (qırmızı, sarı, yaşıl, bənövşəyi rəngli tumacdan, qara rənglü müşküdən, nazık müşənbədən, qara və yaşıl sağrıdan və s.), eləcə də məxmər, xara kimi qalın parçalardan hasilə gətirərdilər. Biçim tərzi etibarilə başmağa bənzəyən, lakin başmaq və digər ayaqqabı növlərindən fərqli olan nəleyinin dabanı yastı olub, ev işləri görərkən daha rahat hesab edlirdi. O da başmaq kimi dabanı açıq ayaqqabı növü olub, başmaqda olduğu kimi burun hissəsi yuxarıya doğru buynuz şəklində qatlanmış tikilirdi. Xüsusilə varlı qadınlarının, rəqqasələrin və gəlin köçəcək qızların geyim dəstində vacib element olan nəleyinlər xüsusi əndazə ilə, olduqca zərif tikişlərlə işlənir, müxtəlif səciyyəli naxışlarla bəzədilir, içərisinə gümüşdən naxışlı döşəmə salınırdı. Orta əsr Azərbaycan geyimlərini miniatür sənəti nümunələri əsasında tədqiq edən S.Y.Sadıxova mənbələrə istinadən yazır ki, cəngi adlanan rəqqasələrin libasları ipəkdən, şifondan (qaz-qazı, tül) tikilirdi. Onların ayaqqabısı zərif aşılanmış dəridən hazırlanan alt başmaqdan (məst) və üst başmaqdan – nəleyindən ibarət olurdu. Nəleyin çox da hündür olmayan dabanlı tikilir, əksər hallarda qırmızı tumacdan, bəzən də xara adlı ipək parçadan sifariş verilir, üzərinə baftadan bəzək vurulur, dikburun olurdu.

Qadın ayaqqabısı – nəleyin biçim üsuluna görə başmaqla eynilik təşkil etsə sə, ev şəraitində geyildiyinə, dabanının alçaq olmasına, yumşaq aşılanmış dəridən tikilməsinə görə başmaqdan fərqlənirdi. Azərbaycanda qadınların istifadə etdiyi nəleyinlər dəridən (tumac, müşkü, sağrı, müşənbə) və parçadan (məxmər, xara) hasilə gətirilməsinə görə iki dəstdə qruplaşdırılırdı.

Ibtidai insanlar dəridən (göndən) müxtəlif biçimli və formalı geyimlər hazırladıqları kimi, çox güman ki, ayaqqabı da hazırlamışlar. Lakin təəssüflər olsun ki, dəri (gön) torpaqda qalıb çürüdüyündən, ondan hazırlanan ayaqqabılar zəmanəmizə gəlib çatmamışdır. Ancaq Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan və miladdan əvvəl XI-VIII əsrlərə aid edilən gil ayaqqabı-qablar XIX əsrdə xalqın istifadəsində olan başmaq, nəleyin və digər ayaqqabılarla tipoloji oxşarlıq təşkil etdiyindən, bu ayaqqabı növlərinin istifadə tarixinin qədimliyini əyani sübut etmədədir. Zənnimizcə, dəridən hazırlanan nəleyin tipli qadın ayaqqabısı aşılanmış dəridən istifadə edilməsi ilə eyni tarixi dövrə (Son Tunc dövrünə – miladdan əvvəl II minilliyin sonlarına), ipək parçadan hazırlanan nəleyin isə bu ipək məmulatlarının (məxmər, xara) yayıldığı erkən orta əsrlərə təsadüf edir. Orta əsrlərin miniatür sənəti nümunələrində varlı qadınlara məxsus nəleyinlərə tez-tez rast gəlmək olur. XVIII əsrdə nisbətən varlı qadınlarda nəleyinin içərisi dabandan tutmuş pəncəyə qədər naxışlarla bəzənmiş gümüş parçası ilə örtülərdi. Respublikamızın bir çox muzeylərində saxlanılan belə nəleyinlər XIX əsrdə də qadın ayaq geyimləri dəstində mühüm yer tutmuş, XX əsrin 40-50-ci illərindən başlayaraq tədricən məişətdən çıxmışdır. Yayılma arealına gəldikdə isə, nəleyin Azərbaycandan başqa, bir çox müsəlman ölkələrində, Yaxın Şərq, Orta Asiya və Qafqaz xalqlarının məişətində də geniş istifadədə olmuşdur.