AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Darbalaq

Nümunənin reyestr kodu : SD0305000004

Darbalaq bədənə kip yapışan geyim növü olub, taylı tumanın altından geyilirdi. Balaqları qısa və dar biçilən darbalaq qadın bədəninin qıç nahiyələrini soyuqdan yaxşı mühafizə edirdi. O, Şəki-Zaqatala, Gəncəbasar, Naxçıvan və Abşeron bölgəsinin yaşlı qadınlarının geyim kompleksində əsas yer tutmuşdur. Etnoqraf Q.T.Qaraqaşlı ayrım etnoqrafik qrupunun yaşlı qadınları arasında XX əsrin ortalarına kimi darbalağın geniş istifadədə olduğunu qeyd etmişdir. Ayrım qadınları onu ikibalağın (cütbalaq, taylı tuman) altından geyir, pambıqdan kustar üsulla hazırlanan bağ vasitəsilə beldə büzüb bağlayırdılar.

Naxçıvan bölgəsində darbalaq “topuqluq” adı ilə məlum idi. Topuqluq ipəkdən gen şəkilli biçmə üsulu ilə hazırlanır, balaqları və beli qaytanla büzülürdü. İranda və Təbrizdə daha çox dəbdə olan belə qadın alt paltarı oradan da Naxçıvana gətirilirdi. Abşeronda qadınların darbalaq geydiklərini vaxtilə buraya səyahət edən S.Q.Qmelin də müşahidə etmişdi. O yazırdı ki, burada “qadınlar da kişilər kimi şalvar geyir, lakin bunların şalvarı kişilərinkindən fərqli olaraq daha dar olur və qıçlara möhkəm yapışır”.

Zaqatala bölgəsinin ayrı-ayrı əhali qrupları arasında bu geyim tipinin müxtəlif adları olmuşdur. Belə ki, avarlarda “xebet”, saxurlarda “bada”, “vaxçek”, ingiloylarda “nibxavi”, “mukasar” və ya “mukasa” adlanan darbalaq azərbaycanlılar arasında bəzən “dizlik” və “badış” da adlanmışdır. Qədimdən məlum olan bu geyim növü Azərbaycanın digər etnik qrupları (udinlər və “Şahdağ qrupu xalqları”) arasında da mövcud olmuşdur.

Adətən, ata rahat minmək və köç yollarında sərbəst hərəkət etmək üçün elat qadınları darbalaq geyməz, taylı tumanın balaqlarını badışın (ayaqlığı olmayan toxunma corab) içərisinə qabqarıb, qatma (hörmə ip) ilə bağlayаrdılar. Maraqlıdır ki, bəzi tədqiqatçılar dizlik ilə darbalağın eyni geyim növü olduğunu iddia edirlər. Əslində dizlik kişi alt paltarı, darbalaq isə qadınların geyindiyi alt geyimidir. Bundan başqa, kişi dizliyindən fərqli olaraq darbalaq nisbətən uzun biçilir, ayaq hissədən balağına başqa rəng parçadan eninə köbə verilir, çox zaman da oraya köbə əvəzinə qırçın qoyulurdu.

İrəvan və Naxçıvan bölgəsində, habelə Şimal-Şərqi Azərbaycanda darbalaq “işdan” adı ilə qeydə alınmışdır. Bu sözün etimoloji mənası mənşə etibarı ilə qədim türkcə “iç don”, “iş ton” sözlərindən olub, rusların “ştanı” sözü ilə oxşarlıq təşkil edir. Beldən bağlanan bu alt paltarı “dəyişəcək” adlanmaqla, tarixən “iç don”, “ara tumanı”, “dizlik”, “şəltə”, “alt tumanı”, “darbalaq”, “ikibalaq”, “cütbalaq” və s. adlarla bəlli olmuşdur.

Biçim tərzi şalvarla eyni olduğu üçün Şərq xalqlarının geyimlərini tədqiq edən tədqiqatçılar darbalağı çox vaxt şalvar adı ilə təqdim etmişlər. 1666-cı ildə Azərbaycanda olmuş fransız səyyahı J.Şarden yazırdı ki, “Şərq qadınları kişilər kimi uzunluğu dizə qədər olan şalvar geyinirlər. Ona görə də onlar rəqs edərkən əl-ayaqlarından başqa, bədənlərinin heç yeri görünmür. Digər bir səyyah F.Kotov da bütün qız və qadınların şalvar geydiklərini qeyd etmişdir. Orta əsrlərdə geyinilmiş qadın dizliyi əslində elə darbalaq olmuşdur. Belə ki, “Köçərilərin həyatı” adlı miniatürdə paltar yuyan və çadırda oturan qadının darbalağı zolaqlı parçadan olub, uzunluğu topuğa qədərdir. Darbalaq XVIII-XIX əsrlərdə də qadın geyim dəstində mühüm yer tutmuş, XX əsrin ortalarına kimi öz varlığını qoruyub saxlamışdır. Hazırda da bəzi yaşlı qadınların istifadəsində qalan darbalaq müəyyən dəyişikliklərlə (parça materialı, biçim tərzi, forması və s.) istifadə olunur.