AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Duvaq

Nümunənin reyestr kodu : SD0302000014

Duvaq – gəlin köçən qızların ata evindən çıxarılıb bəy evinə qədər və ondan sonra gərdəkdə qalan müddətdə başına salınan tül örtüyə deyilir. Keçmişdə duvaq qırmızı ipək parçadan (zərbaf, naz-nazı, qaz-qazı, atlas, tül, xara, zərri, qanovuz və b.) hazırlanır, gəlinin bədənini, adətən, yarıya qədər örtürdü. MATM Etnoqrafiya fondunda mühafizə olunan duvaqlar əsasən qırmızı rəngli qaz-qazı parçadan hazırlanmış və üzəri qızılı rəngli sapla bəzədilmişdir. Gəlinlik duvağı ancaq toy zamanı istifadə edilir, “üzəçıxdı” və yaxud “boy göstərmə” mərasiminə qədər gəlinin başında qalır. Həmin mərasimdən sonra isə toydan qalan əziz bir xatirə kimi saxlanca çevrilib ailə sandığında qorunub saxlanılır. Gələcəkdə eyni nəsildən və ya tayfadan gəlin köçən qız olardısa, həmin duvağı o da baş örtüyü kimi istifadə edirdi.

Duvaqlar ölçülərinə, rənginə, hazırlandığı parça materialının növünə görə bir-birindən fərqlənsə də, mahiyyətcə eyni məqsədə xidmət edirdi.

Adətən, qədim xalqlarda gəlini bəyə göstərməzdilər. Qədim Misirdə gəlinlə bəy bir-birini ancaq toyda görə bilərdilər. Bəyin gəlinin üzündən duvağı götürməsi toy mərasiminin tərkib hissəsi idi. Bu ənənə ərəblərdə, hindlilərdə, Asiya və Avropanın digər xalqlarında da olmuşdur. Qədim yunanlarda, romalılarda və yəhudilərdə gəlin duvağı gəlinin bütün bədənini örtəcək ölçüdə hazırlanırdı. Toydan sonra duvağı gizlədər, qadın dünyasını dəyişəndən sonra üzə çıxardardılar. Bütün bunlar göstərir ki, duvaq yalnız Şərq xalqlarına deyil, dünyanın əksər qədim xalqlarına da məlum olmuşdur. Buna rəğmən, əminliklə deyə bilərik ki, duvaq ilk dəfə türk etnik-mədəni mühitində formalaşmış, sonradan digər xalqlar tərəfindən əxz olunmuşdur. Bunu “duvaq” sözünün türk mənşəli olması da sübut edir. V.V.Radlov bu söz barədə yazır ki, türk dillərində duvaq dedikdə, qırmızı baş örtüyü nəzərdə tutulur.

Duvaq adlı gəlinlik libas əlavəsinin Azərbaycanda istifadə edilməsinin tarixi olduqca qədimdir. “Kitabi-Dədə Qorqud” ensiklopediyasında duvaqdan “qadın baş və üz örtüyü” kimi bəhs olunur. Bu baş geyimi oğuzlar arasında çoxdan məlum idi. Duvaq qadının ailədə sosial mövqeyinin dəyişməsi ilə əlaqədar ötürülürdü. İsmət, namərhəmdən yaşınma rəmzi olan duvağı ərgən qızlar gəlin olan andan etibarən başlarına salır və üzlərini örtürdülər. Həm də oğuzların duvağı əsasən qırmızı rəngdə olurdu: “Ala gözlü oğluna al duvaxlı gəlin aldı”.

Başa duvaq salmaq adətinin mənşəyi haqqında fikirlər müxtəlifdir. Bəziləri onu pis ruhlara qarşı tədbir, digərləri bədnəzərə qarşı qoruyucu vasitə hesab edirlər. Duvaq haqqında fikir söyləyən müəlliflərin əksəriyyəti (E.Q.Kaqarov, B.Abdullayev, N.A.Kislyakova və b.) da bu fikri müdafiə edirlər. Etnoqraf Q.Ə.Qeybullayev isə belə hesab edir ki, gəlinin üzünə duvaq salınması və üstündən belinin bağlanması onun müəyyən bir nəfərə məxsusluğunu ifadə edən əlamətdir. O, öz fikrini “Kitabi-Dədə Qorqud” eposunda Banuçiçəyin əri Beyrək üçün dediyi “al duvağımın yiyəsi” ifadəsi ilə təsdiqləyir. XIX əsrdə Qafqaz xalqlarının ailə məişətini tədqiq etmiş M.Kovalevski də duvağı “kişinin hakimiyyəti” adlandırmışdır. Yəni duvaq qadının kişinin hakimiyyəti altına keçməsinin ifadəsidir. F.Volkov da duvağı qızın oğlana tabeçiliyini bildirən nikah simvolu adlandırmışdır. Keçmişdə gəlin gətirilən zaman bəy ölərdisə və ya öldürülərdisə, onun cənazəsini gəlinin duvağı ilə örtər, qəbirə isə gəlinin kəlağayısı ilə sallayardılar. Bir sözlə, gəlin gedən qızın üzünə salınan duvaq qız ismətinin simvolu hesab olunurdu. Heç vaxt cavan, lakin dul qalan qadın növbəti dəfə ərə getdikdə onun üzünə duvaq salmazdılar. Duvağın od, Günəş, həyat rəmzi sayılan qırmızı rəngdə olması isə onun yas, matəm rəmzi sayılan qaraya əks təşkil etməsi ilə əlaqələndirlirdi. Etnoqraf H.Q.Qədirzadə duvaq haqqında yazır ki, “xalqın inamına görə, qırmızı duvaq qızlıq, bakirəlik, təmizlik və xoşbəxtlik rəmzi sayılırdı. Bir sıra ailələrdə, belə yaylıqlar ayrıca olaraq saxlanır və hər dəfə təzə gəlin gətiriləndə başına salınırdı. Duvaq elə bərkidilirdi ki, yolda külək sala bilməsin. Uzun olduqda isə bəzən kəmərlə bağlanırdı. “Üz duvağı” ilə bağlı inam bütün türk xalqları üçün xarakterikdir”. Duvaq “fata” adı ilə hal-hazırda da gəlin köçən qızların üz örtüyü kimi gəlinlik libasının mühüm tərkib hissəsidir. Sadəcə olaraq rəngi dəyişdirilərək ağ (bəyaz) rənglə əvəzlənmişdir.