Dəmirçi Saday İsgəndərov
Mingəçevirdə dəmirçi kimi tanınan 63 yaşlı Saday İsgəndərov 50 ilə yaxındır ki, dəmirçiliklə məşğuldur. O, əslən Laçın rayonundandır. Laçın rayonu Ermənistan tərəfindən işğal olunduqdan sonra Mingəçevirə ailəsi ilə pənah gətirən usta Saday elə özünün dediyi kimi dəmirçilik sənətini bu bölgəyə gətirib: “Mən bu sənəti Qarabağdan gətirmişəm. Bu sənət mənə ata-babalarımdan keçib. Orta məktəbdə yaxşı oxumadığıma görə atam özü ilə məni dəmirçi dükanına gətirib, bu sənəti mənə öyrədib. Daha sonra məni ustad yanına qoydu. Sənətin bütün incəliklərini öyrəndim. Ustam məndən razılıq edəndə əlini başıma çəkərdi. İndi o gündən bu günə qədər bu peşəni davam etdirirəm”.
Usta Saday deyir ki, dəmir işi həm də imkan verir ki, usta özünü ifadə edə bilsin. Hərənin bir təxəyyülü, bir xəyal dünyası var. Amma əsl sənətkar öz gizli dünyasının bəzəklərini əl işinə yansıda bilsin. Saday usta onu da deyir ki, hər bir sənətin şablonu, standartı var. Əsl usta kimdənsə öyrənər, amma öz bildiklərini də ona əlavə edər.