AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Atlaz

Nümunənin reyestr kodu : SD0401010002

Atlaz hamar, parlaq səthli, sıx toxunmuş ipək və ya yarımipək parça növü idi. İpək və pambıq saplardan toxunmuş atlazın hamar üzündə ipək saplar daha çox olurdu. Pambıq saplardan toxunmuş atlaz parçaya parlaqlıq vermək üçün onu mersepizasiya (məmulatın yumşaldılması və parlaqlıq verilməsi üçün qələvi ilə işlənməsi) prosesindən keçirirdilər. Atlazdan qadın paltarı, ayaqqabı üzü tikilir, habelə pərdəlik və üzlük material kimi istifadə olunurdu. Uzatma (çillə) düzümünün sıxlığına görə atlaz yalnız kimxadan geri qalırdı. Bu mənada o, ən sıx toxunuşlu ipək parçalardan biri sayılırdı. Digər ipək parçaların toxuma texnikasından fərqli olaraq, atlaz toxumasının çarpazları hər dəfə 7 tay uzatmadan (çillə tayından) bir olmaqla “ağız” açır və ara ipəyi onların arasına düşürdü. Elə bu səbəbdən də çillə və ara ipəyinin çarpazları seyrək düşdüyündən onun səthi hamar alınırdı. Onun adı da buradan, ərəbcə “hamar” mənasını bildirən “atlaz” sözündən göturulmuşdur. Bir çox hallarda atlaz parçaların üzərində, yüksək bədii stildə, şəriətin qəbul eləmədiyi çoxfiqurlu insan rəsmlərinə də təsadüf etmək olurdu. Hətta atlaz üzərində güləbətin sapla müxtəlif motivli tikmə nümunələri hazırlanırdı. Həmin tikmələrin ölçülərindən (böyük, orta və kiçik) asılı olaraq, atlazın keyfiyyətində və qiymətində fərq nəzərə çarpırdı.

İstehsal texnikasına, emal edildiyi məkana və bəzək-nəqş xüsusiyyətlərinə görə, vaxtilə atlazın nəbati və həndəsi motivli bəzək ünsürlərinə malik çox zəngin çeşidləri toxunmuşdur. Onlardan “hamar atlaz”, “bəzəkli atlaz”, “qızılı tikməli atlaz”, “aksamitli” (məxmər kimi xovlu) atlaz və s. parçaların adlarına rus arxiv sənədlərində tez-tez rast gəlmək olardı. İstehsal məkanına görə Türk və Çin atlazları ilə yanaşı, Təbriz və Qızılbaş atlazlarının da adı mənbələrdə xatırlanırdı.

Orta əsrlərdə Azərbaycanda xam ipəkdən güləbətinsiz toxunan ipək parçaların çox geniş çeşidi (atlaz, tafta, darayı, məxmər, kisəyi, fitə, qanovuz, alaca və s.) yaranmışdır. Bunların hər birinin də özünə məxsus toxuma texnikası, rəng və bəzək-nəqş xüsusiyyətləri mövcud olmuşdur. Güləbətinsiz parça növlərinin hamısı istehsal texnikası baxımından taftasayağı toxunmuşdur. İnkişaf etmiş feodalizm dövrünün yüksək keyfiyyətli ipək parçaları arasında atlaz spesifik toxuma texnikasına görə, xüsusi yer tutmuşdur. XII-XIII əsrlərdə Azərbaycanda atlaz istehsalının mühüm mərkəzləri Təbriz və Gəncə şəhərləri olmuşdur. Aparılan tədqiqatlar göstərir ki, artıq XII-XIII əsrlərdə Azərbaycanın ayrı-ayrı sənət-ticarət mərkəzləri bu və ya digər parça və geyim növünün hazırlanmasında, bir növ, ixtisaslaşmışdı. Belə ki, Gəncədə zərlə işlənmiş atlas və diba kimi ipək parçalar, eləcə də sadə ipək parçalar, Beyləqanda “kəzzkaşidə” adlanan ipək parça, Ərdəbildə “camə” adlandırılan qara rəngli zərif parça, Сəlmas və Xoyda diba, nazik kətan paltar, Bərdədə ipək parça, habelə Naxçıvanda məşhur çuxalar, Təbrizdə atlasdan kişi üst geyimləri, Gəncədə yun paltarlar hazırlanırdı. Monqol işğalından sonra da Təbriz şəhəri Şamaxı ilə yanaşı, atlaz toxuculuğunun ən qabaqcıl mərkəzlərindən biri olaraq qalırdı. XVI-XVII əsr mənbələrində atlaz istehsalının mühüm mərkəzləri sırasında Çin, Türkiyə, Bursa, Yəzd ilə yanaşı, tez-tez Təbriz və Şamaxının da adı çəkilir. Tarixçi M.X.Heydərov XVII əsr Azərbaycan şəhərlərinin sənət istehsalından bəhs edərkən etibarlı mənbələrə əsaslanaraq atlaz parçaların ən çox Təbriz və Şamaxıda toxunduğunu, Rusiya və başqa ölkələrə ixrac olunduğunu qeyd edirdi. XVIII əsrin ikinci yarısında Azərbaycanda atlaz parçaların istehsalı və ixracı azalmış, yalnız Cənubi Azərbaycan şəhərlərində istehsal edilən atlaz parça məhdud miqdarda Cənubi Qafqaza gətirilmişdir. Atlaz parçanın ən çox istehsal olunduğu dövr XIX əsr olmuşdur. Yenə də Təbriz, Şamaxı, Şəki və Gəncə atlaz parça toxuculuğunda üstünlüyünü saxlamışdır. Sonralar fabrik məhsullarının məişətə sürətlə daxil olması ənənəvi ipək parça toxuculuğunu, o cümlədən də atlaz parça toxuculuğunu tənəzzülə uğratmışdır.