Darayı
Nümunənin reyestr kodu : SD0401010003
Bədii-texniki xüsusiyyətlərinə görə Azərbaycanın kustar ipək parçaları istehsal texnikası baxımından güləbətin və tafta toxunuşlu olmaqla iki qrupa bölünürdü. Orta əsrlərdə Azərbaycanda xam ipəkdən güləbətinsiz toxunan ipək parçaların çox geniş çeşidi (atlaz, tafta, məxmər, kisəyi, fitə, qanovuz, alaca və s.) yaranmışdır. Bunların hər birinin də özünəməxsus toxuma texnikası, rəng və bəzək-nəqş xüsusiyyətləri mövcud olmuşdur. Güləbətinsiz parça növlərinin hamısı istehsal texnikası baxımından taftasayağı toxunmuşdur. Toxuma texnikası baxımından tafta ilə oxşar olan ipək parçaların geniş yayılmış növlərindən biri də darayı idi. O, çox da bahalı olmayan ucuz ipək parçalardan biri sayılırdı. Darayı çox vaxt zolaqlı, yaxud, zolaqların şaquli kəsişməsindən əmələ gələn xanələrdən ibarət toxunurdu. Hətta bəzən onun toxumalarını güləbətin, qızılı və gümüşü tellərlə bəzəyir və otlarla naxışlayırdılar. Bu səbəbdən də rusdilli tarixi sənədlərdə o, “darayı-zərbaft” adı ilə təsbit olunmuşdur. Tafta kimi, darayı da müxtəlif rəng çalarlarında, ən çox isə yaşıl və mavi rənglərdə, həm də bir və ya ikiüzlü toxunurdu.
XVII əsrdə darayının əsas istehsal mərkəzlərindən biri Şamaxı və Şirvan kəndləri (Əlvənd, Zərdab, Ağsu və Basqal) olmuşdur. Şamaxı darayısı ilə yanaşı, mənbələrdə Rusiyaya ixrac edilən Təbriz və Ərdəbil darayılarının adları da tez-tez çəkilirdi. Xanlıqlar dövründə (XVIII əsr) Gəncə, Şamaxı, Təbriz və Dərbənd darayı istehsalının başlıca mərkəzləri olmuşdur. Müasirləri Şamaxıda istehsal edilən darayı parçalarını yüksək qiymətlədirib onu ən yaxşı və gözəl naxışlı darayı hesab edirdilər. Gəncədə darayının dörd növü – yaşıl, sarı, qırmızı və dizlik darayı adlanan növləri istehsal edilirdi. Şamaxıda həm də darayının “cüfttel” adlanan, eni 1,25 arşın, uzunu 10 arşına çatan tünd yaşıl və mavi rəngli növləri istehsal olunurdu. Uzunluğu 1/4 arşın, eni isə 3/4 arşın olan bir ədəd yaşıl və sarı darayının istehsalı üçün 45 misqal ipək sərf olunurdu. Qırmızı darayının uzunluğu 9, eni isə 3/4 arşın, qırmızı rəngli dizlik darayının uzunluği 6, eni isə 10 verşok olurdu. Darayı parça satışa top şəklində çıxarılırdı. Çadra və kəmsənfə kimi, onun da hər topunun eni 4 çərəkdən 1 arşınadək, uzunu isə 25 arşın ölçülərdə olurdu. Dərbənddə istehsal olunan digər ipək parçalar kimi, darayı istehsalı üçün də xammal Şəki, Şamaxı və Qubadan alınırdı. Burada istehsal edilən 1 ədəd darayının uzunu 6 xan arşınına bərabər idi ki, bu da gümüş pulla 4 man 50 qəpiyə satılırdı. Darayı parçalar əsasən kişi və qadın geyimlərinin (şalvar, arxalıq və s.) tikilməsinə və fitə hazırlanmasına sərf olunurdu.
Darayı parçalar toxunma formasına (zolaqlı və damalı), növlərinə (“darayı-zərbaft”, “dizlik darayı”, “cüfttel”), rənglərinə (yaşıl, mavi, qırmızı, sarı) və naxışlarına görə qruplaşdırılırdı.
Darayı adlanan ipək parçalar orta əsrlərdə əhalinin məişətinə daxil olmuşdur. Bu dövrdə darayı parça istehsalının başlıca mərkəzləri Təbriz, Şamaxı, Ərdəbil, Gəncə, Dərbənd, Şəki kimi iri sənət-ticarət şəhərləri olmuşdur. Bəzi Yaxın Şərq ölkələrində də (İran, Türkiyə) darayı parça toxunmuş, ondan hərbi bayraqlar hazırlanmışdır. XIX əsrin əvvəllərində Rusiya tərəfindən işğal olunandan sonra Azərbaycanın sosial-iqtisadi vəziyyətinin dəyişməsi ilə əlaqədar olaraq ənənəvi ipək parça növlərinin bir qisminin istehsalı dayanmış, bir qismi isə başqa adlarla toxunmağa başlamışdır. Bu işdə iki amil, işğaldan sonra Azərbaycanın başlıca toxuculuq mərkəzlərində ümumən şəhər təsərrüfatının, o cümlədən, toxucu karxanalarının tənəzzülə uğraması və xaricdən, xüsusilə, Avropa və Rusiyadan ucuz manufaktura malları və fabrikdə toxunma parçaların idxalının güclənməsi mühüm rol oynamışdır. Bununla belə, Azərbaycanın ənənəvi ipək parçalarının bir qismi (atlaz, tafta, darayı, mov, qanovuz, yorğanüzü, çarşab, çadra, kəlağayı və s.) XIX əsrin sonlarına, başqa sözlə, yerli şərbaf karxanaları tənəzzülə uğrayıb aradan çıxana qədər davam etmişdir.