Qəbiristanlıq
Nümunənin reyestr kodu : DA0204000016
Bir çox dünya xalqlarında dünyasını dəyişənlərin basdırılması üçün nəzərdə tutulmuş xüsusi sahə qəbiristanlıq adlanır. Araşdırmalardan aydın olur ki, Azərbaycan dilindəki qəbir sözü qədim akkad dilindəki “qeberu”, “qebru”, “quburu”, “qubirtu”, “qabbiru”, “naqbaru” və ivrit dilindəki “qever” sözləri ilə eyni mənanı ifadə edir. Keçmişdə hər bir yaşayış məskəninin (şəhər, kənd, qəsəbə) tarixən ayrıca qəbiristanlığının olması onun mövcudluğunun mühüm göstəricisi kimi qəbul edilmişdir. Qəbirlərin quruluşu (piramida, kurqan, torpaq, daş qutu, küp, katakomba, quyu qəbirlər, türbə, sərdabə və s.) ilə əlaqədar olaraq qəbiristanlıqlar da müxtəlif olmuşdur. Qəbiristanlıqlar ərazisinin əhatəliliyinə, formasına (düzbucaqlı, dairəvi, kvadrat, çoxtərəfli və s.) və görkəminə (planlı şəkildə salınan, nizamsız-pərakəndə) görə bir-birindən seçilirlər. Adətən, qəbiristanlıq ziyarət yeri, dünyasını dəyişənlərin ruhlarının dolaşdığı müqəddəs və hüznlü məkan, xatirə-memorial abidələrinin çoxluğu ilə fərqlənən ərazi hesab olunur. Qəbiristanlıqda məşhur həkkak və daşyonan ustaların ucaltdıqları abidə kompleksi (baş daşı, sinə daşı, sənduqə və s.), eləcə də onların üzərindəki yazılar (epitafiya) həmişə qiymətli tarixi yadigarlar kimi dəyərləndirilmişdir.
Qəbiristanlıqların tipləri və mahiyyəti bu və ya digər xalqlarda qəbul edilmiş dəfn etmə adətləri və üsulları, din, sekta, sosial qruplar və s., eləcə də hökumət dairələri tərəfindən müəyyən edilmiş inzibati və sanitar normalar ilə müəyyən olunur.
Mütəxəssislər qəbiristanlığın tarixinin qədim olduğunu və Daş dövründə meydana gəldiyini söyləyirlər. İbtidai icma quruluşu dövründə ölülər evlərin yaxınlığında, arasında və içərisində dəfn edilmişdir. Bu dövrdə geniş məzarlıqlar mövcud olmamışdır. Orta əsrlərdə taun, vəba kimi xəstəliklərin sürətlə yayılması nəticəsində cəsədlər insanların yaşadığı ərazilərin kənarında dəfn edilməyə başlanılmış və beləliklə kütləvi dəfnetmə məkanı – qəbiristanlıq təşəkkül tapmışdır. Azərbaycanda qədim qəbiristanlıqlar Kültəpə, Mingəçevir, Xocalı, Xaçbulaq, Xınıslı, Vardanlı, Qəbələ, Torpaqqala və s. yerlərdə aşkar edilmişdir. Qəbiristanlığın arxeoloji cəhətdən öyrənilməsi ilə müxtəlif dövrlərdə yaşamış əhalinin sosial-iqtisadi həyatı, məişəti, mədəni-ticarət əlaqələri, maddi və mənəvi mədəniyyəti haqqında zəngin və təzkibedilməz məlumatlar əldə etmək mümkündür.
İbtidai-icma və ilkin feodal cəmiyyətləri dövrünə aid edilən kütləvi dəfn yerlərini məzarlıq adlandırmışlar. Antik dünyada, Qədim Şərqdə, Aralıq və Qara dəniz ətrafı ölkələrdə məzarlıqlara nekropol deyilmişdir. Rusiyada kənd qəbiristanlığı Poqosta adlanırdı. Dünya üzrə görkəmli şəxslərin dəfn olunduğu məkan Panteon adlansa da, Azərbaycanda buna Fəxri Xiyaban deyilir. Hazırda Azərbaycanda mövcud olan İmamzadə, Səbizkar (Gəncə), Şahxəndan (Şamaxı) qəbiristanlığı, Birinci və İkinci Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, eləcə də keçmiş Çənbərəkənd, Yasamal qəbiristanlıqları və b. xalqımızın müqəddəs ziyarətgah məkanı, ulularımızın, şəhidlərimizin anım yeridir. Keçmiş SSRİ məkanında dünyaca məşhur olan Nobodeviçye, Preobrajenski, Vaqankovski, Lazarevo (Moskva); Aleksandr Nevski, Volkov, Smolyansk (Sankt-Peterburq); Baykovo (Kiyev); Bratsk və Raynitsa (Piqa); Mtatsminde Panteonu (Tbilisi); Lıçakovski (Lvov); Metsakalmistu (Tallin); eləcə də xarici ölkələrdə – məşhur ideoloq, iqtisadçı, siyasi xadim K.Marksın dəfn oplunduğu Hayget (London), Per-Laşez (Paris), Arlinqton (Vaşinqton), Kamposanto (Piza və Genuya) qəbiristanlıqları mənsub olduqları xalqların fəxri, inanc, inam və güvən yerləri olub, daim xatırlanır və ziyarət olunur.
-
Şimali Azərbaycanın tunc dövrü kurqan dəfn ənənəsinin...
Pərviz Qasımov
2017
- Tərtibçi və biblioqrafiya
-
К хронологии обряда кувшинных погребений...
В.А. Асадов
2010
-
Похоронные и поминальные обряды у Азербайджанцев
Наргиз Кулиева
2008