Kişi şalvarı
Nümunənin reyestr kodu : SD0304000008
Forma müxtəlifliyi, parça materiallarının çeşidi, rəng çalarlarının əlvanlığı, eləcə də azərbaycanlı kişilərin peşə, zümrə və yaş mənsubiyyəti üst geyimlərində daha çox nəzərə çarpan xüsusiyyətlər olmuşdur. XIX-XX əsrin əvvəllərində kişi üst paltarları beldə saxlanan və çiyinə geyilən olmaqla iki qrupa bölünürdü. Birinci qrupa şalvar, ikinci qrupa isə üst köynəyi, içlik, arxalıq, çuxa, kürk, yapıncı və s. daxil idi.
Şalvarı yoxsullar yer hanasında toxunmuş “qılıcı şal”dan, Şirvan şalından (Zarat şalı, Əlvənd şalı), satınalma ləzgi şalından; varlılar isə mahuddan, məndulədən, diaqonaldan və yekrəng ipək parçalardan tikdirirdilər. Naxçıvan bölgəsində geniş yayılmış “xəşmə şalvar” zərif parçadan hazırlandığı və əyində qəşəng göründüyü üçün xalq yaradıcılığında tez-tez tərənnüm olunurdu: Araz qırağında vardı talvarım, evdə göy çuxam var, хəşmə şalvarım.
Şalvar biçim üsulu və tikiş texnikasına görə dizliklə eyniyyət təşkil edir, ondan balaqlarının uzun (topuğa qədər) və nisbətən enli olması ilə fərqlənirdi. Belə şalvarın qabağı bütöv olmaqla bəzən ciblə də təchiz edilirdi. Qara, yaşıl, bənövüş, qırmızı mahuddan, şaldan və ipəkdən tikilən belə şalvarlar əhali arasında “nifəli şalvar” və ya “musurmanı şalvar” kimi məşhur idi. Varlıların geydiyi qabağı yarıq şalvar “urusu şalvar” adlanırdı. “Musurmanı şalvar”ın bel yerinə nifə tikilərək oraya tumanbağı keçirilirdi. Tumanbağının uclarında qızılı və gümüşü güləbətin sapdan toxunmuş yaraşıqlı qotazları olurdu. Qaba şaldan tikilmiş şalvarların paça yerinə “ağ” və ya “şalvar ağı” (“narvan”, “miyança”) tikilir, yun parça bədəni sürtməsin deyə, pambıq parçalardan astar qoyulurdu. “Musurmanı şalvar”ın ayağı (balağı) topuğun üstündə 10-12 sm. ölçüdə çapıqla tamamlanırdı. Buraya rəngli ip-qaytan tikilirdi. Ümumilikdə isə, şalvarın balağı ayağa geyilən ayaqqabının növündən asılı olaraq ya ayaqqabının boğazlığına qabqarılır, ya da onun üstündə qalırdı. Maldarlıq və qismən də əkinçiliklə məşğul olan kəndlilər şalvarın balağını corabın içinə salır və üstündən dolaq çəkirdilər. Xüsusilə çobanlar dolağı dizə qədər dolayırdılar. Misgər, dabbaq, dəmirçi, dülgər, həllac, şarbaf, bafayçı, çərçi, bəzzaz, tacir, çarvadar, habelə ziyalı və ruhani şəxslər şalvarın balağını açıq qoyurdular. Bu halda ayağa başmaq geyilirdi. Çox vaxt at belində gəzən əsilzadə dövlətli şəxslər uzunboğaz çəkmə geydiklərindən, şalvarın balağını çəkmənin boğazına salırdılar. Varlı gənclər əksər hallarda yaşıl rəngli ipək parçadan şalvar geyinmişlər. Başmaq geyən gənclərin şalvarının balağına çox vaxt bafta tikilirdi.
Kişi şalvarlarının “nifəli” şalvar (musurmanı şalvar), “urusu” şalvar, Avropasayağı “qalifeyi” şalvar kimi müxtəlif növləri vardır. XIX əsrin sonu – XХ əsrin əvvəllərindən ticarət əlaqələrinin daha da genişlənməsi ilə əlaqədar Azərbaycanda qabağı yarıq “urusu şalvar”lar, Avropasayağı biçim tərzli “qalife şalvar”lar da dəbdə olmuşdur. Oğlan uşaqının şalvarının “bağlı” (nifəli), “aşırmalı” və “finka” olmaqla üç növü geniş yayılmışdı. Bu şalvarların növ müxtəlifliyi ilə yanaşı, bir ümumi cəhəti də vardı ki, onların heç birini açıb-bağlamağa ehtiyac yox idi. Bunun üçün şalvarın orta hissəsinə miyança (şalvar ağı) qoyulmur, onun beldən başlayaraq qabağa qədər arası yarıq tikilirdi.
Azərbaycanın geyim mədəniyyəti tarixini araşdıran S.Dünyamalıyeva faktiki materiallar (maddi mədəniyyət nümunələri, təsvirlər) və tarixi məxəzlərdən çıxış edərək göstərir ki, eramızdan əvvəlki minilliklərdəki geyimlərin forması eramızın əvvəllərinə qədər də dəyişməmişdir. Ancaq alətlər (əyirmə və toxuma alətləri) bir qədər təkmilləşmiş, III minillikdə əl ilə hörülərək ensiz zolaqdan ibarət olan və əyinə kip yapışaraq, tam bədən formasını alan geyim, miladdan əvvəl VIII əsrdə eyni formalı, lakin sərbəst biçimli olmuş, miladdan əvvəl VI-V əsrlərdə isə xeyli enli materialdan tikilməklə, qırçınlanaraq kəmərlə beldə yığılmışdır. Arxeoloji qazıntılar zamanı Azərbaycanda tumanbağı toxuyan dəzgahın qalıqlarının tapılması burada əhalinin çox qədimlərdən nifəli şalvardan istifadə etdiyini təsdiqləyir. Bu dövrün kişi və qadın geyimləri də bir-birindən çox fərqlənməmişdir. Erkən orta əsrlərin Azərbaycan kişi geyimləri haqqında ətraflı məlumatları “Kitabi-Dədə Qorqud” dastanından almaq olur. Dastanda bütün geyimlər, bir qayda olaraq, “don” (“ton”) adlandırılır. Burada kişi geyimlərindən şalvarın “mahmudi şalvar” və “al məxmuru şalvar” kimi iki növündən söhbət açılır. Bu şalvarlar mahuddan və məxmərdən tikildiyi üçün belə adlanmışdır. Sonralar kişi şalvarlarının mahiyyətində elə bir dəyişiklik olmamış, ancaq forması dəyişmişdir. Belə ki, şalvarlar XVI əsrdə olduğu kimi, XVIII əsrdə də əsas etibarı ilə aşağıdan dar, yuxarı getdikcə enlənərdi. Bu şalvarlar beldən hörmə, ucları rəngli qotazlı bəndlərlə bağlanardı. XIX əsrin “nifəli şalvar”ları da, demək olar ki, bu formada idi. Yayılma arealına gəldikdə isə XIX-XX əsrin əvvəllərində “nifəli şalvar”ı bütün əhalinin, “urusu” və “qalifeyi” şalvarları isə bəy-xan zümrəsinin, əsilzadələrin və aşıqların əynində görmək olardı.