Dingə
Nümunənin reyestr kodu : SD0302000012
Keçmişdə geymə (qoyma, sarıma) tipli qadın baş geyimlərinin bir qismini mürəkkəb quruluşlu “dingə” və “çalma”lar təşkil edirdi. Naxçıvan, Şirvan, Şəki-Zaqatala və Qərb bölgələrində qadın geyim dəstinə daxil edilən dingə iydə, söyüd və ya tənək çubuqlarından hörülmüş “çənbər” adlanan dingə səbətinin üzərinə şal və ya qalın ipək örpək sarımaqla qurulurdu. Dingənin Gürcüstan azərbaycanlılarının da qadın baş geyimləri arasında xüsusi yeri olduğunu vaxtilə rus etnoqraflarından N.Q.Volkova və A.Q.Trofimova qeyd etmişdilər. Dingədən fərqli olaraq çalma təsəyin (araqçının) üzərinə sarınırdı. Başda möhkəm dayanması və əndazəsinin pozulmaması üçün adətən dingəyə qızıl qarmaq bənd edər, üstündən isə örpəklə bağlayardılar. Etnoqraf Ə.Ə.İzmaylova Qərb bölgəsində dingənin “qəmzə” adlanan bir və ya bir neçə ipək yaylıqdan sarındığını qeyd edir.
Şirvan tarixi-etnoqrafik bölgəsində şaldan qurulan bu baş geyimini hazırlamaq üçün böyük baş şalını dingə səbətinə bənzər şəkildə elə qururdular ki, onun şiş ucu dik qalxıb sol qulağın üstünə tərəf əyilirdi. Ona görə də el arasında çox vaxt ona “əyri dingə” deyilirdi. Başda dayanması üçün əyri dingəni örpəklə bağlayırdılar. Örpəyi dingənin təpəsindən salıb uclarını boğazın altında çarpazlayaraq boyunun ardında bir-birinə bağlayırdılar. Dingənin vəziyyətini pozmamaq üçün bu onun üstündən qızıl qarmaq vurulurdu. Şirvanda körpə yaşlarından qızlara dingə sarımağı, çalma bağlamağı öyrədərdilər. Bununla belə, kamil dingə sarıyan səriştəli qadınlar az olardı.
Naxçıvanda, xüsusilə də Ordubad bölgəsində gənc qadınların geydikləri belə baş geyimi – “kərkə”, ahıl qadınların geydikləri isə daha arxaik baş geyimi hesab olunan “dingə” adlanırdı. Kərkə qaytanlarlа və kəsmə metal lövhələrlə bəzədilirdi. Azərbaycanın bölgələrində dingənin üzərinə vurulan bəzəklər və zinət əşyaları onun sahibinin maddi vəziyyətini aydın əks etdirirdi. Yoxsul və ortabab ailədən olan qadınların dingəyə vurduqları bəzəklər üzəri gümüş pullu “tetir” və “qabaqlıq”dan, həmçinin tunc qarmaqdan ibarət olurdu. Varlılarda isə bütün bunları qızıldan, az miqdarda isə gümüşdən hazırlanmış zinət şeyləri (pərək, aypərək və s.) tamamlayırdı.
Şirvan bölgəsində dingə digər bölgələrdən fərqli olaraq çubuqlardan deyil, birbaşa baş şalını dingə səbəti formasında bağlamaqla qurulurdu. Ondan Azərbaycanda yaşayan udinlər və ermənilər də istifadə edirdilər. Ön tərəfinə sikkələr və digər bəzəklər bənd edilmiş dingəyə udinlər “qatar”, ermənilər isə “pali” deyirdilər. Qatarı başda saxlamaq üçün onun üstündən “çələbənd” və yaxud “çənəbənd” sarıyırdılar. Çələbənd bir-birinə iplə (qaytanla) bağlanmış iki üçbucaq formalı parçadan ibarət olurdu. Onu dingəyə (“qatara”) sarıyanda üçbucaqlar qulaq üstünə düşürdü. Qaytanın ucları isə boğazın altında düyünlənirdi. Adətən, çələbənd qırmızı parçadan olur, onun kənarlarına asma bəzəklərlə süstlənmiş zəncir (“çüçub”) tikilirdi.
Dingə müxtəlif xalqlarda formaca fərqlənsə də, mahiyyətcə eyni olmuşdur. Etnoqrafik materialların təhlili göstərir ki, dingə çalmadan xeyli əvvəl meydana gəlmiş və çox erkən də məişətdən çıxmışdır. R.Əfəndizadə dingənin aradan çıxmasının səbəbini onun mürəkkəb quruluşa malik olmasında və qurulmasına çox vaxt sərf edilməsində görür.
Arxeoloji qazıntılardan əldə edilən dingələr XIX-XX əsrin əvvəllərində istifadədə olan qadın dingələrindən xeyli fərqli olmuşdur. Xaçbulaq, Qızılvəng, Çovdar, Mingəçevir və Dolanlardan zəngin kurqan, daş qutu və torpaq qəbirlərdən tapılan qədim dingələr tuncdan hazırlanmaqla, alın bəzəyi kimi düşünülmüş, onların getdikcə ensizləşən uclarında nazik bağ vasitəsilə başa bağlamaq üçün dairəvi deşik açılmışdır. Belə dingələr qədimdə həm kişilərin, hə də qadınların baş bəzəyi olmuşdur. Sonralar get-gedə təkmilləşən dingə artıq ağac çubuqlar üzərinə şal sarımaqla qurulmuşdur. Dingə bütün Cənubi Qafqaz üçün xarakterik baş geyimi olmuşdur.