AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bazubənd

Nümunənin reyestr kodu : ST0704000002

Azərbaycandilli lüğətlərin əksəriyyətində bazubəndin üç tipoloji növünün olduğu qeyd edilir: 1. Qolbaq-bilərzik; 2. Qədim döyüşçülərin zərbələrdən müdafiə məqsədilə qollarına geydikləri dəmir qolçaq; 3. İçərisində nəzər duası, yaxud dua kitabçalarının bir nüsxəsi qoyulmuş meşindən və ya parçadan hazırlanmış qovluq, yəni, qolbənd. Bazubənd kişi döyüş libasını tamamlayan zirehin bir hissəsi kimi meydana gəlmişdir. Döyüş zamanı qolları qılınc, xəncər, qəmə və ox zərbələrindən qorumaq üçün döyüşçülər qollarına ilk əvvəllər tuncdan, sonralar isə dəmirdən xüsusi qəlibkarlıq və ya döymə üsulu ilə hazırlanan qolçaqlar geyərdilər. Qolun çiyindən aşağı və dirsəkdən yuxarı hissəsi “bazu sümüyü” adlandığından, qolun bu hissəsinə geyilən qolçaq da “bazubənd”, yəni, bazuya bəndlənən zireh adlanmışdır. Sonralar zaman keçdikcə sosial bərabərsizliyin meydana gəlməsi, əhalinin varlı və yoxsul təbəqələrə bölünməsi və xüsusilə də nəcib metalların istehsal texnologiyasının mənimsənilməsi ilə əlaqədar olaraq ləl-cəvahiratla bəzədilmiş qızıl və gümüşdən hazırlanmış bazubəndlər meydana çıxmağa başlamışdır.

Bazubəndi hökmdarlar, sərkərdələr, nüfuzlu peşə sahibləri gəzdirirdilər. Adətən, şahlar taxta əyləşərkən başlarına tac qoyar, əllərinə cəvahirnişan toppuz alar, qollarına isə ləl-cəvahirlə süstlənmiş bazubəndlər salardılar. Bazubənd-qolbaq həm də döyüşdə fərqlənən sərkərdələrə ənam kimi təqdim olunurdu. Məsələn, M.Kalankatuklu “Albaniya tarixi” əsərində yazırdı ki, Sasani hökmdarı III Yezdəgird ərəblərə qarşı mübarizədə onun tərəfindən iştirak etdiyi üçün Cavanşiri mükafatlandırmış, onun belinə mirvari ilə işlənmiş qızıl kəmər və qızıl saplı qılınc bağlatmış, qollarına qolbaqlar saldırmış, başına qaş-daşlı tac qoydurmuş, boynuna ağır mirvari boyunbağılar asdırmış, çiyninə taftadan tikilmiş şah geyimi saldırmış və zərli ipək parçadan tikilmiş dörd qotazlı mavi rəngli şalvar geydirtmişdir. Orta əsrlərdə bazubənd həm də qadın zinətləri dəstinə əlavə edilmişdir. Qolbaqdan (bilərzikdən) fərqli olaraq bazubənd qolun bilək hissəsinə deyil, dirsəkdən yuxarı – bazu hissəsinə bağlanırdı. Məlumat üçün qeyd edək ki, qolbağın (bilərziyin) ayağa bağlanan növü isə “xalxal” adlanırdı. Nağıl və dastanlarda, aşıq poeziyasında qadın bəzək elementi kimi bazubənd tez-tez xatırlanır:

Sallana-sallana gələn Salatın,

O sərxoş yerişin yola yaraşır...

Salıbsan gərdənə heykəl, həmayıl,

Qızıl bazubəndlər qola yaraşır.

(Aşıq Ələsgər).

Tipoloji təsnifat baxımından bazubəndin üç növü vardır: qolbaq-bazubənd, qolçaq-bazubənd və qolbənd-bazubənd. Bunların hər biri həm istifadə tərzinə, həm material və dekor tərkibinə, həm də təyinatına (bəzək, zireh, dini məqsəd) görə bir-birindən fərqlənirdi.

Miladdan əvvəl VIII-VII əsrlərə aid edilən Manna incəsənətinə məxsus “Ziviyə dəfinəsi”nin tərkibindəki şir başları ilə bəzədilmiş qızıl bilərzik, Azərbaycanın Çovdar, Xaçbulaq, Gədəbəy, Mingəçevir, Vardanlı, Dolanlar və b. arxeoloji abidələrindən əldə edilən tuncdan və dəmirdən düzəldilən bilərzik nümunələri, dahi Nizaminin əsərlərində bazubəndin xatırlanması, orta əsrlər bədii ədəbiyyat və dastan yaradıcılığında bazubəndin bir zinət növü kimi istifadəsinin qeyd olunması deməyə imkan verir ki, bu tip zireh-bəzək elementinin tarixi çox qədimdir. Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülən zinət istehsalı ənənələrinin hesabına bazubənd əvvəlki zireh funksiyası daşıma mahiyyətini dəyişərək sonralar sırf qadın və kişi zinəti növü kimi XIX əsrədək mövcud olmuş, hazırda, demək olar ki, istifadədən çıxmışdır. Bazubənd keşmişdə Azərbaycanın bütün bölgələrində məhdud dairədə istifadə edilmişdir.