Boyunbağı
Nümunənin reyestr kodu : SD0303000003
Boyunbağı qadın bəzəklərinin böyük əksəriyyətini təşkil edən boyun və sinə (döş) bəzəyidir. Onu həm bahalı daşlardan tərtiblənən muncuqlardan, həm qiymətli metallardan (qızıl, gümüş), həm də daş-qaşla əlvan metalların kombinəsindən xüsusi incəliklə hazırlayırdılar. Etnoqrafik bölgələrimizdə “boğazaltı”, “yaxagülü”, “məcdiyyə”, “heykəl”, “həmayil”, “qozalı boyunbağı”, “yelpazəli sinəbənd”, “hil”, “arpa”, “bacaqlı”, “nargilə boyunbağı”, “yarpağı boyunbağı”, “gül boyunbağı”, “qızıl boğazaltı”, “çiçəkli boyunbağı”, “günəşli boyunbağı”, “mərcanə”, “silsilə”, “çəçik”, “qarabatdaq”, “qazayağı”, “ilgək-qarmaq”, “sərmə”, “gərdənbağı”, “müsaviyan”, “şəddə”, “gərdənbənd” və s. adlarla məlum olan geniş çeşidli boyun və sinə bəzəkləri varlı qadınlarının geyim dəstində üstün yer tuturdu. Maddi cəhətdən imkansız qadınlar, bəzənmək xatirinə, hətta adi muncuqdan, tuncdan, misdən, iydə və xurma çəyirdəklərindən boyunbağı taxırdılar. Çəyirdəkli boyunbağını düzəltmək üçün meyvə çəyirdəklərini qızdırılmış iynə ilə uzununa və ya eninə deşir, sapa düzürdülər. Uzun müddət istifadədə olan bu “muncuqlar” sürtülərək parıldayırdı.
Qərb bölgəsi qadınlarının daha çox xoşladıqları sinə bəzəkləri “heykəl” və “həmayil” idi. “Heykəl” – ortasında iri paxlavavari muncuq olan boyun bəzəyinə deyilirdi. Sapa keçirilmiş “heykəl”i boyuna elə bağlayırdılar ki, iri muncuq sinənin ortasında dayanırdı. Bir qayda olaraq, “heykəl”in kənarlarına qızıl və gümüş pullar bənd edirdilər. Naxçıvan bölgəsində boyun-sinə bəzəkləri içərisində “qarabatdaq”, “çəçik”, “silsilə”, “sərmə”, “gərdənbağı”, “sinəbənd” və “gərdənbənd” geniş yayılmışdı. “Çəçik” daha mürəkkəb dekora malik zərgərlik nümunəsi olub, əsasən qızıldan hazırlanır və üzəri qiymətli daşlarla bəzədilirdi. Naxçıvan zərgərlik məktəbinə məxsus digər bir qadın bəzəyi olan “sinəbənd” silsilə formasında hazırlanmaqla, dörd ədəd aşağıya doğru getdikcə kiçilən, üstü şəbəkə işləməli ayparadan, böyük ayparanın uclarına bəndlənmiş iki yaqut qaşdan, çoxsaylı asma-qulplu qızıl sikkələrdən və ətəyi tamamlayan bir ədəd daha iri sikkədən (“süleymani”) ibarət olurdu. Sinəbəndin bəzək dekorlarının üzərinə qiymətli daşlar (almaz, yaqut, mina, cəvahir, brilyant və s.) düzülürdü.
“Silsilə” böyunbağının böyüyü “sərmə” adlanırdı. Sərmənin sırası (ətəkləri) variantdan asılı olaraq 4-5-ə qədər olurdu. Sərmənin də hər bir bəzək dekorunun üstünə qiymətli daşlar yerləşdirilirdi. “Gərdənbənd” – bağlamaq üçün uclarında qarmaqları olan 14 ədəd zərif işlənmiş, halqalarla bir-birinə bəndlənmiş və üstünə qırmızı və yaşıl daşlar düzülmüş bəzək elementlərindən, həmçinin bu bəzək dekorundan asılmış 14 ədəd şəbəkəli sırğayabənzər hissələrdən hazırlanırdı. “Gərdənbağı” isə narın muncuqlardan düzülmüş ətəkli bəzək növü olub, sinəyə qədər çatırdı.
