AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dəmirçilik

Nümunənin reyestr kodu : ST0701000001

Azərbaycanda metalişləmə sənəti orta əsrlərdən əmək alətləri, silah və zərgərlik məmulatının hazırlanması istiqamətində inkişaf etmişdi. Müxtəlif çeşidli istehsal ləvazimatı və alətlər – körüklü kürə (qoşa və tay körük), zindan (“qiblə zindan”, “yumru zindan”, “qulaqlı zindan”, “nalbənd zindanı”), məngənə, tutqac, müxtəlif formalı kəlbətin (yastıdodaq kəlbətin, sac kəlbətini, novlu kəlbətin, nal-mıx kəlbətini), çəkic (gürz, tayəlli, naldöyən, mıxkəsən, nalbənd çəkici), sünbə, qəlib, qələm, qayçı (taydəstə, qoşadəstə, ayaq qayçısı), yeyə (balıqbeli, bülül, yastı, üçgül, dördgül), törpü (iri, miyanə, narın dişli), çarx (xart), girə, qıra və s. dəmir məmulatının hazırlanmasında işlədilir.

Dəmir alətlər dəmirçi körüyünün vasitəsilə qızdırılır və alətin xarakterindən asılı olaraq müəyyən texniki iş üsulları – deşmə, qatlama, əymə, kəsmə, qaynaqetmə və s. tətbiq edilir. Məmulatın növündən asılı olaraq istehsal prosesində dibçıxarma, küpaçma, sulğuc-çıxarma, dişəmə, novsalma kimi bir sıra texnoloji üsullardan istifadə olunur. Bu əməliyyatların çoxu spesifik səciyyə daşımaqla, bir çox alətlərin hazırlanmasında tətbiq olunur. Məsələn, dibçıxarma dəryaz və qırxlığın, küpaçma nacaq, balta, kərki, toxa və çəkicin, sulğucçıxarma dəhrə və qiyməkeşin, dişəmə çinin, novsalma isə soyuq silahların (xəncər, qılınc) hazırlanmasında tətbiq edilir.

Ənənəvi metal məmulatının xeyli hissəsini dəmir əşyalar təşkil edir. Əksəriyyəti qədim tarixə malik olub, əhalinin ev məişəti və təsərrüfat həyatında geniş yer tutan balta, dəhrə, çapacaq, bıçaq, qəndqıran çəkic, ərsin, koğa, ev məişətində sac, şiş, sacayağı, qiyməkeş (poladdan), bıçaq, qırxlıq, qənd qayçısı, parça qayçısı, manqal, maşa, xəkəndaz və s. kimi metal məmulatı mühüm yer tutur. Əkinçiliklə məşğul olan bütün kəndlərdə təsərrüfat alətləri istehsal və təmir edən dəmirçixanalar vardı.

Azərbaycanda zəngin dəmir filizi yataqlarının olması yerli xammala əsaslanan dəmirçilik sənətinin meydana gəlməsində mühüm rol oynayır. Arxeoloji materiallar IX-XVII əsrlərdə döymə, qaynaqetmə, bəndetmə, pərçimləmə, tökmə, məftilçəkmə, lehimləmə, basma kimi texniki üsulların geniş tətbiq edildiyini təsdiq edir. Metaldan ev avadanlığı, silah və bəzək nümunələri düzəltmək XVI-XVII yüzilliklərdə Təbriz, Ərdəbil, Marağa, Xoy, Naxçıvan, Gəncə, Şamaxı və Bakı şəhərlərində geniş inkişaf etmişdi. Bayan, Daşkəsən və Quşçu kəndləri yaxınlığında dəmir filizi çıxarılması və bəsit əritmə üsulu ilə ondan təbəqə dəmir hazırlanması XIX əsrin ortalarınadək davam etmişdi.

Dəmir məmulatına tələbat böyük olduğundan dəmirçilik sənəti təkcə iri şəhərlərdə deyil, ucqar kəndlərdə də yayılmışdı. Şəhər sənətkarlığında sənətdaxili ixtisaslaşma çox erkən başladığından dəmirçilər bilavasitə dəmir məmulatı istehsalı ilə məşğul olur, bəziləri isə bu və ya digər məmulat növünün (çin, sac) istehsalı üzrə ixtisaslaşırdılar. Dəmirçixana, adətən, ikimərtəbəli yaşayış binasının alt qatında, iri kəndlərdə ayrıca binada, şəhərlərdə isə ticarət cərgələrində yerləşirdi.

Kənd dəmirçixanalarında dəmir ustası dəmirçiliklə yanaşı, nalbəndlik, qismən də çilingərlik, silahsazlıq, bıçaqçılıq və s. ilə məşğul olurdu. Hazırladığı məmulatı nağd pula satan şəhər dəmirçi dükanlarından fərqli olaraq, kənd dəmirçiləri sifarişlə, çox vaxt isə nağd əlmuzdu almadan, natural qaydada, əmək haqqı ərzaq məhsulları ilə ödənmək şərtilə işləyirdilər. Dəmirçixanalar da, əsasən, bazar və ya karvansaralarda yerləşir, həm istehsal emalatxanası, həm də satış dükanı vəzifəsini yerinə yetirirdi.

XIX əsrin 60-cı illərində Azərbaycan şəhərlərində 400 nəfərdən çox dəmirçi işləyirdi. Dəmirçixanaların sayına görə Şamaxı, Nuxa, Şuşa, Gəncə şəhərlər arasında əsas yeri tuturdu. Ölkənin sənaye inkişafı yoluna qədəm qoyması dəmirçilik sənətinin də aradan çıxması prosesini sürətləndirmişdi. Təsərrüfat və ev məişətində işlənən əmək alətlərinin sənaye üsulu ilə istehsalının artması, kənd təsərrüfatı maşınları tətbiqinin genişlənməsi ənənəvi dəmirçilik sənətinin fəaliyyətini məhdudlaşdırsa da, bəzi bölgələrimizdə tanınmış ustalar müəyyən formalarda bu qədim sənəti yaşadırlar.