Dəryaz
Nümunənin reyestr kodu : ST0701000005
Azərbaycanda ənənəvi olaraq taxılın yığılması əməliyyatı əkinçilik təsərrüfatında başlıca yer tuturdu. Azərbaycanda başlıca biçin aləti çin və oraq olmuşdur. Biçin məqsədilə “kərənti” və ya “dəryaz” adlanan uzun dəstəkli əmək alətindən də istifadə edilirdi. Ən zəruri təsərrüfat alətləri olan gavahın, kotan hissələri, bel, yaba, zəncir, oraq, çin, dəryaz, toxa, alaqkeş və s. mövsümi səciyyə daşıyan işlər başlananadək tədarük olunurdu.
Oturaq maldarlıqla məşğul olan əhali həm də əkinçiliklə məşğul olduğundan onlar xeyli miqdarda kənd təsərrüfatı alətlərinə (kotan, xış, mala, dırmıx, vəl, yaba, dəryaz və s.), bir sıra zəruri qoşqu nəqliyyatı vasitələrinə malik idilər. Bu alətlər çox vaxt quraqlıq, talvar və ya mərəkdə saxlanılırdı. Ot biçinində işlənən dəryaz qısa bəlimli taxıl növlərinin biçilməsi prosesində də istifadə edilirdi. Bir qayda olaraq onun dəstəyinin ortasına “əlcək” adlanan tutacaq bərkidilirdi. Çəltik biçinində də oraqdan, çindən, dəryazdan, Naxçıvan ərazisində isə bunlardan əlavə mərəndidən də istifadə edilmışdir.
Dəryazın ən geniş istifadə edildiyi sahə ot biçimi idi. Biçənəklər suvarma iqlim şəraiti və otun bolluğu ilə əlaqədar olaraq, ildə iki-dörd dəfə əsasən kərənti – dəryaz ilə biçilir. Biçilmiş sahədə ot quruyandan sonra lodaya yığılır və araba ilə daşınaraq münasib yerdə tayaya vurulur. Ot çox olduqda ondan ilanyalı tayası düzəldilir, az olduqda, sadəcə olaraq, tayalara vurulurdu. Ot tədarükü əsasən yaz və yay aylarında edilir.
Dəryazla ot biçən adamın bədəni gərgin vəziyyət alır, əzələləri gərilir. Bəzi ehtimallara görə, dəryazın digər adı olan “kərənti” də məhz “gərilməyə səbəb olan” mənasındadır, yəni kərənti “gərmək” sözündən yaranmışdır.
Kərəntinin taxta hissəsi, yəni sapı, əlçəyi tut ağacından hazırlanırdı. Bir sıra hallarda sapın dəmir hissə ilə birləşdiyi yer, künə hissə suya batırılırdı. Bu şəkildə sapın dəmir halqaya daha kip oturması təmin edilirdi. Kərəntini sapa bərkidən paz “panpal” adlandırılırdı. Ot biçini zamanı kərəntinin itilənməsi üçün “zindan” atlanan üç ayaqlı, əsas ayağına polad pərçimlənmiş alətdən istifadə olunur. Dəryazın ağzı həmin polad parçasına qoyularaq çəkiclə döyülür, sonra yeyələnir və ya bülövlənir. Biçin zamanı qısa müddətdə fasilələrdə də kərənti “bülöv” adlanan daş, dəmir mil və ya yeyə ilə itilənir, ovxarlanır. Bülövlər “qılovqabı” və ya “bülövqabı”nda saxlanılır. Dəryaz daim əl-ayaq dəyməyən yerdə, qış aylarında çardaqlarda saxlanılır, fasilə zamanı isə hündür bir ağacın budaqlarına keçirilir. İş zamanı kərənti kəsiyi çox təhlükəli sayılır, yaranı sağaltmaq üçün acıtərəni (vəzərini) qurudub, narın əzib yaranın üstünə səpirdilər.
Dəryaz (kərənti) çəkərkən insanın bütün əzaları hərəkətdə olur, ona görə də işçilərin yeməyinə, içkisinə xüsusi diqqət yetirilirdi. Təcrübəyə görə, kərənti ilə işləyərkən atlama, ovdux içmək lazımdır. İşçilər dəryaz çəkən zaman başlarına alından ənsəyə doğru “çalma”, “dəsmal” bağlayırdılar. Sıx otlu biçənəklərdə kərənti çəkmək hər adamın işi deyildi. Usta dəryazçılar adla məşhur idilər, adətən, biçin mövsümünün əvvəllərində və ya gedişində, müxtəlif mərasimlər çərçivəsində dəryazçıların yarışı keçirilir, ən usta dəryazçı müəyyənləşdirilirdi. Biçinçilər arasında metal hissəsinin ölçülərinə görə “beş nömrəli”, “yeddi nömrəli” adlandırılan dəryazlar geniş yayılmışdı.
Azərbaycanda XIX-XX əsrdə dəmirçilər dəryazın dəmir hissəsi qaynaq üsulu ilə hazırlayırdılar. Qaynaq dəmiri hazırlamaq üçün lazımi ölçüdə kəsilmiş dəmir parçasını kürədə qızdırıb arasını 1,5-2 sm dərinlikdə yarmaqla “ağız” açırdılar. Sonra həmin yarığa müvafiq ölçüdə polad “şığa” kəsilirdi. Bu məqsədlə əvvəlcə polad parçası kürədə qızdırılıb “suyu alınır” və yumşaq dəmir həddinə salınırdı. Sərtlik xassəsini itirmış şığa istidöymə yolu ilə yastılanaraq lazımi formaya salınandan sonra qələm vasitəsilə müvafiq ölçüdə kəsilirdi. Poladın qıt olduğu keçmiş dövrlərdə kəsici alətin tiyəsinin “dodaq şığası” çox vaxt yararsız hala düşmüş polad alətlərdən (yeyə, törpü, dəryaz və s.) düzəldilirdi.
Azərbaycanda müasir dövrdə də ot biçimində dəryazlardan geniş şəkildə istifadə edilir. Dəryazın metal hissəsi əsasən zavodlarda istehsal edilib, satışa çıxarılsa da, sapı dülgər və xarratlar tərəfindən hazırlanır.