Dizlik
Nümunənin reyestr kodu : SD0305000005
Kişi alt paltarının digər bir elementi dizlik idi. Biçim üsulu və tikiş texnikası cəhətdən dizlik nifəli şalvar ilə tipoloji oxşarlıq təşkil edirdi. Bununla belə, şalvardan fərqli olaraq dizlik bədəni dizə qədər kip tuturdu. Bunların hər ikisi baş tərəfdən yarıqsız olub əlavə nifə ilə tamamlanırdı. Onların beldə saxlanma tərzi də eyni olurdu. Onların hər ikisi nifəyə keçirilmiş tumanbağı (“belbağı”, “şalabənd”, “xoncar”) vasitəsilə beldən bağlanırdı. Dizlik həm də parça materialının növünə və rənginə görə şalvardan fərqlənirdi. Dizlik, adətən, hər kəsin imkanından asılı olaraq ağ, bez, batist, midqal, bəzən çit, sətin, şilə, qədək kimi pambıq parça növlərindən tikilirdi. Onun balaqlarının arası “paça” yerinə qədər müstəqil tikildikdən sonra baş hissədə bir-birinə bitişdirilirdi. Dizliyin balaqları trapez formada olub, aşağı getdikcə nazilirdi. Bu səbəbdən də onun balaqlarının ayağında iç tərəfdən 10-15 sm ölçüdə ”yarıq” qoyulurdu. Əməli məqsəd daşıyan həmin yarıqlar həm dizliyin geyinilib-soyunulmasını asanlaşdırır, həm də soyuq havanın bədənə daxil olmasına mane olurdu. Bu məqsədlə yarıqların hər iki qulağına qaytan tikir və həmin qaytanlar vasitəsilə onu baldıra kip bağlayırdılar.
Dizliyin paçasına, bir qayda olaraq, əlavə miyança qoyulurdu. Bəzi bölgələrdə buna “kəlööz”, “ağ”, “tuman ağı”, “xişdək”, yaxud “narvan” da deyilirdi. Azərbaycanın ayrı-ayrı etnoqrafik bölgələrində miyançanın müxtəlif formalarına təsadüf olunur. Bunların arasında kvadrat və romb şəkilli miyança növü çoxluq təşkil edirdi. Bəzi etnoqrafik bölgələrdə miyança nifəyə çatacaq qədər böyük ölçüdə biçilirdi. Bu halda miyançanı iki qatlayıb trapez formasında biçirdilər. Dizliyin “boy yeri” adlanan baş hissəsi yarıqsız (bütöv) tikildiyindən onu hər iki tərəfinə geyinə bilirdilər. Bu hal dizliyin istifadə müddətinin uzanmasına imkan verirdi. Dizliyi beldə saxlamaq üçün onun başına 10-15 sm enində ayrıca nifə tikilirdi. Onun həm qabaq, həm də arxa tərəfində xüsusi “bağ yeri” qoyulurdu.
Dizliyin elə bir təsnifatı yoxdur. Yalnız parça materialına, rəng seçiminə və bir də onu geyinənin bədən ölçülərinə görə fərqli olurdu.
Ənənəvi kişi alt paltarının bir elementi olan dizliyin geyim dəstinə daxil olma tarixi çox qədimdir. Azərbaycan xalq geyimləri haqqında “Kitabi-Dədə Qorqud” dastanında kifayət qədər məlumatlara rast gəlsək də, təəssüf ki, alt paltarları haqqında heç nə deyilmir. Etnoqraf Q.Ə.Rəcəbli belə məlumatın verilməməsinin təbii olduğunu qeyd edərək yazır ki, yüksək əxlaq normalarına malik olan ən nadir ədəbi abidədə alt geyimlərindən söhbət salmaq etik prinsiplərə uyğun gəlməzdi. Bu fikirlə biz də şərikik. Bununla belə, geyim araşdırıcıları təsdiq edirlər ki, erkən orta yüzilliklərdə kişi alt bel geyimi sadə, ağ parçadan tikilmiş dizlikdən ibarət olmuşdur. Rəssam Əbdül Mömin Məhəmməd əl-Xoyinin XIII yüzilliyin əvvəllərində çəkdiyi “Vərqa və Gülşa” miniatüründə əsir düşmüş Vərqanın əynində ağ rəngli, iri naxışlı, gen biçimli dizlik təsvir edilmişdir. Sonralar “Kəlilə və Dimnə” əsərinə 1360-1374-cü illərdə Təbrizdə çəkilmiş “Aldanmış oğru” miniatüründə kişi alt geyimləri təsvir olunmuşdur. Təsvirdə ev sahibinin əynində ağ rəngli, yuxarıdan gen, ayaqda dar və xeyli uzun olmaqla topuqda büzmələnmiş dizlik vardır. XVI-XVII əsrlərdə çəkilən miniatürlərdə də dizliyin təsvirinə rast gəlirik. Belə ki, XVI əsrdə çəkilən “İsgəndərin yəcuc-məcuclara qarşı sədd çəkdirməsi” miniatüründə işçilərin əyinlərində ağ rəngli dizliyin olduğu aydın görünür. Dizlik yuxarıdan gen olub, balağa doğru daralır. Bütün bu faklar sübut edir ki, dizlik kişi geyim dəstində uzun zaman kəsiyində mövcud olmuş, XIX-XX əsrin əvvəllərinə kimi geyilmiş və sonralar istifadədən çıxmışdır.