AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ağlabənd

Nümunənin reyestr kodu : SD0303000012

Libaslara bənd edilən bəzəklərin bir qrupunu da ağlabənd məlumatları: zəncirə, bafta, çapara, hərəmi, qaragöz, sərmə, şəms, şahpəsənd, qotaz, purçüm, pitik təşkil edirdi. Hörmə və toxuma üsulları ilə hazırlanan həmin bəzəklər qadın üst geyimlərinin ətəyinə, qol yarıqlarına, bilək ağzına, belinə, yaxasına bəndlənirdi. Qotaz, pürçüm, pitik isə bəzəkli görünmək üçün tumanbağı, çutqu qaytanı, meyzər bağının uclarına əlavə edilirdi. Üst geyimləri bütün bu bəzək növlərindən əlavə, tikmə üsulu ilə də bəzədilir, yaraşıqlı hala salınırdı. Tikmə bəzəklər, əsasən, müxtəlif rənglərə boyanmış ipək (keci) sap, qızıl və gümüşü tellər, iplik sap, yaxud da güləbətinlə icra olunurdu. Tikmə naxışlar müxtəlif növ bəxyələrlə – qoşasırıq, əyrim-üyrüm, qayçıqulpu, çalkeçir, gəldirgə, görüş, dördtikə, quş caynağı, doldurma və s. tikiş texnikası ilə salınırdı.

Tikmə naxışların geniş yayılmış tipoloji növlərindən biri muncuqlu tikmə idi. Təkbətək, yaxud düzüm halında istifadə olunan rəngbərəng muncuqları müəyyən nəqş motivi üzrə məmulat üzərinə bənd etməklə lazımi bəzək növü əldə edib onu yaraşıqlı hala salırdılar. Muncuqlu tikmə texnikası ilə ən çox qadın başmaqları, pul və tənbəki kisəsi, möhür, daraq, qayçı, sürmə qabı və s. bəzədilirdi. Muncuqlu tikmədən habelə, araqçın, çutqu, düyməçə kimi baş geyimlərinin bəzədilməsində də istifadə edilirdi.

Tikmə naxışlarla keçmişdə bir sıra kişi geyimlərinə də bəzək vurulurdu. Kaval kürkün yaxası, boynu, kürəyi, biləyi və ətəyi, əbanın qabaq qanadlarının ətrafları, qol yeri, yaxa köbəsinin yanları müxtəlif səciyyəli naxışlarla bəzədilirdi. Bunlardan əlavə, qadınlara məxsus çutqu, araqçın, təsək və üst köynəyi də tikmə naxışlarla bəzədilib yaraşıqlı hala salınırdı.

Ağlabənd məmulatlarının hazırlanmasında muncuqlu tikmədən başqa, digər tikmə növlərindən də (güləbətin, təkəlduz, xanduz, zərənduz, yaxud pilək-çaxma, oturtma, örtmə, cümlə tikmələr) geniş istifadə olunurdu. Güləbətin tikmələr hamar və qabarıq olmaqla iki cür hazırlanırdı. Hamar güləbətin tikmə “zəminduz”, qabarıq güləbətin tikmə isə “məlihəduz” adlanırdı. Məlihəduzluqda tikmə növü “örtmə tikiş” üsulu ilə icra olunurdu. Təkəlduz tikmə (burma tikmə) orta əsrlərdə Şəkidə geniş yayılmışdı. Bu tikmə növündə naxışlar “gözmə” və yaxud “doldurma” üsulu ilə icra olunurdu. XIX əsrdə zərənduz tikmə növünü qadın üst geyimlərinin ətək və yaxalarına qaytanla bərabər tətbiq edirdilər. Araşdırıcıların yazdığına görə, zərənduz tikmənin təsvir vasitələrini döymə və basma (qəlibkarlıq) üsulu ilə hazırlanmış müxtəlif naxış formaları təşkil edirdi. Zərənduz tikmə usulu ilə naxış kompozisiyası metal lövhəcikləri müəyyən olunmuş naxış sxemi üzrə parçaya bənd etməklə əldə edilirdi. Üzəri qabarıq naxışlı metal lövhəciklər vəzn etibarı ilə bir qədər “ağır” olduğundan, bu tikmə üsulu üçün məxmər, tirmə, xara və s. parçalar yerlik məqsədilə istifadə edilirdi. Buta, gülbuta, gülbənd və s. şəkilli piləkləri paltar yaxasına düzdükdə ona “düymə”, “həbbaf” da deyilirdi. Keçmişdə qız uşaqlarının geyimləri də rəng əlvanlığı, estetik gözəlliyi, narın tikiş texnologiyası, asma və tikmə bəzəklərin çoxluğu ilə səciyyələnirdi. Bir qayda olaraq, bu geyimlər parlaq rəngli (tünd qırmızı, mavi, çəhrayı, narıncı), əlvan naxışlı bahalı ipək parçalardan tikilir, yaxa kəsiyi, ətək yanları, boynu və qollarının ağzı zərif tikmə bəzəklərlə (ağlabənd naxışları) örtülürdü.

Müxtəlif adlarla (zəncirə, bafta, çapara, hərəmi, qaragöz, sərmə, şəms, şahpəsənd, qotaz, pitik və s.) məlum olan ağlabənd məmulatları tikmə sənətinin öz dövrü üçün xarakterik olan aşağıdakı üsullarında hasilə gətirilirdi: güləbətin, təkəlduz, xanduz, zərənduz, pilək, oturtma və muncuqlu tikmələr.

Tikmə işi əsrlər boyu qadın məşğuliyyəti hesab olunub. Bu sənət xırda əmtəə istehsalı xarakteri daşıyandan sonra onunla kişilər də məşğul olmağa başlamışdır. Tikmə işi haqqında məlumatlara IX-XI əsr ərəb müəlliflərinin əsərlərində, eləcə də klassiklərimiz olan Nizami və Füzuli yaradıcılığında rast gəlmək olur. XIV-XVII əsr Təbriz miniatürlərində təsvir olunan personajların geyimlərində və bəzi məişət əşyalarının üzərində ornamental təsvirli tikmə nümunələrinə də təsadüf olunur.

Ağlabənd məmulatlarının hazırlandığı istehsal mərkəzləri arasında orta əsrlərdə Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Şəki və b. şəhərlər mühüm yer tuturdu. XIX-XX əsrin əvvəllərində Azərbaycanın Şamaxı, Bakı, Naxçıvan, Şəki, Şuşa şəhərlərində ağlabənd məmulatının hazırlanması daha çox olmuş, Gəncə, Lənkəran və Qazaxda isə qismən inkişaf etmişdir.