AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Balta

Nümunənin reyestr kodu : ST0701000004

Balta kəsmək, qırmaq və parçalamaq üçün nəzərdə tutulan alətdir. Bu alət qədimlərdən bəri məişətdə, müxtəlif sənətkarlıq sahələrində, döyüşlərdə geniş istifadə edilmişdir. Bu alətdən bənnalar, daşçıxaranlar, daşyonanlar, həkkaklar, ağacişləmə ustaları, araba və təkərçilər, yəhərçilər, çəlləkçilər, dülgərlər, xarratlar və başqa sənət və peşə nümayəndələri geniş istifadə edirlər. Baltalar sənət sahələri, əhalinin məşğuliyyət növündən asılı olaraq, müxtəlif formalarda olur, bəzən də fərqli adlandırılır.

Qədim türk dillərində balta sözü “baltu”, “balto” şəklindədir. “Divanü lügat-it-türk” və “Qutadqu Bilik” kitabələrində “baldu” kimi əks olunmuş, Xarəzmşahlar dönəminə aid mətnlərdə, eləcə də qıpçaq mətnlərində “balta” şəklinə düşmüşdür. Balta “kəsmək”, “saplama”, “batma”, “yaralamaq” mənasındadır. “Kitabi Dədə Qorqud” dastanlarında “balta” mənasında “dəpər” sözü işlənmişdir. “Dəpər” balta növünün adıdır, bu silah döyüşçünün daim yanında gəzdirdiyi döyüş alətlərindən biridir. Dastanlarda işlənmiş basmaq, vurmaq anlamlı “dəpmək”, “dəpələmək” feilləri də “dəpər” (balta) sözü ilə əlaqəlidir. Rus dilindəki balta anlamlı “топор” sözü türk mənşəli “dəpər” sözünün fonetik deformasiyaya uğramış variantı sayılır.

Balta on min illərdir ki, odunu kəsmək, parçalamaq, müəyyən formaya salmaq üçün, müharibələrdə döyüş silahı, müxtəlif mərasimlərdə bir simvol kimi istifadə edilir. Tarixən baltanın bir çox formaları olmuşdur, ancaq əsas hissələri baş (künə) və sapdan ibarətdir. Ən ibtidai forması ağac sapa bərkidilmiş daşdan ibarətdir, sonrakı dönəmlərdə sapa bağlanan, keçirilən mis, tunc, dəmir, polad baltalar hazırlanmışdır.

Məişət və təsərrüfat alətlərinin xeyli hissəsi, xüsusilə kəsici alətlər (balta, nacaq, dəhrə, məngəl, qiyməkeş, və s.) ənənəvi olaraq poladqarışıq dəmirdən hazırlanırdı. Bu məqsədlə, əsasən, qaynaq üsulundan istifadə olunmuşdur. Kəsici alətləri düzəltmək üçün əvvəlcə poladqarışıq dəmir hazırlanırdı. Xassə etibarilə xas poladdan və dəmirdən fərqlənən poladqarışıq dəmir çox vaxt “qaynaq dəmiri” adlanırdı. Məmulat növündən asılı olaraq istehsal prosesində dibçıxarma, küpaçma, sulğuc-çıxarma, dişəmə, novsalma kimi bir sıra texnoloji üsullardan istifadə olunurdu. Bu əməliyyatların çoxu spesifik səciyyə daşımaqla, müəyyən qrup alətlərin hazırlanmasında tətbiq olunurdu. Məsələn, dibçıxarma dəryaz və qırxılığın, küpaçma nacaq, balta, kərki, toxa və çəkicin, sulğucçıxarma dəhrə və qiyməkeşin, dişəmə isə çinin hazırlanmasında tətbiq edilirdi. Kütləşmış kəsici alətlər (balta, dəhrə, qiyməkeş və s.) ovxarlama üsulu ilə itilənib yenidən işlək hala salınırdı. Bu məqsədlə baltanın ağac dəstəyini çıxarıb tiyəsini kürədə qızdırandan sonra məngənə arasında tutub isti-isti yeyələyirdilər. Əgər alətin künəsi çox qalın olardısa, onu bir-iki əl istidöymə yolu ilə döyüb nazildir, sonra ovxarlayırdılar. Ovxarlama əməliyyatı əvvəlcə iri dişli, sonra xırda dişli, ən axırda isə narın dişli yeyə ilə görülürdü.

Daşişləmə sənətində sal daşın çıxarılmasında, qaraçapma, çümməçapma üsulu ilə hörgü, xatirə və s. daşların yonulmasında daş baltasından, eləcə də müxtəlif formalı və təyinatlı baltalardan istifadə edilirdi.

