AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bafta

Nümunənin reyestr kodu : SD0603000003

Azərbaycan qadın bəzəklərinin bir qismini libasa bənd edilən ənənəvi zərgərlik sənəti nümunələri (yaxalıq, ətəklik, çalkeçir-qarışqa, qoza-düymə, zəngəbənzər qumrov, sikkə-düzmələr və s.), toxuma və hörmə bəzəklər və ya ağlabənd nümunələri (qaytanlı naxış, çapara, hərəmi, qaragöz, sərmə (təksərmə və qoşasərmə), şəms, pürçüm, qotaz, pitik, buta, şahpəsənd, güləbətin, muncuqlu tikmə, zəncirə və s.) və paltara vurulan müxtəlif bəxyə, tikiş və həşyələr (nəlbəki, görüş, dördtikə, büzmə, cəhrəpəri, qayçıqulpu, qoşasırıq, xoruzsayağı, qıyı, dəhrəburnu, ikisaplı, üçsaplı, dördsaplı, doldurma tikiş, quyrum və s.) təşkil edirdi. Toxuma və hörmə bəzəklərdən bafta geyimlərin bəzədilməsində daha tez-tez istifadə olunurdu. Onu xüsusi olaraq bafta toxuyan dəzgahda toxuyurdular. Bafta enli və dar biçimli olub, ipək və zərli saplardan toxunur, lavada, küləcə, kürdü, arxalıq, baharı, çəpkən kimi qadın geyimlərinin yaxa, boyun, ətək və qol kəsiklərinə tutulurdu. Özünəməxsus yaradıcılıq zövqü, tikmə və naxışsalma qabiliyyəti olan səriştəli qadınlar yuxarıda sözügedən toxuma, hörmə və naxış-tikiş nümunələrinin mahir yaradıcıları idilər.

Bafta, əsasən, güləbətin sapla bafta dəzgahında, peşəkar baftaçı ustalar tərəfindən enli və ensiz (“dar bafta”) olmaqla iki cür toxunmuşdur. Güləbətin bafta, bir qayda olaraq, qızıl və gümüşdən çəkilmiş metal tellərin ipək sapa sarınması yolu ilə hazırlanırdı. Keçmişdə Azərbaycanın bir sıra şəhərlərində (Təbriz, Şamaxı) “sirmakeş” adlanan peşəkar güləbətin ustaları fəaliyyət göstərirdilər. Onların hazırladıqları güləbətin sapı satın alıb bafta toxuyur, yaxud güləbətin tikmələrdə işlədirdilər. Bafta güləbətin sapla toxunduqda qızılı və ya gümüşü rəngdə düşürdü. Onu ağ, çəhrayı, narıncı, qırmızı, al qırmızı rəngli ipək (keci) sapla da toxumaq olurdu. Keçmişdə bafta başlıca olaraq, qadın üst geyimlərinin, həm də bayır-bayramlıq (boxçalıq) libasların bəzədilməsində istifadə olunmuşdur. Bafta bəzək vasitəsi olmaqdan əlavə, həm də əməli məqsəd daşıyırdı. Adətən, onu arxalıq tipli üst geyimlərinin yaxasına, ətəyinə, yan çapıqlarının kənarlarına bəndləməklə, əl tikişlərinin üstünü örtüb görünməz edir və yaraşıqlı hala salırdılar. Bundan əlavə, kübar qadınların tumanının ətəyinə enli baftadan “ətəklik”, çutqunun önünə tutmaq üçün isə “qabaqlıq” düzəldirdilər. Qeyd etmək lazımdır ki, bafta adlanan güləbətin və ya ipək saplardan toxunmuş qaytan təkcə milli libasların bəzədilməsində istifadə edilməmiş, həm də hərbçilərin paqonlarının hazırlanmasında, hərbi geyimlərə fərqləndirici əlamət vermək və bəzək vurmaq üçün də istifadə edilmişdir.

Baftaçılıq sənətinin məhsulu olan, əsasən milli və hərbi geyimlərin bəzədilməsində istifadə olunan ağlabənd nümunəsi – bafta enli və ensiz (dar bafta) olmaqla iki növdə hasilə gətirilmişdir. Enli baftadan tuman ətəkliklərinin hazırlanmasında, ensiz (dar) baftadan isə üst geyimlərinin yaxa, boyun, qol, ətək, yan çapıqlarının tikişlərinin örtülməsində və bəzədilməsində istifadə olunmuşdur.

Bafta ilə işlənmiş geyimlər Azərbaycanda qədimdən geniş yayılmışdır. Onun geniş şəkildə istifadəsi isə orta əsrlər dövrünə təsadüf edir. XVI-XVIII əsr geyimlərinin bəzədilməsində bu ağlabənd nümunəsinə tez-tez müraciət edilmişdir. Xüsusilə də arxalıq və kürdü üst qadın geyiminin bəzək elementlərini bafta təşkil etmişdir. Sənətşünas R.Əfəndiyev yazırdı ki, XVIII əsrdə qadınlar ilin soyuq aylarında əyinlərinə üstdən uzunqollu, gödək çəpkən, topuqlarına qədər uzanan arxalıq, qolsuz, boynu, ətəkləri və qol yerləri xəzdən tikilmiş kürdü və ya küləcə adlı paltar geyərdilər... Geniş yayılmış kürdülər qırmızı məxmərdən, üstü bafta ilə bəzənmiş olardı. Keçmişdə bafta bəzək növü və baftaçılar tərəfindən yaşadılan baftaçılıq sənəti təkcə Azərbaycanda deyil, Asiya və Avropanın bir çox ölkələrində də inkişaf etmiş sənət sahəsi olmuşdur. XX əsrin 30-cu illərindən baftaçılıq bir sənət sahəsi kimi tənəzzül etmiş, baftaya bənzər bəzək elementləri isə artıq fabrikdə istehsal olunmağa başlamışdır.