AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kətan parça

Nümunənin reyestr kodu : SD0401020001

Ənənəvi parça toxuculuğunun əsas sahələrindən birini də kətan parça istehsalı təşkil etmişdir. Qədim tarixə malik olan bəsit burma, eşmə və hörmə vərdişləri sahəsində əldə edilən ilk əməli təcrübə sonralar əyirmə üsulunun yaranmasına və bu zəmin əsasında geyim və digər məişət vasitələri üçün zəruri olan parça toxuculuğunun meydana gəlməsinə səbəb olmuşdur. Toxuma texnikasının tədricən təkmilləşib inkişaf etməsi bol ehtiyata malik olan lifli bitkilərdən səmərəli şəkildə istifadə olunmasını zəruri etmişdir. Toxuculuğun başlıca xammalı olan ip (sap) əyirmək üçün o zamana qədər bəlli olan lifli bitkilər arasında ən önəmlisi kətan (kənaf) olmuşdur. Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif adlarla (kəndir, çətənə, vic, sigəzi və s.) bəlli olan bu lifli bitkinin istehsal xassələrinin mənimsənilməsi, xüsusilə onun saplağını təşkil edən elastik və zərif liflərin cecədən ayrılıb təmizlənməsi yollarının tapılması kətan parça toxuculuğunun meydana gəlməsi üçün zəmin yaratmışdır. Quba qəzasında kəndir lifindən əyirilmiş sapdan “sigəzi” adlanan kobud kətan parça növü toxunmaqdan əlavə, ev məişətində gərək olan bir sıra zəruri məişət və təsərrüfat ləvazimatı (kəndir, çidar, cilov, çatı, ciyə, təlis, xaral, çuval, xurcun, balıq və quş toru və s.) hazırlandığı etnoqrafik ədəbiyyatda öz əksini tapmışdır.

Kətan (kəndir) sap istehsalında tətbiq olunan əmək alətlərinin böyük bir qismi Azərbaycanın cənub-şərq və şimal-şərq bölgələrində XIX əsr və XX əsrin əvvəllərinədək qalmaqda idi. Lənkəran-Astara bölgəsində talış dilində “vic” və ya “vış” adlanan kətan (kəndir) lifi “vişo” adlanan xüsusi lifləyici dəzgah vasitəsilə hazırlanırdı. Bunun üçün kətan dəstələrini vışonun çənəsi arasına salıb döyəcləməklə, əzişdirir və onların saplaqlarını cülədən ayırırdılar. Sonra kətanın saplağının özəyini təşkil edən cülə qırıntılarını liflərdən tamam təmizləmək üçün onları miz üzərində “lato” adlanan taxta bıçaq (cüləkeş, sıyırğac) vasitəsilə təkrar-təkrar sıyırırdılar. Liflərin uzun və qısasını bir-birindən ayırmaq üçün çox vaxt kəndir lifi daraq vasitəsilə daranırdı. Darama prosesi zamanı liflər həm də cülə qırıntılarından təmizlənir və “əlçim” adlanan xalis piltə halına düşürdü. Əlçimlənmiş kətan piltəsindən əl iyi və ya cəhrə vasitəsilə “kec”, yaxud “kej” adlanan zərif kətan sapı hasil olunurdu. Kej həm tikiş, həm də parça, palaz, xaral, kisə, süfrə və s. toxuma məqsədilə istifadə olunurdu. Bir qayda olaraq, vicin (kəndir lifinin) daraqda qalan kilkəsindən “ciyə” adlanan yoğun ip (kəndir) əyirilirdi. Kilkə piltələrindən talışların “lanqa” adlandırdığı dördpərli əyircək vasitəsilə ciyə hasil edilirdi. Qədim tarixə malik olan lanqanın qolları bir-birinə keçiriləndən sonra ox vasitəsilə ortadan birləşdirilirdi. Oxun ucuna bərkidilmiş qarmağa bənd edilən ciyəni burub eşməklə, kec (keş), yəni kəndir ipi hasil edilirdi. Kətan parça texniki göstəricilərinə görə pambıqdan toxunan parçalara nisbətən möhkəmliyi və davamlılığı ilə həmişə üstün tutulmuşdur. Bu səbəbdən də kətan parçadan daha çox köynək tikilməsində istifadə olunmuşdur.

Kətan parça çeşidlərinə (qaba-kobud və zərif) görə iki tipoloji qrupda təsnif olunurdu.

Kətan ən qədim texniki bitkilərdən biridir. O, Qafqazın bir sıra yerlərində çox qədimdən bitmiş və toxuculuqda istifadə edilmişdir. Azərbaycanda kətan istehsalı X əsrdən etibarən pambıq parça istehsalının artması ilə əlaqədar əhəmiyyətli dərəcədə azalsa da, tamam aradan çıxmamışdır. X əsr ərəb müəllifi Əl-İstəxri “Kitab məsalik əl-Mamalik” (“Məmləkətin yolları kitabı”) əsərində Əl-Babdan (Dərbənddən) kətan parçalar ixrac edildiyini, Arran, Ərməniyyə və Azərbaycandan başqa, heç yerdə kətan paltarlar hazırlanmadığını yazırdı. Dərbənddə kətan paltarlar tikildiyini XIII əsr müəllifi Yaqut əl Həməvi də təsdiq etmişdir. XVIII əsrin sonlarına aid başqa bir mənbədə kətan bitkisinin az miqdarda Qazax və Şəmşəddin sultanlıqlarında da becərildiyi xəbər verilir. XIX əsrin əvvəllərində Şamaxı xanlığının Kalaxanı kəndində 3 nəfər, Talış və Cəyirli kəndlərinin hər birində 1 nəfər, Şamaxı şəhərinin özündə isə 29 nəfər kətan parça toxumaqla məşğul olmuşdur. XIX əsrin əvvəllərində Quba əyalətinin Tip mahalına daxil olan Küpçal, Üçkün və Qəçrəş kəndlərində kətan bitkisinin əkilib becərildiyi və bundan 200 pud kəndir lifi hasil olduğu xəbər verilirdi. XIX əsrin ikinci yarısında Azərbaycanda kətançılıq məhdud miqdarda da olsa, fərdi kəndli təsərrüfatlarında davam etdirilmişdir.