Muğan bölgəsi üçün daha xarakterik olan “məcdiyyə” (“imperial”) boyunbağını hazırlamaq üçün sapa əvvəlcə böyük “hil”, sonra isə xırda “apra hil” düzülürdü. Altı ədədi sağda, altı ədədi isə solda olan həmin hillərin arasına qulplu qızıl imperial asılırdı. Burada dəbdə olan digər bir boyun bəzəyinin – “bacaqlı boyunbağı”nın sinədə dayanan ətəyinə ürəkşəkilli uzunsov kəsmə qızıl asılırdı. Bu bəzək elementinin ortasına dairəvi və ya aypara zümrüd salınır, kənarlarına dilim-dilim qızıl naxışlar vurulurdu.
Azərbaycanın əksər etnoqrafik bölgələri üçün səciyyəvi olan “arpa boyunbağı”lardan istifadə olunmasının tarixi olduqca qədimdir. Mingəçevirdən arxeoloji qazıntılar zamanı əldə edilən “arpa” muncuqlar, indi hazırlanan eyniadlı qızıl muncuqlarla tam oxşarlıq təşkil edir. Mütəxəssislərin fikrincə, bu muncuqlar Azərbaycanda 2500 il bundan əvvəl mövcud olmaqla, nəsildən-nəslə keçmiş, zəmanəmizə qədər gəlib çatmışdır. “Arpa boyunbağı”ların ortasına gözəl naxışlarla bəzədilmiş dairə formasında digər bir hissə də əlavə edilirdi. Bəzən onun əvəzinə şəbəkə üsulu ilə işlənmiş altı, səkkiz və ya on iki guşəli, ortasında yaqut və ya firuzə qaşı olan ulduz, onun da altını tamamlayan aypara yerləşdirilirdi.
Boyunbağılar hazırlandığı materiala (tunc, mis, qızıl, gümüş, qiymətli daş, muncuq, meyvə çəyirdəyi), dekor səciyyəsinə, hansı bəzək üsulunda (qəlibkarlıq, şəbəkəçilik, savadlama, minasazlıq) hazırlanmasına görə təsnif olunur.
Mütəxəssislərin qənaətinə görə, Azərbaycanda boyunbağıdan istifadənin 7 min illik tarixi vardır. 2008-ci ildə Şərur rayonunun Dizə kəndi yaxınlığında “Ovçular təpəsi” deyilən abidədə arxeoloji qazıntılar zamanı miladdan əvvəl V minilliyə aid qızıl boyunbağı tapılmışdır. Sonralar “Ziviyə dəfinəsi” tərkibindəki qızıl sinəbənd, Mingəçevir, Çovdar, Qızılvəng, Dolanlar abidələrindən aşkarlanan ucları ilan və şir şəklində olan boyunbağılar, gərdənliklər, asma medalyonlar miladdan əvvəl I minillikdə artıq zərgərlik sənətinin təkmilləşdiyinin əyani göstəricisidir. Orta əsrlərin dahi mütəfəkkiri N.Gəncəvi “Xəmsə”sində rast gəldiyimiz üzəri sikkələr və gövhərlərlə bəzədilmiş qızıl kəmər, qaşlı və qaşsız üzüklər, “tuği”, “gərdənbənd”, “xalxal”, “zərli həmayıl”, “ənbərinə boyunbağı” Azərbaycan qadınının milli libasının bəzək elementlərinin zənginliyini göstərir. Son orta əsrlərin dastan yaradıcılığında, əsasən, zər-zivər içərisində süstlənən bəy, xan, tüccar təbəqəsinin bəzək əşyaları hesab olunan boyunbağılara (“mərcanə”, “silsilə” və s.) təsadüf olunur. Kamil sənət əsəri səviyyəsində hazırlanan bu bəzək nümunələri bahalı olmaqla yanaşı, zərgərlik incəsənətinin inkişaf durumunu da göstərir. XVII-XIX əsrlərdə boyunbağı istehsalı xeyli inkişaf edərək artıq kütləvi hal almışdır. XIX əsrdə Quzey Azərbaycanında Naxçıvan, Ordubad, Gəncə, Şəki, Şamaxı, Bakı, Quba, Şuşa, Lənkəran və Salyan şəhərləri başlıca zərgərlik mərkəzləri sayılırdı.