AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qolbaq (bilərzik)

Nümunənin reyestr kodu : SD0303000005

Azərbaycanın ənənəvi qol və bilək bəzəkləri içərisində “qolaxçası”, ”bazubənd”, eləcə də bilərzik və ya qolbaq-dasinələr (“həsiri”, “gül”, “eşmə”, “halqa”, “yığma”, “körpü”, “xəngəli”) üstünlük təşkil edirdi. Üzəri qiymətli daş-qaş və ləl-cəvahiratla tərtiblənmiş “bazubənd” gümüşdən hazırlanan kişi qol-bilək bəzəyi kimi məlum olsa da, məhdud dairədə işlənmiş, “qolaxçası” isə cavan gəlin və qızların bəzək əşyaları kompleksinə daxil edilmişdir. Təxminən 2-2,5 sm enində dairəvi formada olan “qolaxçası” üzərinə kiçik və zərif zəncirlər vasitəsilə gümüş pullar bənd edilmiş bəzək növü idi. Hərəkət və rəqs zamanı, “tetir”, “alınlıq” (“qabaqlıq”), “sallama kəmər”, “piyalə-zəng” sırğa, xüsusi əndazə ilə tərtiblənən ”qızıl ətəklik”, libasa bənd edilən “zınqırov-qumroy”larla birgə həmahəng cingiltili səslər verən “qolaxçası”, demək olar ki, əksər gəlin və qızların bəzək dəstində mühüm yer tuturdu. Qolbaqlar da azərbaycanlı qadınlar arasında geniş yayılmış bəzək növü olub, qədim dövrlərdən başlayaraq müasir dövrümüzə qədər istifadə olunmaqdadır.

Muncuq qolbaq (bilərzik) müxtəlif qiymətli və yarımqiymətli daşları sapa (ipə) düzməklə hazırlanırdı. Bu məqsədlə mərcan, əqiq, şəvə, mirvari və gözmuncuğundan istifadə olunurdu. Bəzi hallarda isə xırda doğranmış muncuqlar iki və ya üç cərgə düzülərək qola bağlanırdı. Belə qolbaq-bilərziyi adətən qız uşaqları, körpələr, bəzən də imkansız qadınlar gəzdirirdilər. Gümüşdən hazırlanan qolbaq-bilərziklər həm qəlibdə tökmə üsulu ilə hazırlanır, həm şəbəkə uslubunda hasilə gətirilir, həm də nazik gümüş məftildən hörülürdü. Qızıldan hazırlanan qolbaq-bilərziklər isə “əncaməli”, “gül qolbaq” və “basma üsulu ilə hazırlanan qolbaq-bilərzik” kimi üç tipə ayrılırdı. Bunlardan bəzilərinin istehsal texnologiyası ilə tanış olduqda onların bəzək-zinət əşyası kimi dəyərini düzgün dərk etmək olur. Məsələn, Bakıda və Abşeron kəndlərində şəbəkə üsulu ilə hazırlanan qolbaq-bilərziyi hazırlamaq üçün 11 ədəd doqquz lələkli gül formasında olan şəbəkəli bəzək ünsürləri bir-birinə yuxarı və aşağı tərəfdən kiçik ölçülü halqalarla bərkidilirdi. Onun açılıb-bağlanmaq üçün xüsusi özəyi olurdu. Şəbəkəli güllərin iki tərəfinə kiçik halqalar vasitəsilə zəncir keçirilir və onlara ürək formasında olan şəbəkəli medalyonlar bənd olunurdu. “Əncaməli qolbaq”da isə qolbağın hər iki tərəfinə kiçik halqalar vasitəsilə zəncir keçirilir və onlardan iki ədəd içərisi boş kürələr asılırdı. Orta hissəyə isə şəbəkəli medalyon bənd olunurdu. Bu növ qolbaq-bilərziklər əsasən yüksək təbəqəyə aid varlı qadınların geyimlərini bəzəyirdi.

