Durma ev (Çovustan)
Nümunənin reyestr kodu : DA0202000007
Azərbaycanda yüngül konstruksiyalı çubuq (qarğı, qamış) evlərin birini “durma” adlanan ev tipi təşkil edirdi. Onu iki formada – “qarğı durma” və “kərpic durma” formasında tikirdilər. Qarğı durma sadə quruluşa malik olmaqla, adətən 3,5-4 x7-8 m. ölçüdə tikilirdi. Bunun üçün evin dövrəsi boyunca 1,5-2 m. aralı basdırılmış dirəklərə sıyrıqla 4 yoğun qarğı (özək) köndələn bənd edilir, arası qarğı ilə hörülür, divarları içəridən və çöldən saman qatılmış palçıqla qalın suvanırdı. Ailə üzvlərinin sayından asılı olaraq durma bir və ikigözlü tikilirdi. İctimai inkişafın və inşaat ənənələrinin təkmilləşməsinin sonrakı mərhələlərinə uyğun olan buxarı, yük yeri, zeh (rəf), taxça, dolab kimi divar açırımları qarğı durmada olmurdu. Durmanın dam örtüyü dirəklər üzərində qurulurdu. Dirəklərin haçasına kərən (yoğun tir, mil) atılır, arasına pərdi döşənir, avarla (carcı, heşən, cil və lığ qarışığı) örtülərək torpaqlanırdı. Dam örtüyündə maililik yaratmaq üçün orta dirəklər (ana dirəklər) kənar dirəklərə (harma və yaxud пota dirəklər) nisbətən hündür qoyulurdu.
Kərpic durma ev qarğı durmanın təkmilləşmiş forması kimi meydana çıxmışdır. Əvvəllər evi qızdırmaq və yemək hazırlamaq üçün buxarı düzəltmək məqsədilə onun bir divarı, sonralar isə inşaat ənənələrinin təkmilləşməsi nəticəsində bütün divarları kərpicdən inşa olunmuşdur. Düzbucaqlı planlı kərpic durma, digər ev tiplərinə nisbətən ensiz, lakin uzun olmaqla, adətən, 3,5-4 x 6-7 m. ölçüdə tikilirdi; bünövrəsi üçün yer qazılmırdı, evin perimetri boyunca yerə bir cərgə (yalınqat) çay və ya qaya daşının 80 sm enində düzülməsi ilə bu iş başa çatırdı. Ayıbalası kərpiclə başlanan hörgü 2,2-2,3 metrə çatdıqda tikinti dayandırılır, təxminən bir ay müddətinə divarın “yatması”nı gözləyirdilər. Belə olduqda qoyulan kərpiclər bir-birinin üzərinə möhkəm oturur və hörgü quruyurdu. Dam örtüyünü qurmaq üçün evin üstünə, ucları yan divarların üzərinə düşmək şərtilə yoğun tiрlər (kərənlər) düzülürdü. Dam örtüyünün ağırlığı kərənlər arasında bərabər paylanması üçün onlar bir-birindən 1-1,2 m məsafədə qoyulurdu. Kərənlər üzərinə, bir-birinə kip söykənmiş, bəzən 30-40 sm aralı pərdi yarmaçaları döşədikdən sonra, lələkləri təmizlənmiş qarğıdan “tərəcə” və ya “çətən” (Muğan bölgəsində: “laxta”, “çitəmə”, “salğar”) hörüb üstünə salır, onun üstündən avar tökürdülər. Durmanın dam örtüyündə səciyyəvi cəhət, nisbətən qalın palçıqdan kündə (mor, badı) tökülməsi idi. Kündəni 10-12 sm qalınlığında damın üstünə yayırdılar. Bu iş ağır olduğundan, çox zaman qohum-qonşular köməyə çağırılardı. Kündə qurduqdan sonra onun üzərinə 30-40 sm qalınlığında