Ağacların kəsilməsində meşə baltası, ağac baltası və ya batman baltadan istifadə edilirdi. Ağacişləmədə istifadə edilən nacaq və batman balta formalarına görə fərqlənirdi. Batman baltalar ağır küplü və tiyələrinin daha böyük olmasına və uzun dəstəli olduqlarına görə ağacı daha tez kəsməyə, habelə yonmağa imkan verirdi. Küplü ağır baltadan fərqli olaraq nacaq gödək dəstəli, kiçik tiyəli və yüngül olur. Ağac əvvəlcə batman balta ilə, bir az sonra isə nacaqla kəsilirdi, çünki ağac kəsildikcə kəsiyi daralmağa başladığından onu balta ilə kəsmək çətinləşirdi. Kəsilmiş ağacın qol-budağı vurulurdu. Hazırlanacaq alətin və ya əşyanın növündən asılı olaraq material burada müəyyən ölçülərdə kəsilərək lazımi yerə daşınırdı.

Baltanın formalarından biri olan qiyməkeş, adətən, poladdan hazırlanmaqla, sulğucu ağac dəstəyə keçirilirdi. Müxtəlif formada düzəldilən qiyməkeşin bəzisinin ucu sivri olub, geri qatlanır, bəzisinin isə ucu dördkünc şəkildə hazırlanırdı. Qiyməkeşin digər bir növü odun baltasına oxşamaqla, uzun dəstəklə tamamlanırdı. Qiyməkeş sümük çapmaq, göyərti və ya heyvan ətini “qiymə” halına salmaq və s. məqsədlərlə işlənirdi, əsasən qəssablar arasında yayılmışdı.

Neolit dövründə qədim insanlar təbiətdəki hazır məhsulları mənimsəmə məşğuliyyətindən (yığıcılıq, ovçuluq, balıqçılıq) istehsal təsərrüfatına keçmiş, bir sıra dənli bitkilər becərilməyə başlamış, toxa əkinçiliyi meydana gəlmiş, heyvanların əhilləşdirilməsi tədricən maldarlıq təsərrüfatının yaranması ilə nəticələnmişdir. Beləliklə, qədim insanların azuqə və xammal təminatında ciddi dönüş baş vermiş, saxsı qab istehsalı, bəsit toxuculuq məşğuliyyəti yaranmış, cilalı daş baltalar meydana çıxmışdır.

Azərbaycanın Erkən Tunc abidələrinin çoxunda, o cümlədən, Şortəpə, Kültəpə, Qaraköpəktəpə, Mişarçay, Sərkərtəpə və digər yaşayış məskənlərində odadavamlı gildən hazırlanmış borulu tunc balta qəlibləri, filizin əridilməsi, əridilmış metalın götürülməsi üçün butələr aşkarlanması tunc istehsalının geniş miqyas aldığını göstərir. Bu dövrdə təkmil kəsici alətlərin meydana gəlməsi nəticəsində inşaat işində ağac materiallarından istifadə etmək imkanları xeyli artmışdır. Son tunc və İlk dəmir dövründə bu proses daha intensiv şəkil almışdır. Bu işdə, xüsusilə, poladın əldə olunması və ondan kəsici alətlər (balta, kərki, çapacaq, dəhrə) düzəldilməsi müstəsna rol oynamışdır. Kür-Araz mədəniyyəti dövründə “təbərzin” adlanan tunc balta yayılmış, Dəmir dövründə təbərzin və balta tipli soyuq silah növləri təkmilləşmişdir. Gədəbəy və Daşkəsəndə filizəritmə kürələri, Şəmkir və Mingəçevirdə tunc balta və nizə ucluqlan hazırlamaq üçün daş qəliblər aşkar edilmişdir. Tökmə texnikası meydana çıxandan sonra ənənəvi döymə üsulu özünün əməli əhəmiyyətini tamam itirməmiş, istehsal prosesinin tələbindən asılı olaraq, əlaqəli şəkildə tətbiq olunmuşdur.

XIX-XX əsrin əvvəllərinədək balta hazırlanması ilə dəmirçilər həm fərdi qaydada, həm də dəmirçi sexlərində məşğul olmuşlar. Baltanın sənaye üsulu ilə kütləvi istehsalı, zavod məhsullarının bazara kütləvi çıxarılması ənənəvi baltaçılığı tənəzzülə uğratmışdır. Müasir dövrdə dülgər, xarrat peşə sahibləri zavod istehsalı olan baltalar üçün sap hazırlayır, satışa çıxarırlar.