“Həsiri” bilərzik (dasinə) Lənkəran-Astara və Muğan bölgələri üçün xarakterik qol bəzəyi idi. Eyni formalı və eyni bəzəkli 50 ədəd qızıl hissədən tərtiblənən bilərziyin hər iki kənarında sap keçirmək üçün dəliklər olurdu. Sapa düzdükdən sonra bilərzik qola bağlanır, sapların ucları düyünlənir və düyünün üstünə qızıl düymə bənd edilirdi. Qolun ölçüsündən asılı olaraq qızıl hissələrin sayı artırılıb azaldıla bilərdi. Dekor-naxış tərkibinə gəldikdə isə qolbaq-bilərziklərdə “gül”, “yarpaq”, “balıq”, “ürək” və s. təsvirlər üstünlük təşkil edirdi.

Materialına görə qolbaqlar (bilərziklər) muncuq, şüşə, mis, tunc, gümüş və qızıldan hazırlanan qolbaqlar olmaqla təsnif olunmuş, formasına görə isə onların müxtəlif tiplərdə mövcud olmuşdur. Muncuq, şüşə, tunc və mis qolbaqlar (bilərziklər) tarixinə görə daha qədim olub, əsasən, arxeoloji qazıntılardan əldə edilmişdir.

Urmiya gölünün cənub-şərqində yerləşən Ziviyədən tapılmış və miladdan əvvəl VIII-VII əsrlərə aid edilən şir başları ilə bəzədilmiş qızıl bilərzik dünyanı heyran qoymuşdur. Bilərzik hazırda Nyu-Yorkun Metropoliten muzeyində saxlanılır. Azərbaycanın Mingəçevir, Xaçbulaq, Xanlar (Çovdar), Binəqədi, Qızılvəng, Vardanlı, Gədəbəy və b. ərazilərində aparılan arxeoloji qazıntılar zaman miladdan əvvəl I minilliyə aid çoxlu miqdarda mis, tunc, şüşə və muncuq qolbaqlar əldə edilmişdir. Onlar həm dairəvi (qapalı), həm də qarşı-qarşıya duran şir, qoyun və ilan başlığı ilə tamamlanan açıq dairə şəklində düzəldilmişdir. Aparılan tədqiqatlardan aydın olur ki, Qafqaz Albaniyasının orta əsr sənətkarlıq mərkəzlərində (Qəbələ, Mingəçevir, Gəncə, Bakı, Şamaxı, Naxçıvan, Beyləqan, Şabran və b.) digər kustar sənət sahələri ilə yanaşı, bəzək-zinət istehsalı sahəsi də hərtərəfli inkişaf etmişdir. Geyimlərə xüsusi yaraşıq verən bəzək məmulatlarının, o cümlədən qolbaq-bilərziklərin hazırlanması və satışı XVIII-XIX əsrlərdə yüksələn xətlə inkişaf etmişdir. XIX əsrdə Quzey Azərbaycanında Naxçıvan, Ordubad, Gəncə, Şəki, Şamaxı, Bakı, Quba, Şuşa, Lənkəran və Salyan şəhərləri başlıca zərgərlik mərkəzləri sayılırdı. XIX əsrin 50-ci illərində Gəncədə 24 zərgər, 80-ci illərdə Qazax qəzasının Şəmşəddil sahəsində 3, Zəyəm stansiyasında 2 gümüşbənd, XIX-XX əsrin hüdudlarında isə Bakıda 130 nəfər qeydiyyatdan keçmiş zinət ustası və 89 nəfər şagird, Şamaxıda 25, Salyanda 13, Qubada 12, Gəncədə 33, Nuxada 22, Şuşada 12 nəfər zinət ustası fəaliyyət göstərmişdir. Onların hazırladıqları bəzək-zinət növləri arasında qolbaq-bilərziklər də əhəmiyyətli yer tutmuşdur.