AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Daş-qaş

Nümunənin reyestr kodu : SD0303000009

Etnoqrafik materialların təhlili göstərir ki, Azərbaycan qadınlarının bəzək-zinət əşyalarının hazırlanmasında müxtəlif qiymətli daş-qaşlar (mirvari, yaqut, əqiq, almaz, kəhrəba, zümrüd, firuzə, mərcan, şəvə, hətta brilyant və s.) mühüm yer tutmuş, mürəkkəb əsaslı zinət məmulatlarının (tac, cütqabağı, gəlintac, təsəkqabağı, qarmaq, boyunbağı, yaxalıq, ətəklik, sırğa, üzük, bilərzik, kəmər və s.) dekor tərkibi olmuşdur. Xüsusilə qaşlı üzüklər (firuzə, yaqut, zümrüd, ləl, billur, əqiq, kəhrəba üzüklər), mirvari və inci düzümlərindən ibarət olan yaxalıqlar, “şəddə” adlanan mirvari boyunbağı, qaşlı sırğalar və s. cəvahirsazlıq sənətinin meydana gəlməsindən sonra geniş şəkildə istehsal olunmuşdur. Bu qiymətli daşlardan bir çoxu ölkəyə karvan ticarəti vasitəsilə Şərq ölkələrindən gətirilirdi. Araşdırıcıların yazdığına görə, ən yaxşı firuzə daşı İranın Nişapur mədənlərindən gətirilən daş hesab olunurdu. O, təkcə Azərbaycanda deyil, Türkiyə, Misir, Çin və b. Şərq ölkələrində istifadə olunan sevimli daşlardan sayılırdı. Əqiq daşının vətəni isə Hindistan və Yəmən hesab olunurdu. Xalq arasında bu qiymətli daş-qaşların hər birinin fərqləndirici cəhəti, xarakterik xüsusiyyəti olmuşdur ki, bu da onlara tapınma, güclü inam yaratmışdır. Məsələn, inama görə, firuzə insana xoşbətlik, xoş əhval-ruhiyə gətirir, bədnəzərdən qoruyur, onda qələbə hissi yaradır. Qara rəngli şəvə muncuğun insanı qorxudan, bədnəzərdən və şər qüvvələrdən qoruduğuna inanılır. Tilsimli daş hesab olunan zümrüd haqqında isə deyirlər ki, o, gözü qoruyur, onun işığını artırır. Zümrüd doğuşdan tez xilas olmaq, ürəyi qüvvətləndirmək, bəzi xəstəlikləri sağaltmaq, zəhəri kəsmək kimi qoruyucu funksiyalar da yerinə yetirir. Mirvari daşının da qoruyucu funksiyaları olduğundan bəzək əşyalarının hazırlanmasında geniş istifadə olunmuşdur. Etnoqraf K.Hadıyeva yazır ki, rəngli daşların gözəlliyi və onların müalicəvi xarakteri insanların diqqətini hələ qədimdən cəlb etmiş və dövrümüzə qədər onlara inam güclü olmuşdur. Hətta ilin hər ayının öz daşı olmuşdur. Məsələn, yanvar – yaqut, fevral – ametist, mart – yəşəm, aprel – dağ billuru, may – zümrüd, iyun – mirvari, iyul - əqiq, avqust – xrizament, sentyabr – sapfir, oktyabr – opal, noyabr – topaz, dekabr – firuzə daşı sayılır. İndiki dövrdə də bəzi qadınlar aylara uyğun bəzək daşı gəzdirməyi sevirlər.

Tipoloji təsnifat baxımından qiymətli daş-qaşlar bəzək-zinət əşyalarının, libasa bəndlənən bəzəklərin və məişət əşyalarının (silah dəstəyi, silah qabı, yəhər qaşı, qab-qacaq, əsa və s.) bəzədilməsinə işlənən daş-qaşlar kimi qruplaşdırılırdı.

Zərgərlikdə daş-qaşdan istifadə edilməsinin qədim tarixi olmuşdur. Xocalıdan aşkar edilmiş II minilliyin sonu – I minilliyin əvvəllərinə aid edilən əqiq muncuqlar bunu sübut edir. Dahi mütəfəkkir N.Gəncəvi “Xəmsə”də bəzəklərlə bağlı xalq təsəvvürlərindən, daş-qaş və zər-zivərin rəmzi məna daşımasından, onların çeşidinin müxtəlifliyindən və milli ornamentlərinin (bəzək dekorunun) misilsiz təkrarsızlığından ürəkdolusu bəhs etmişdir. Onun əsərlərində rast gəldiyimiz üzəri sikkələr və gövhərlərlə bəzədilmiş qızıl kəmər, qaşlı və qaşsız, tacidar möhürü rolunu oynayan üzüklər, “tuği”, “gərdənbənd”, “xalxal”, “zərli həmayıl”, “ənbərinə boyunbağı”, “tac”, saça taxılan ağ möhrələr, sırğalar, eləcə də libasa vurulan bəxyələr Azərbaycan qadınının milli libasının bəzək elementlərinin zənginliyini göstərir. Şihabəddin Məhəmməd ən-Nəsəvi əsərlərində bəzək daşlarından yaqut, rubin, zümrüd və firuzənin adlarını çəkir, ləl-cəvahiratla bəzədilmiş bir kəmərin təsvirini verərək, onun üzərində ovuc böyüklüyündə yüksək keyfiyyətli bir bədəxşanın olmasından ağızdolusu bəhs edir. Bu fakt orta əsrlərdə də daş-qaşların bəzək dekoru kimi geniş istifadə edildiyini sübut edir.

XVI əsrdə Şamaxıda Abdulla xanın qonağı olmuş ingilis səyyahı A.Cenkinson hökmdarın geyimini təsviri edərkən yazırdı: “Hökmdar özü orta boylu və zəhmli adam idi, uzun ipək parçalardan bahalı mirvarilər və daş-qaş düzülmüş paltar geyinmişdi. O, başına şiş uclu, yarım yard uzunluğunda (ingilis ölçü vahididir, təxminən 1 yard=91,44 sm) zəngin qızılı parçadan türban (papaq – F.V.) qoymuşdu, üstündən 20 yard uzunluğunda, qızılı sapla tikilmiş hind ipəyindən çalma bağlamışdı. Türbanın sağ tərəfində mina ilə zərif bəzədilmiş və daş-qaş düzülmüş qızıl lüləyə lələk çələngi taxılmışdı. Onun sırğalarının əl içi boyda asılı uclarına qiymətli iki yaqut qoyulmuşdu”.

XIX-XX əsrin əvvəllərində də cəvahirsazlıq sənəti yüksələn xətlə inkişaf etmişdir. Qiymətli daş-qaşla süstlənmiş zər-zəbərcəd, bahalı geyim bəzəkləri və məişət avadanlıqları bütün zamanlarda yüksək təmin olunmuş sosial zümrənin istifadəsində olmuşdur. Kombinə edilmiş şəkildə (qiymətli metallarla ləl-cəvahiratın kombinəsi) hazırlanan zinət və zər-zəbərcəd baha başa gəldiyindən, imkansız qadınlar ucuz daşlardan, adi şüşədən, misdən, tuncdan, hətta bəzi meyvələrin çəyirdəklərindən (iydə, xurma və s.) sapa düzməklə bəzək şeyləri hazırlayıb gəzdirir, toyda, el şənliklərində isə varlı qadınlardan daş-qaşlı zinət-bəzək əşyalarını 1-2 günlüyə “birovuz” götürürdülər.