Boxça
Nümunənin reyestr kodu : SD0601000006
Keçmişdə gəlin köçməyə hazırlaşan subay qızların, gəlinlərin, hətta ana və nənələrin də paltar boxçası olurdu. Paltar boxçası göz oxşayan əlvan parçalardan (kimxa, tirmə, məxmər və s.) kvadrat şəkilində biçilərək tikilir, içərisinə hər bir qadının xeyir-şər (toyluq-bayramlıq, şəhər-bazar) paltarları yığılır, boxçanın “qulaqları” dioqanal üzrə qarşı-qarşıya gətirilərək bir-birinə düyünlənirdi. Belə boxçanı parça materialı əldə edən hər bir qadın özü hazırlaya bilirdi.
Bir qayda olaraq boxçaların əksəriyyəti qurama üsulu ilə hasilə gətirilirdi ki, onu hazırlayan hər kəs bütün yaradıcılıq qabiliyyətini ortaya qoyur, boxçanın əlvan naxışlı olmasına ciddi səy göstərirdi. Keçmişdə yerüstü tikilən evlərin daxili səhmanındakı məişət elementlərindən olan taxça məhz gündəlikdə işlədilməyən ev avadanlıqlarının, qiymətli şeylərin, qadın zinətlərinin, içərisinə xeyir-şər libasları qoyulan və bahalı parçalardan hazırlanan paltar boxçasının (Naxçıvanda ona “paltar çarşovu” deyirdilər) saxlanılması üçün nəzərdə tutulurdu.
Milli Azərbaycan Tarixi Muzeyində xeyli miqdarda paltar boxçası nümunələri (EF-1441, 8422, 6543, 8701, 4287, 3169, 1663, 5954, 3560 və s.) qorunub saxlanılmaqdadır. Onlarla yaxından tanış olduqda formasını, tikilmə üsulunu, bəzəklərini, hətta parça materialının rəngini belə görmək olur. Kvadratşəkilli biçilib tikilmiş bir paltar boxçası qırmızı, yaşıl, göy və sarı rəngli parçalardan qurama üsulu ilə hasilə gətirilmişdir. Kənarlarının iki ucuna göy rəngli, digər iki ucuna isə sarı və qırmızı zolaqlı qurama salınmışdır. Bu quramaların arasında qalan hissə düzbucaqlı qırmızı parçadan seçilmişdir. Paltar boxçasının orta hissəsi isə kvadratşəkilli yaşıl ipəkdəndir. Digər bir boxçanın (EF-4619) üzəri tünd göy və sarı rəngli parçalardan qurama üsulu ilə tikilmişdir. Onun mərkəz hissəsi kvadratşəkilli göy parçadandır. Dörd küncü də xırda kvadratşəkilli göy parçadan qurulmuşdur. Bu kvadratların arasına isə düzbucaqlı dörd ədəd parça dilimi yerləşdirilmişdir. Boxçanın kənarları boyunca eşilmiş qaytanabənzər köbə tutulmuşdur. Muzeydə digər bir maraqlı paltar boxçası da qorunub saxlanmaqdadır (EF-8980). Sarı-qızılı və göy rəngli parçadan qurama üsulu ilə tikilmiş bu boxçanın digər boxçalardan fərqləndirən cəhət kənarlarına köbə deyil, müxtəlif rəngli parçalardan xırda üçbucaqşəkilli qurama qıraqlıq əlavə olunmasıdır. Muzeydə mühafizə olunan paltar boxçaları ilə tanışlıq göstərir ki, onların böyük əksəriyyəti, dekorativ-tətbiqi sənət yaradıcılığının bir sahəsi olan qurama üsulunda hasilə gətirilmişdir ki, bu da məmulatın zahiri görkəminə göz oxşayan ayrıca bir gözəllik bəxş etmişdir. Üstü buta güllü, şaftalı çiçək parçadan tikilmiş başqa bir boxçanın (EF-9002) kənarlarına sarı rəngli parçadan köbə verilmişdir. Paltar boxçası maldar elatları bütün köç yolu boyu müşayiət etmiş, gəlin cehizliyinin tərkibinə daxil edilmiş, ana-nənələrimizin əziz saxlancını qoruyub saxladığı etibarlı saxlanc yeri olmuşdur.
Paltar boxçaları parça materialına, üstündəki quramaların zənginliyinə, əlvan rəng çalarına malik olmasına, ölçülərinə və s. görə bir-birindən seçilmişlər. Bu baxımdan da varlı və ya maddi imkanı aşağı olan qadınların paltar boxçası fərqlənmişdir.
Boxçanın zəruri məişət ləvazimatı kimi nə vaxtdan istifadə edildiyi məlum deyildir. Ancaq keçmişdə əhali istehsal etdiyi əkinçilik, heyvandarlıq məhsullarının bir qismini digər zəruri məişət avadanlıqlarına dəyişmək və ya satmaq üçün, adətən, həftəbazarına çıxarırdı. Əldə daşınan belə yükləri “bağlama” vasitəsilə uzaq məsafələrə aparmaq mümkün idi. Bunun üçün onları 1,5 m x 1 m ölçüdə parçanın arasına qoyur, parçanın diaqonal üzrə “qulaqlarını” çəkərək bir-birinə bağlayır və əllərinə götürürdülər. İçərisinə heyvandarlıq məhsulları yığılmış motal, dağarcıq, eymə, tuluq, qarın, cılğı və s. yükləri daşımaq üçün bu qayda ilə bağlama etmək və ya belə sarımaq sərfəli idi. Heç şübhəsiz ki, boxça da elə bağlamadan nəşət etmişdir. Ancaq boxça artıq yükdaşıma vasitəsi kimi deyil, zəruri şeyləri saxlanc ləvazimatı kimi istifadə edilmişdir.
-
Azərbaycan tikmələri
Gülzadə Abdulova
-
Гурама как разновидность декоративного искусства
Афет Рустамбекова
- Tərtibçi və biblioqrafiya