Yaşmaq
Nümunənin reyestr kodu : SD0302000018
Azərbaycan dilinin izahlı, etimoloji və dialektoloji lüğətlərinin əksəriyyətində yaşmaq sözü – müsəlman qadınlarının yad kişilərdən yaşınmaq üçün üzlərinin gözdən aşağı hissəsini örtdükləri örtü kimi təqdim edilir. Əslində isə, Azərbaycanda nə keçmişdə, nə də müasir dövrdə yaşmaq adlanan xüsusi bir örtü (örtük) mövcud olmamış, qadınlar yaşmaqlanarkən baş örtüklərindən birinin ucu ilə üzlərinə yaşmaq tutmuşlar. Bu mənada, yaşmaq xüsusi bir üz örtüsü kimi deyil, adət kimi zəmanəmizə qədər gəlib çatmışdır.
Tarix boyu Azərbaycan qadınları niqab, rübənd, hicab, duvaq və s. ilə namərhəm kəslərdən üzlərini gizlətmişlər. Bu sadaladıqlarımız geyimi tamamlayan atributlar olsa da, yaşmaq haqqında bunu söyləmək mümkün deyildir. Örtmə (bağlama) baş geyimlərindən kəlağayının, örpəyin və şalın kürəyə atılan ucları adətən yaşmaq rolunu oynamışdır. Məsələn, təsəyin və ya çalmanın üstündən örtülən kəlağayını başa bağlamaq üçün onu diaqonal boyunca qıyqac edər, uclarından birini sinə üstünə sərbəst buraxıb, digər ucunu sərbəst qalan qanadın üstündən kürəyə atardılar. Kəlağayının kürəyə atılan qanadından yaşmaq kimi də istifadə edilərdi. Kəndli qadınlar əsasən baş şalının boyuna dolanan qanadı ilə ağız və burunun ucuna yaşmaq alırdılar. Muğan bölgəsində bu məqsədlə boyuna, dörd qatlanıb dolanan ayrıca şaldan da istifadə edilirdi. XVIII əsrdə qadınlar başlarına qoyduqları əmmaməyə bənzər geyimin axırıncı sarığını çənələrinin üstündən gətirərək yaşmaq kimi ağızlarını örtdükdən sonra bağlayardılar.
Yaşmaq, baş geyiminin növünə (kəlağayı, örpək, şal və s.) və üzü örtmə üsuluna (qıyqacı və ya çəp yaşmaq, düzdəmə yaşmaq) görə fərqləndirilirdi.
Üzə yaşmaq tutmaq adəti İslamdan qabaq meydana gəlsə də, İslamın təsiri ilə daha geniş yayılmışdır. Etnoqrafik ədəbiyyatda “gizlənmə institutu” kimi təqdim olunan yaşınma (yaşmaq salma) adətinin kökləri məşhur etnoqraf M.O.Kosven tərəfindən ikili ailə-nikah münasibətlərinin ilkin dövrünə aid edilir və ataxaqanlığa keçidlə (Eneolit dövrü – miladdan əvvəl VI-IV minillik) əlaqələndirilir. Bu adət dünyanın bir sıra xalqlarında, o cümlədən Qafqaz xalqlarında, türk xalqlarında, Dağlıq Altayda və Azərbaycanda da mövcud olmuşdur. Bu ad (adət) altında həm nişanlı qızın və gəlinin, həm də nişanlı oğlanın bir müddət biri digərinin yaşlı kişi qohumlarından gizlənməsi nəzərdə tutulur. Ümumiyyətlə, qədim dövrlərdə gəlin o zaman oğlan qəbiləsinin tam bərabərhüquqlu üzvü sayıla bilərdi ki, o bu qəbilə üçün uşaq doğsun. Bu dövrdə gəlin qayınatadan, qayınlardan, oğlanın əmisi və dayısından yaşınar (boy gizlədər), bir övladı olandan sonra isə yaşınmazdı. Bəy oğlanın boy gizlətməsi isə toydan 40 gün sonra keçirilən “ayaq açdı” mərasimindən sonra kəsilirdi.
Yaşınma adətinə “Kitabi-Dədə Qorqud” eposunda da rast gəlirik. Qədim oğuzların qız və gəlinləri evdə üzüaçıq gəzərmişlər. Oğuz xanımları yalnız yad kişilərin yanında baş örtüklərinin ucu ilə yaşmaq tutmuşlar. Yaşmaq tutmağın kübar cəmiyyətə məxsus olması belə bir deyimdən də bəlli olur: “Ərə varandan bəri...üzüm yaşmaq görmədi”. Başqa bir boyda deyilir: “Beyrək gəldi, Banıçiçək yaşmaqlandı”. “Ulu xanlar xatunları qas-qas yaşmaqları altından gülüşdülər”. Bu deyimlər təsdiq edir ki, yüksək cəmiyyətin xanımları yad kişi yanında yaşmaq tuturmuşlar.
Sonralar da bütün orta əsrlər boyu davam edən yaşmaq salma (yaşınma) adəti XIX-XX əsrin əvvəllərində kənd məişətinə xas olan həyat tərzi kimi yaşadılmış, müasir dövrümüzdə bəzi bölgələrimizdə az-çox dərəcədə qalmaqdadır. Yaşınma (yaşmaq salma) adəti ailə münasibətlərinin tənzimlənməsində, ailənin möhkəmliyinin qorunmasında, xalq etiketində xüsusi rol oynamışdır. Adət genetik cəhətdən qədim türk xalqlarının ailə münasibətlərinə aid olsa da, bir sıra xalqlarda da ümumi cəhətlərə malik olmuşdur. Yaşmaq (bəzi bölgələrdə: yamşaq) qadın ismətinin saxlanc yeri, üzün namərhəmdən qorunan pərdəsi, təkcə namərhəm adamlardan deyil, kult səviyyəsinə yüksəldilmiş coğrafi varlıqlardan (dağ, daş, ağac və s.) da yaşınma vasitəsi olaraq qadın ləyaqətinin milli müəyyənlik göstəricisi olmuşdur. Təsadüfi deyildir ki, oğuzun gözəl xanımları və qızları Qazılıq dağına (Qafqaz dağına) baxanda həmişə yaşmaqlanmışlar.