torpaq qatı əlavə olunurdu. Durmanın yastı dam örtüyündə hər iki tərəfə maillik yaratmaq üçün örtüyün ortasında hündürlüyü 35-45 sm olan palçıq kirdə düzəldilirdi. Sonra əsas kirdədən ayrılan qollar boyunca ləklər bölünür, onlar dam örtüyünün kənarlarında düz və ya qövsvari şəkildə birləşdirilirdi. Buraya tənəkədən və ya içərisi ovulmuş ağacdan nov qoyulurdu. Dam örtüyünün üzərinə duzla qaрışdırılmış nəm ocaq külü tökdükdə, o, atmosfer çöküntülərinə qarşı daha davamlı olurdu. Evin perimetri boyunca tikilən eyvandan fərqli olaraq, kərpic durmanın kəllə divarında seyvan olurdu. Onu tikmək üçün seyvan qollarının qarşısında basdırılmış 3-4 ədəd dirək üzərinə kərən (nal) qoyulurdu. Bir ucu nalın, digər ucu isə kəllə divarın üzərinə qoyulmuş pərdilərin üstü avarla örtülüb torpaqlanırdı. Yağış və qar suyunun axıb seyvana dolmaması üçün çox vaxt dirəklərin bayır tərəfdən qarşısına köndələn qurşaq (ayaqaltı) qoyulur, ətrafı palçıqla doldurulurdu. Qapı adətən seyvana açılırdı.
XIX-XX əsrin əvvəllərində Azərbaycanda yüngül konstruksiyalı çubuq (qarğı, qamış) evlərin müxtəlif lokal-məhəlli səciyyəli adları məlum olmuşdur. Belə ki, onlar Naxçıvan, Qarabağ və Cənubi Azərbaycan bölgələrində “çovustan”, Quba-Xaçmaz bölgəsində “çubuq ev”, “darbənd”, Muğanda “qom ev”, “hörmə ev”, Şəki-Zaqatala bölgəsində “çubuqhörmə”, “çəpərə ev”, “çitəmə”, Şirvanda “qarğı ev”, “qamış ev”, “tapan ev”, qərb bölgəsi və Gəncəbasarda isə “durma” adlanırdı. Sonuncu istilah Eldar düzü kəndlərində “durma”, Qərb bölgəsinin Kürboyu düzənlik kəndlərində “zaxma”, “xıyma”, “daxma” və s. adlarla məlum idi. Etnoqrafik materiallardan aydın olur ki, Azərbaycanda durma tipli yaşayış evinin iki forması yay evi və müvəqqəti daldanacaq kimi nəzərdə tutulan “qarğı durma” (buna bəzən “qamış durma” və ya “çubuqhörmə” də deyirlər) və qış evi kimi daimi istifadə edilən “kərpic durma” geniş yayılmışdı.
“Durma” qədim türk dillərindəki “dayanacaq yeri”, “ev” mənasında işlədilən “durmaklık” sözü ilə uyğunluq təşkil edir. Hələ XVII əsrin I yarısında Dərbənddən Şamaxıya gedən səyyah Adam Oleari bu yerlərin dəniz sahilində məskunlaşan əhalisinin “otaq” adlandırdıqları hörmə çubuq və qamış evlərdə yaşadığını yazırdı. XVIII əsrin sonlarında isə Şirvanın təsvirini verən İ.T.Drenyakin buranın dağətəyi-cənub bölgələrində evlərin qarğıdan (qamışdan) tikilərək hər iki üzünün suvandığını qeyd edirdi. Bu tip evlər Azərbaycanda XX əsrin 60-70-ci illərinə kimi mövcud olmuş, hazırda təsərrüfat tikilisi kimi istifadə olunur. Yüngül konstruksiyalı çubuq (qarğı, qamış) evlər Gürcüstanda, Abxaziyada, Türkmənistanda və b. yerlərdə də əhalinin yaşayış evi kompleksində məlum olmuşdur.