AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Küləcə

Nümunənin reyestr kodu : SD0304000012

Qadın üst geyimləri arasında çəpkənlə tipoloji oxşarlıq təşkil edən, ancaq qolunun biçiminə və ətəyinin uzunluğuna görə ondan fərqlənən küləcə Azərbaycan qadınlarının bayramlıq geyim dəstinin mühüm tərkib hissəsi olmuşdur. Onu varlılar tirmə şal, xara, zərxara, darayı, qanovuz, atlas, məxmər, taftadan, yoxsullar isə ucuz pambıq parçalardan astarlı tikdirirdilər. Küləcənin yaxa kəsiyi oval formada biçilir, yaxası boyaboy açıq olur və qolları, bir qayda olaraq, düzdəmə tikilərək ensiz bilərziklə tamamlanırdı. Bəzən bilərziksiz (məcəsiz) tikilən küləcə qollarının ağzına zərli saplarla “qıyı” tikilirdi. Ətəyinə gəldikdə isə, çərkəzidən fərqli olaraq, ətək xeyli uzun tikilir, dizə qədər bədəni örtürdü. İki qabaq (döş), bir arxa (kürək), iki qol və ətəkdən ibarət biçilən küləcə, ayrı-ayrı hissələrin bir-birinə tikilməsi ilə hazırlanır, qoltuğunun altına kvadrat formalı yarıq qoyulurdu. Küləcə qurşaq yerində xırda düymə və ya çarpaz vasitəsilə bağlanırdı. Bel nahiyəsinə qədər bədəni kip tutan küləcənin uzun ətəyi gövdəyə büzmə edilərək birləşdirildiyindən, çox vaxt əhali arasında ona “büzmə” də deyilirdi.

Küləcənin bəzək elementləri olduqca zəngin idi. İmkanlı qadınlar üst tumanın ətək bəzəkləri ilə küləcənin bəzək elementlərinin həmahəng olmasına xüsusi diqqət verirdilər. Küləcənin yaxası, bel kəsikləri, ətəyi, qollarının ağzı, tikmə sənətinin o dövr üçün son nailiyyəti hesab olunan güləbətin, muncuqlu pilək, məlilə tikmə, zəncirə, bafta, zərli tikmə naxış, sərmə, qaragöz, buta, piləkli doldurma və düzmə, örtmə və s. ilə işlənirdi. Bəzək elementlərinin sayının çoxluğunu, əlvanlığını, üstündə baharı xatırladan gül-çiçək təsvirlərinin zənginliyini nəzərə alaraq küləcənin “güllücə” sözündən əmələ gəldiyini söyləmək mümkündür.

Naxçıvan küləcələri qanovuz, zərxara, tirmə, xara və məxmərdən tikilir, yanları və qoltuqlarının altı açıq (xiştəkli) saxlanılırdı. Ətək və yaxa həşyələrini əldə səliqə ilə toxuyub oraya tikirdilər. Bu həşyələrə “zəncirə” deyilirdi. Küləcənin üstündəki güllər badam formasında olduğu üçün ona “badamı küləcə” də deyirdilər. İmkanlılar küləcəyə hər tərəfdə 6 ədəd olmaqla, 12 qızıl düymə qoydururdular ki, bunların da hər birinin ağırlığı 45 qrama çatırdı. Düymələrin üstü oval və naxışlı olurdu. XIX əsrdə Naxçıvanda tikilən küləcələr həm uzun, həm də qısa olurdu və belə qədər düz, ətəyi isə büzməli, yaxud geniş biçilirdi. Ətəyinin formasına görə XIX əsr Naxçıvan küləcələri iki qrupa bölünürdü: Birinci qrupa ətəyi trapes formalı və ön tərəfdən yaxası üst-üstə gələn küləcələr aid idi. Belə küləcələr qısa qollu olurdu və onların yaxası, qollarının ağzı və ətəyi stilistik ağac təsvirləri ilə naxışlanırdı. İkinci qrupa daxil edilən küləcələrin ətəyi ön hissədə, birincidən fərqli olaraq, genişlənmirdi. Uzun qollu belə küləcələrin yaxası, qollarının ağzı və ətəyi zəngin naxışlarla bəzədilirdi.

Keçmişdə küləcə geyim növü qollarının və ətək biçiminin müxtəlifliyinə, üzərindəki təsvirlərin fərqliliyinə, onu geyənin sosial vəziyyətinə və cinsi mənsubiyyətinə uyğun olaraq qruplaşdırılırdı. Adətən, küləcə qadın geyim tipi kimi sabitləşsə də, keçmişdə onu kübar ailələrdə kişilər, xüsusilə gənc oğlanlar da geyinmişlər.

Küləcənin biçim elementləri və forma xüsusiyyətləri Dədə Qorqud dastanlarında adı çəkilən “cübbə” və ya “cübbə-don”u xatırladır. Hər iki geyim növünün kübar qadınlara məxsus olması faktı da onların vahid mənşəyə malik olub, birinin digərindən törədiyini söyləməyə əsas verir. Həm cübbə, həm də küləcə biçim etibarı ilə Dədə Qorqud dastanlarında “qaftan” və ya “ton” adı ilə təqdim edilən üst geyim növünü xatırladır. Qaftan yeni eranın əvvəllərində geniş yayılmış üst geyim tipi olub, genbalaq şalvar ilə birlikdə qədim türklərin dünya geyim mədəniyyətinə verdikləri töhfələrdən biridir. Romalılar, çinlilər və bizanslar həmin geyim tiplərini ilk dəfə onlardan əxz etmişlər. Küləcə tipli geyim növlərinin bənzərlərinə udmurt geyimləri içərisində də təsadüf edilir. Q.F.Miller və P.S.Pallas bu tip geyimlərin pampa tipli, D.Ostrovski bu geyimdə yunan stili olduğunu, V.N.Belitser isə bu geyimin çuvaş tipinə aid olduğunu qeyd edir. Fikrimizcə, bu geyim növü Naxçıvanda, ümumiyyətlə Azərbaycanda yerli geyim olmuşdur. Bütün orta əsrlər boyu geyim dəstində olmuş küləcə Azərbaycanın Gəncəbasar, Borçalı, Naxçıvan, Şirvan, İrəvan və Qərb bölgələrində sevilərək geyilmişdir.