AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dəhrə

Nümunənin reyestr kodu : ST0701000003

Şəhər və kənd əhalisinin keçmiş məişətində istifadə olunan əmək alətlərinin bir qismi müştərək səciyyə daşımaqla, həm əkin təsərrüfatında, həm də sənət dükanlarında işlənilmişdir. Bu mənada ənənəvi əkinçilik alətlərinin xeyli qismi (bel, kürək, yaba, toxa, şətə və s.), habelə kəsici (balta, dəhrə, kərki), deşici (burğu, matqab, iskənə), döyücü və tapdayıcı (ding, çəkic, toxmaq, əzmə və s.) alətlər şəhər və kənd ailələlərinin zəruri məişət ləvazimatı sayılırdı.

Fars dilində “əyri” anlamına gələn dəhrə sadə formasına, çoxtəyinatlılığına görə fərqlənən alətdir. Məişətdə geniş işlənən bu alət kəsiciliyinə və istifadə edilməsinin asanlığına görə bəzən döyüş silahını əvəzləmişdir.

Dəhrə təsərrüfat alətlərinin istehsalı və təmiri üzrə ixtisaslaşmış dəmirçixanalarda hazırlanırdı. Dəmirçilərin istidöymə üsulu ilə hazırladıqları “əyriburun” dəhrənin kəsici hissəsinin uzunluğu təqribən 30-40 sm, eni 8-10 sm, tutacaq hissəsinin uzunluğu 10-12 sm olur. Dəhrənin bir, bəzən də hər ağzı kəsici düzəldilir. Dəhrədən ət doğranmasında, ağac budaqlarının budanmasında, kəsilməsində və s. oxşar işlərdə istifadə edilir. Qəssab, odunçu, xarrat və s. peşə sahələrində işlədilən dəhrələr bəzən formaca müəyyən qədər fərqlənmişdir.

Dəhrə kütləşəndə ovxarlama üsulu ilə itilənib yenidən işlək hala salınırdı. Bu məqsədlə alətin ağac dəstəyini çıxarıb tiyəsini kürədə qızdırandan sonra məngənə arasında tutub isti-isti yeyələyirdilər. Əgər alətin künəsi çox qalın olarsa, onu bir-iki əl istidöymə yolu ilə döyüb nazildir, sonra ovxarlayırdılar. Ovxarlama əməliyyatı əvvəlcə iri dişli, sonra xırda dışli, nəhayət, axırda narın dışli yeyə ilə görülürdü.

Ənənəvi olaraq Azərbaycan əhalisinin məişətində ənənəvi metal məmulatının xeyli hissəsini dəmir əşyalar təşkil edirdi. Bunların böyük əksəriyyəti qədim tarixə malik olub, əhalinin ev məişəti və təsərrüfat həyatında geniş yer tutmuşdur. Bunların arasında balta, dəhrə, çapacaq, bıçaq, qəndqıran çəkic, ərsin, qıra (koğa) və s. mühüm yer tuturdu. Məişət və təsərrüfat alətlərinin xeyli hissəsi, xüsusilə kəsici alətlər (balta, dəhrə, dəryaz, oraq, çin, qırxılıq, kərki, qiyməkeş, bıçaq və s.) bir qayda olaraq poladqarışıq dəmirdən hazırlanırdı. Bu məqsədlə, əsasən, qaynaq üsulundan istifadə olunurdu.

Kəsici alətləri düzəltmək üçün əvvəlcə poladqarışıq dəmir hazırlanırdı. Xassə etibarilə xas poladdan və dəmirdən fərqlənən poladqarışıq dəmir çox vaxt “qaynaq dəmiri” adlanırdı. Məmulat növündən asılı olaraq istehsal prosesində dibçıxarma, küpaçma, sulğucçıxarma, dişəmə, novsalma kimi bir sıra texnoloji üsullardan istifadə olunurdu. Bu əməliyyatların çoxu spesifik səciyyə daşımaqla, müəyyən qrup alətlərin hazırlanmasında tətbiq olunurdu. Məsələn, dibçıxarma dəryaz və qırxılığın, küpaçma balta, kərki, toxa və çəkicin, sulğucçıxarma dəhrə və qiyməkeşin, dışəmə isə çinin hazırlanmasında tətbiq edilirdi.

Müasir dövrdə də dəhrədən kəsici alət kimi həm məişətdə, həm də bağçılıqda geniş şəkildə istifadə olunur. Zavod istehsalı olan dəhrələr yayılsa da, dəmirçi emalatxanalarında da müxtəlif ölçü və formalı dəhrələr hazırlanır.