Fəs
Nümunənin reyestr kodu : SD0302000019
Keçmişdə Azərbaycanda baş geyimlərinin bir qismini dairəvi şəkildə hazırlanan, ancaq başın ortasını tutan fəs təşkil etmişdir. Fəs adlanan kişi baş geyiminin adı bu papaq növünün daha geniş istifadə olunduğu Mərakeşin Fəs şəhərinin adından götürülmüşdür. Fəs yundan, mahuddan və zərif keçədən kəsik konus formasında hazırlanır, təpə hissəsində qara, gümüşü, qızılı və ya göy rəngli 10-15 sm. uzunluğunda hörmə qotazı olurdu. Əyanlar təbəqəsinə mənsub olanların fəsinin qotazı, bir qayda olaraq, qiymətli daş-qaş və muncuqlarla bəzədilirdi. Sonralar fəsi papaqçılar həm də bahalı ipək parçalardan astarlı tikirdilər. Fəsin yan çevrəsi bəzədilmir, ağız yanlarına köbə tutulur, qübbəsi isə tikmə naxışlarla bəzədilirdi. Fəsi ya başa qoyandan sonra onun üstündən çalma dolanır, ya da onu başa müstəqil şəkildə qoyurdular.
Baş geyimi kimi fəs hasilə gətirildiyi materialın növünə (yun və mahud parça, ən zərif keçə, ipək parça), rənginə (qara, qırmızı, yaşıl, göy, bənövşəyi və s.) bir-birindən fərqlənirdi.
Fəsdən baş geyimi kimi nə vaxtdan istifadə edilməsi tarixi məlum deyildir. Sənətşünas S.Y.Sadıxova miniatür nümunələrinə əsasən dini zümrə geyimlərini araşdırarkən qeyd edir ki, din xadimləri başlarına keçədən və ya yundan kəsik konus formasında fəs adlanan dairəvi papaq qoyandan sonra, ətrafına yaşıl çalma dolayardılar. Bu məlumatdan aydın olur ki, fəs orta əsrlərdən baş geyimləri sırasında olmuşdur. Kişi baş geyimi olmaq etibarilə daha çox Mərakeş, Misir, Türkiyə və Qərbi Asiya ölkələrində geyinilirdi. Fəs, həmçinin Albaniya və Yunanıstanın da bəzi bölgələrində kişi milli geyimlərinin tərkibinə daxil edilmişdi. Qərbi Ermənistanın əhalisi, xüsusilə onun Ban, Baspurakan şəhərlərinin əhalisi qırmızı keçədən qara qotazlı tikilən fəsə üstünlük verirdilər. Serbiyada qocalar göy və bənövşəyi rəngli fəs qoyardılar. Bütün hallarda burada fəsin üstündən baş sarığı dolanar, ucları peysər hissədə düyünlənib aşağı sallanardı. Kilikiyada fəsin üstündən bir neçə sarıq vurulardı. Burada gənclərin fəsinin qotazı adətən uzun olub, çiyinə qədər çatırdı. Bəzən qotaz əvəzinə fəsin qübbəsinə gümüşdən bəzəklər bənd edərdilər.
İtaliyada fəs baş geyimi 1853-1856-cı illərin Krım müharibəsindən sonra bersalyerlər arasında, İtaliya-Türkiyə müharibəsinin təsiri altında isə “qaraköynəklilər” arasında yayılmışdı. Faşizm dövründə – 1920-1940-cı illərdə qara rəngli fəs bu hərəkatın əsas simvollarından biri olmuşdur. Misirdə fəs 1950-ci ilə qədər qorunub saxlanmışdır. Fəsdən Krımda yaşayan Krım tatarları da istifadə etmişdilər. Ən yaxşı fəsin Tunisdə hazırlandığı məlumdur. Onun fabrik üsulu ilə istehsalı və Şərq ölkələrinə ixracı təcrübəsi daha çox Saksoniya, Çexiya, Moraviya, Cənubi Fransa və İsveçrəyə məxsus olmuşdur.
Fəs keçmiş Osmanlı imperiyası və ondan asılı olan ölkələrin şəhər əhalisi və kənd ziyalıları arasında geniş dəbdə olmuşdur. Gənclər əsasən qırmızı və ya yaşıl rəngli, yaşlılar isə qara və ya tünd rəngli fəs gəzdirərdilər. Bir faktı da qeyd edək ki, 1826-cı ildən 1925-ci ilə qədər qırmızı rəngli fəs Osmanlı ordusunun zabit-çinovnik və əsgər heyətinin baş geyim forması olmuşdur. M.K.Atatürk tərəfindən keçirilmiş “şlyapa inqilabı” nəticəsində fəs Avropa şlyapası ilə əvəz edilmişdir. Xatırladaq ki, Avropa geyim dəbinə maraq hələ Sultan II Mahmudun dövründən (1808-1839) başlasa da, çox maraqlıdır ki, fəs baş geyimi kimi XX əsrin əvvəllərinə qədər dəyişilməz qalmışdır. Azərbaycana gəldikdə isə, xatırladaq ki, fəs Azərbaycanda o qədər də populyar baş geyimi olmamışdır. Əvvəllər dini zümrəyə xas baş geyimi olsa da, XX əsrin əvvəllərindən etibarən Azərbaycanda ziyalılar və mötəbər şəxslər arasında başlarına fəs qoyanlara ara-sıra təsadüf edilərmiş. Onu ən çox Türkiyədə təhsil alıb qayıdan ziyalılar başlarına qoyardılar.