AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Gərdək bəzəyi

Nümunənin reyestr kodu : SD0601000003

Xalqımızın zəngin toy adətləri içərisində maraq doğuranlardan biri gəlin evinin bəzədilməsi, orada gəlinin “üzə çıxmasınadək” oturacağı “gərdək” adlanan xüsusi bir guşənin yaradılması idi. Adətən, tək otaqlı evə gəlin gətirdikdə evi “gərdək pərdəsi” adlanan arakəsmə ilə iki hissəyə bölürdülər. Bütövlükdə gərdək adlanan guşənin bəzəkləri, adətən, gərdəkbaşı, gərdək pərdəsi, gərdək bağı və gərdək torbasından ibarət olurdu. Gərdək bəzəyinin ən vacibi və gözəgəlimlisi gərdəkbaşı hesab olunurdu. O, rəngbərəng parçalardan bucağının biri aşağıya doğru meylli olmaqla, üçbucaq formasında qurama üsulu ilə hazırlanırdı. Gərdəkbaşını, gərdək pərdəsini, gərdək bağını və gərdək torbasını, adətən, gəlin köçəcək qızın anası ən yaraşıqlı və əlvan ipək parçalardan hasilə gətirirdi. Gərdək pərdəsinə bəndlənən və evin interyerinə rövnəq verən gərdəkbaşı xüsusi əndazə ilə biçilib-tikilir, hər bucağının arası rəngli muncuqlar və qotazlarla bəzədilirdi. MATM Etnoqrafiya fondunda 100-ə qədər gərdəkbaşı nümunəsu qorunub saxlanılır. Burada Qarabağa aid olan bir gərdəkbaşı zərxara və məxmər parçadan qurama üsulunda tikilmişdir. Baş hissəsində sarıma qaytan, qara sətindən köbəsi vardır. Orada olan metal halqalara keçirilmiş zəncirli qotaz, eləcə də 9 ədəd xırda və 7 ədəd iri firuzə və mərcanla bəzədilmiş qotaz gərdəkbaşının dekor tərkibini tamamlayır. Gərdəkbaşı hər bir ailənin ən əziz saxlancı, əmanəti kimi nəsildən-nəslə, anadan qızına keçirdi. Gərdəyin qarşısına tutulan gərdək pərdəsi evin enini bağlayan ya bütöv boyaboy parçadan, ya da düzbucaqlı biçilmiş iki parça hissəsindən ibarət olurdu. MATM Etnoqrafiya fondunda saxlanılan və XIX əsrdə Qarabağ bölgəsində istifadə olunmuş bir gərdək pərdəsinin (EF 7656) üz tərəfi qırmızı, özündən gülü olan xaradan, astarı isə qırmızı güllü çitdən tikilmişdir. Pərdə üç yerindən qızıl zəncirlə bəndlənmişdir. Digər bir gərdək pədəsi ortası moruq rəngli, iki yanı qırmızı zərbuta parçadan, astarı qırmızı güllü çitdən, başı zərxara məxmər parçadan olub, üstündən metal həlqələr tikilmiş zərli qotaz asılmışdır. Adətən, gərdəklərə gərdək torbası da əlavə olunurdu. Muzeydə mühafizə olunan gərdək torbaları onların hazırlanma qaydaları haqqında təsəvvür yaratmağa yetərlidir. Həmin torbalardan biri (EF 7113) qırmızı qızıllı parçadan tikilib, yuxarı hissəsinə enli qızılı qaytan bərkidilib. Torba tünd-qırmızı ipək qaytanla bağlanır. Qaytanın aşağılarından güləbətinlə işlənmiş qotazlar asılıb. Torbanın uzunluğu 19,5 sm.-dir. Digər bir gərdək torbası (EF 3909) tünd zoğalı rəngdə məxmərdən ağzı getdikcə daralan formada tikilmişdir. Torbanın yuxarı hissəsi sarı-qızılı ipdən həm toxunma, həm də şəbəkəşəkilli işlənmişdir, şəbəkənin aşağı hissəsində qoyulmuş yuvacıqlara rəng iplərdən bəzək salınmışdır.

Etnoqrafik cəhətdən maraq doğuran məsələlərdən biri gərdək torbasının mühüm əməli əhəmiyyət kəsb etməsidir. Belə ki, hələ “Kitabi-Dədə Qorqud” dastanından üzü bəri oğuz-türk ellərinin göz bəbəyi kimi gözlədiyi, qoruyub saxladığı bir qanun – ərə gedən qızın bakirəliyinin müqəddəsliyi qanunu mövcud olmuşdur. Dastanda Beyrəyin Banuçiçəyə dediyi “düyünün (toyun) qanlı olsun, xan qızı” – ifadəsi də bundan irəli gəlir. Əsrlərdən-əsrlərə qorunaraq günümüzədək gəlib çatan bu ailə-məişət qanununa əsasən ərə gedən qızın bakirəliyi onun “üz ağı” ilə sübut olunurdu. Üz ağı qiymətli xəzinə kimi qorunurdu. Bu məqsədlə də toy gecəsi gərdəyin üstündən “gərdək torbası” asılırdı. Zifaf gecəsi “üz ağı” gərdək torbasına qoyular, sonra yengə tərəfindən oğlanın və qızın anası və yaxın qohumlarına nümayiş olunar, onlara gözaydınlığı verilərdi. Bütün bu gərdək bəzəklərinin üstündə cəmlədiyi gərdək pərdəsi xüsusi əndazə ilə toxunmuş əlvan görünüşlü gərdək bağı ilə evin eninə divarlarına bərkidilirdi.

Gərdək bəzəkləri parça materialına, bəzək-naxış dekoruna, ölçülərinə, quramalarının rəngərəngliyinə və s. görə bir-birindən fərqlənirdi.

Gərdək və onun bəzəyi haqqında ilk tarixi məlumatlar ilkin orta əsrlərə – “Dədə Qorqud” oğuzlarının məskun olub həyat sürdükləri dövrə təsadüf edir. O vaxtdan üzü bəri evlənənlər üçün gərdək qurmaq, onu bəzəmək nəsildən nəslə ötürülərək günümüzədək gəlib çatmışdır. Gərdək qurmaq və bəzəmək Azərbaycanın bütün bölgələri üçün xarakterik olmuşdur. Hazırda da kəndlərimizdə bu ənənə davam etməkdədir.