AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çustçu

Nümunənin reyestr kodu : DA0104000022

Ucuz başa gələn çust şəhər və kənd əhalisi arasında, ən çox da qadınlar arasında yayılmışdı. Çust geyim növünün Azərbaycan əhalisinin geyim kompleksinə daxil olması XIX əsrə təsadüf edir. Bu baxımdan ayaqqabı istehsalının bir növü olan çustçuluq peşəsi həmin dövrdə yaranmışdır. Çəkmə, başmaq, məst, çarıq və s. ayaqqabı geyim növləri hazırlayan ustalar çustçuluqla da məşğul idilər. Bununla yanaşı, tələbatın böyük olması səbəbindən çustçuluq üzrə ayrıca, ixtisaslaşmış çustçu ustalar da fəaliyyət göstərirdilər.

Çustçu ülgü əsasında biçilən çustun altını göndən, üstlüyünü isə müşkü (kosala) və ya tumacdan tikirdi. Çust üçün material xüsusi olaraq seçilir, dabbaqlara sifarişlə hazırladılırdı. Tumaç qoyun dərisindən, müşkü (kosala) isə keçi və ya dana dərisindən aşılanıb hazırlanırdı. Keçmişdə kosalanın əsas müştərisi çustçular idi. Aşılanma üsuluna görə qara gön ilə kosala arasında ciddi fərq olmasa da, dana gönündən hazırlanan kosala yüksək keyfiyyətli sayıldığından onun müştəriləri çox olurdu. Möhkəm olması üçün çustçular çox vaxt çustun üstünü tumacdan deyil, kosaladan tikməyə üstünlük verirdilər.

Çust tumacdan biçildikdə ona astar da qoyulurdu. Astar çiriş vasitəsi ilə üstlüyə yapışdırılandan sonra onun kənarları çustun altına tikilirdi. Tez yeyilib sökülməsin deyə, bir qayda olaraq, tikiş sapları gönün daxili ilə aparılırdı. Bunun üçün ya bıçağın ucu ilə gönün ətrafı boyunca dayaz yarıq açılır, ya da yastı uclu biz vasitəsilə iynə yerləri çəp vəziyyətdə deşilir və tikiş sapı dartılıb yarığa, gönün daxilinə salınırdı. Çust hazır olandan sonra ağac qəlibə salınır, çıxarılana yaxın isə çərəmki vasitəsilə tikiş yerləri döyəclənib hamarlanırdı.

Çust gündəlikdə geyilən yüngül ayaqqabı növü sayılırdı. Dabanı açıq olan başmaqdan fərqli olaraq, çustun daban çevrəsi bağlı olurdu. Başmağa nisbətən ucuz başa gələn çust əməli cəhətdən daha sərfəli ayaq geyimi idi. Məhz bu səbəbdən də əhalinin bütün təbəqələri çustu əldə edib geyə bilirdi. Çölə, bayıra çıxanda çust çorabla geyilirdi və hər çusta uyğun corab seçilirdi. Gündəliyə geyilən çust Bakı, Abşeron, Şirvan və başqa bölgələrində geniş yayılmışdır.

Keçmişdə bütün bölgələrdə yun, iplik və ya keçidən toxunmuş rəngarəng naxışlı qadın corabları dəbdə olmuşdur. Hər bir bölgənin xalça və tikmə naxışları ilə oxşarlıq təşkil edən naxışlı corablar bir sıra ənənəvi ayaqqabılarla, o cümlədən çustla birlikdə geyinilirdi. Dağ kəndlərində çust qoca kişilərin ayağında yaxın zamanlaradək qalmaqda idi. Xüsusilə yağmurluq şəraitində, palçıqlı kənd yollarında corabın üstündən geyinilən çust arxası açıq başmaqdan üstün tutulurdu.

Qadın və kişi çustlarının materialında, tikilməsində elə bir fərq olmamışdır. Kişi və yaşlı qadın çustları əsasən qara rəngli olsa da, gənc qadınların geyindikləri çustlar bəzəkləri ilə fərqlənmişdir. Qadın çustlarının üstünə “güllü tumac” adlanan dəri tikilirdi. Sifarişlə hazırlanan bu tumac fərqli şəkildə hazırlanırdı. Bunun üçün tumacın avand üzünə noxud dənələri qoyub astar üzündən bağlayırdılar. Tumac boyaqdan çıxandan sonra noxudu açıb götürürdülər, nəticədə noxudların yeri sarı rəngdə güllü qalırdı.

XIX əsrdə ayaq geyimi əvvəllər olduğu kimi, yun və ya ipək corab, onun üstündən geyinilən başmaq, nəleyin, çust və s. ayaqqabı növlərindən ibarət idi. Çust yerli əhalinin məişətinə Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, ticarət əlaqələri nəticəsində “çuvyak” adı ilə daxil olmuşdur. Əməli cəhətdən sərfəli olduğuna görə çox tezliklə kütləvi istehsal səciyyəsi daşıyan ayaq geyiminə çevrilmiş və bütün bölgələrdə geniş yayılmışdır. Bəzi bölgələrdə çust fərqli adlandırılırdı. Məsələn, Quba bölgəsində çust “kalış” adı ilə tanınırdı.