AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Baharı

Nümunənin reyestr kodu : SD0304000001

İstər mövcud, istərsə də etnoqrafik materialların araşdırılmasından aydın olur ki, zıvını da daxil olmaqla, arxalıq, nimtənə, ləbbadə (lavada) və küləcə kimi qadın üst geyimlərinin biçimlənməsində, xüsusi geyim növü kimi ayrılmasında “çəpkən” mühüm rol oynamışdır. Başqa sözlə desək, Azərbaycanın Şəki, Bakı, Şamaxı, Naxçıvan, İrəvan, Lənkəran, Gəncə, Qərb, Şuşa və b. bölgələrində geyilən qadın üst geyimləri birbaşa çəpkənin sələfləridir. Bel, qol və yaxa kəsiklərinin, ətək düzümünün tərtiblənməsindəki fərqlər nəzərə alınmazsa, biçim tərzi, tikiş üslubu, rəng seçimi və bədənə kip oturması ilə bu geyimlər, demək olar ki, eyniyyət təşkil edir. Onlardan biri də baharıdır.

Baharı adlanan üst geyim tipi ənənəvi qadın geyim kompleksinin tərkib hissəsi olmuşdur. Baharı Azərbaycanın Gəncəbasar, Naxçıvan, Borçalı, Şirvan və Qərb bölgələrində qadın geyim dəstinin mühüm tərkib hissəsini təşkil edən küləcənin Gəncə-Qarabağ, Lənkəran-Astara, Bakı və b. bölgələrində yayılan bir variantıdır. Biçim üsuluna və tikiş texnikasına görə küləcə ilə eyni olan baharı bəzən yaxa kəsiyinin quruluşuna (düzbucaqlı və oval), qol kəsiyinə (adətən, yarımqol oluqdu) və ətək biçiminə görə (ətək küləcədən qısa, arxalıqdan isə uzun olurdu) fərqlənirdi. Astarlı və sırıqlı olan baharı bahalı parçalardan (məxmər, tirmə və s.) hazırlanır, yaxası boybəboy açıq biçilir, ətək yanları, yaxa və qol kəsikləri küləcədə olduğu kimi bəzədilirdi. Baharının bu xüsusiyyətlərini sənətşünaslıq üzrə mütəxəssis S.S.Dünyamalıyeva da təsdiq edir: ”Baharı çox bəzəkli üst geyimidir. Məxmərdən tikilən astarlı baharının yaxası açıq, çəpkən yaxası kimi olub, qolu qısa tikilirdi. Ətəyi arxalıq ətəyi kimi əlavə tikilirdi, amma uzunluğu və tikiş texnologiyası ilə fərqlənirdi. Yaxa, ətək, qol ağzı, cib, yan tikiş, bel kəsiyi boyunca tikmələrlə bəzədilirdi. Çəpkəndə olduğu kimi astar tikilməzdən əvvəl münasib parçadan bütün tikişlər boyunca 1 sm enində köbə verilirdi. Nisbətən sadə tikilmiş baharıda tikmələr köbə ilə əvəz edilirdi. Yan tikiş qol altından belə qədər şaquli xətlə deyil, qol altından başlayaraq çiyindən belə qədər maili tikilirdi. Baharıda, adətən, qızılı tikmə texnologiyasından istifadə edilirdi”. Etnoqraf A.N.Mustafayev isə qeyd edir ki, “baharı, əsasən, sərin havalarda geyilən, sırıqlı və astarlı çiyin geyimi olmuşdur. Belə qədər bədənə kip tikilən baharıya, adətən, beldən aşağı zərif qırçınlı uzun “ətək” əlavə olunurdu. Baharının qolu dirsəkdən yuxarı olub, yaxası “açıq” biçilirdi. Baharı ən çox Qarabağ, Bakı və Lənkəranda geniş yayılmışdı. Lənkəran qadınlarının baharısı biçim etibarı ilə Bakı qadınlarına məxsus “don”u xatırladırdı”.

AMEA Azərbaycan Tarixi Muzeyinin fond materialları içərisində Qarabağa məxsus baharı (EF-2053) geyim kolleksiyasının nadir inciləri sırasına daxildir. Baharı tünd qırmızı rəngli məxmər parçadan, bel və ətək hissədən ibarət olaraq tikilmişdir. 45 sm uzunluğa malik ətək hissə büzməlidir. Dirsəyə qədər tikilmiş qolu düz biçilmiş, qoltuqaltı açıq saxlanmışdır. Hər iki yandan kəsmə cib qoyulmuşdur. Bel və ətək hissədən ibarət olan geyimin yaxa kəsiyi boybəboy, ətəyi, cib və qol ağzı tirmə parçadan qıyqacı köbəyə tutulmuşdur. Geyimə xüsusi gözəllik verən onun zəngin bəzəklə tərtiblənməsidir. Bu məqsədlə güləbətin, məlilə və pilək tikmə üsullarından istifadə olunmuşdur. Haşiyənin kənarına sərmə-bafta tikilmişdir. İncə zövqə, misilsiz sənət qabiliyyətinə məxsus sənətkar yaradıcılığının bəhrəsi olan tikmələr nəticəsində geyim heyrətamiz gözəlliyə qovuşmuşdur. Azərbaycanın milli ornamenti olan butadan geniş istifadə olunması geyimin milli koloritini daha da zənginləşdirmişdir. Adətən üst geyimlərinin ön hissəsinə bəzək vurulurdusa, təqdim olunan baharının kürək hissəsinə də güləbətin sapla gül təsviri salınmışdır. Geyimin dəyərini artıran cəhətlərdən biri də onun əllə tikilməsidir. Bu geyim XIX əsrə aiddir.

Baharının qadın geyim dəstində nə vaxtdan yer tutması dəqiq məlum deyildir. Çəpkən və nimtənə kimi üst qadın geyim tiplərinin sələfi olmaq etibarilə baharı, güman ki, XII-XIII əsrlərdən başlayaraq qadın geyim dəstinə əlavə olunmuşdur. Yayılma arealına gəldikdə isə, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın Gəncəbasar, Naxçıvan, Borçalı, Şirvan və Qərb bölgələrində, xüsusilə də Qarabağ, Bakı və Lənkəranda geniş yayılmışdı.