AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xillik

Nümunənin reyestr kodu : SD0304000026

Azərbaycanda kişi əhalisinin mövsümi səciyyəli geyimləri arasında (kürk, içlik, çopoz, yapıncı və s.) xillik adlanan geyim növünün öz yeri vardı. Xillik yapıncı geyim növü kimi, bir qayda olaraq, maldar əhali arasında geyilən, bədəni soyuqdan, yağışdan və qardan qoruyan ən etibarlı geyim idi. Xillik çiyinə geyilən üst kişi geyimi olmaqla, kəndbəkənd gəzərək keçə salan həllacların güzəm yunundan hazırladıqları nisbətən nazik keçə materialından hasilə gətirilirdi. Xilliklərdən çobanlar və naxırçılar yaylaq və qışlaqlarda istifadə edirdilər.

Düzənlik və dağətəyi ərazilərdə silindirik-qutu, dağlıq ərazilərdə isə konusvari-çətiri xilliklərdən istifadə etməyə üstünlük verilirdi. Silindirik-qutu xillik bir taxta arxa və iki taxta da ön hissədən ibarət olub, uzunluğu topuğa qədər çatan ölçüdə biçilib tikilirdi. Onun qabaq yanlarının hər ikisindən qol keçirmək (çiyinə geymək) üçün açırım (qol yarığı) qoyulurdu. Xilliyin də yapıncı kimi ətəyi, boynu, yaxa kəsiyi, calaq tikişləri sürtülüb didilməsin deyə oraya dəridən, tumacdan, bəzən də meşindən köbə tuturdular. Yaxası boyaboy açıq qalan xilliyi yalnız boğazın altında bir ədəd düymə və ilgəklə bağlayırdılar. Konusvari-çətiri xillik isə kəsik konus formasında olub, onun da uzunluğu baldıra qədər olurdu. Maldar elatlardan sərkar və kəlladarlar varlı olduqlarından, adətən öz xilliklərini dərzilərə sifariş verməklə hazırladırdılar.

Biçim üsuluna görə sadə olan xilliyi çoban və naxırçılar özləri də tikməyi bacarırdılar. Bunun üçün düzbucaqlı şəkildə salınmış keçənin hər iki çiyin üstünü tərs üzünə tikərək avandına çevirir, orada “qol yarığı” qoyur və boyun yerini yarımdairə şəklində kəsirdilər. Tipoloji cəhətdən yapıncı ilə oxşarlıq təşkil edən xillik çiyinə geyilmək üçün “qol yarığı”nın olması və ətəyinin qısalığı (baldıra qədər) ilə yapıncıdan fərqlənirdi.

Mövsümi səciyyəli kişi üst çiyin geyimi olan xilliyin iki növü – silindirik-qutu və konusvari-çətiri növləri maldar elatların istifadəsində olmuşdur.

Xilliyin də, yapıncı kimi öz sələfləri olan dəri bürüncəklərdən əmələ gəldiyini söyləmək olar. Dəri bürüncəklərin hələ ibtidai icma dövründən istifadə edildiyini nəzərə alsaq, bu geyimin (xilliyin) tarixinin çox qədim zamanlara dayandığını ehtimal etmək olar. Zaman-zaman dəri bürüncəklər təkmilləşdirilmişdir. İlk Tunc dövründə maldarlıqla məşğul olan köçəri əhalinin bu geyimdən istifadə etməsi şübhəsizdir. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində miladdan əvvəl IV-III əsrlərə aid bir neçə tunc möhür tapılmışdır. Həmin möhürlərin üzərində olan insan rəsmlərindəki geyim nisbətən gödək keçə yapıncını xatırladır. Xüsusilə əlində çomaq, başında şiş papaq və gödək yapıncısı olan təsvir daha xarakterikdir. Zənnimizcə, ətəyinin qısa olması bu geyimin yapıncıdan çox xilliyə oxşamasını söyləməyə imkan verir. Yayılma arealına gəldikdə isə xillik XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsinin və İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının azərbaycanlı əhalisi arasında daha geniş istifadə olunmuş, Azərbaycanın digər bölgələrində isə məlum olmamışdır.