Alt köynəyi
Nümunənin reyestr kodu : SD0305000001
Azərbaycanın milli geyim kompleksində geyim elementi kimi alt köynəyinin xüsusi yeri olmuşdur. Alt köynəyi ən qədim dövrlərdən üzü bəri ayrıca geyim tipi kimi formalaşmamış, əvvəllər bədənə kip oturan sarıq və ya spiral şəkilli toxunma parçadan (qədim və antik dövrlərdə), zaman keçdikcə isə, xüsusilə ilk orta əsrlərdən başlayaraq ayrıca geyim tipi olmuşdur. Bu geyim tipi insan orqanizmini soyuqdan, istidən, ümumiyyətlə, təbiətin sərt şıltaqlıqlarından qorumaq zərurətindən meydana çıxmış, bəşər övladının geyimə olan tələbatını ödəməyə hədəflənmişdir.
Qeyd edək ki, bəşərin ilkinlik çağlarında ayrıca olaraq alt köynəyi adlı geyim tipi olmamışdır. Ümumiyyətlə, geyimlərin alt və üst geyimlərinə bölünməsi orta əsrlərə aiddir. Bu dövrdən başlayaraq alt köynəyini qadın alt köynəyi və kişi alt köynəyi kimi təsnif etmək olar.
Araşdırıcıların gəldiyi qənaətə görə, miladdan əvvəl VII yüzillikdən etibarən qadınlar uzun, düz biçimli, qollarının uzunluğu dirsəyə qədər olan köynək, onun üstündən boynu oyma, ellips formalı, yanları tikişli və ya tikişsiz örpək tipli geyim geyinmişlər. Antik dövrdə iki köynək forması mövcud idi: 1. Düz biçimli, qısa qollu, uzunluğu bir tərəfdə baldırın yarısına, o biri tərəfdə isə dizə qədər olan köynək; 2. Geniş, düz biçimli, uzun qollu, uzunluğu dabana qədər olan köynək. Miladdan əvvəl IV yüzilliyə aid edilən Ağsu rayonunun Qaraçıbulaq kəndindən tapılmış gil qadın fiquru, bir qədər qədimə – miladdan əvvəl VII yüzilliyə aid Ziviyə qazıntılarından, miladdan əvvəl I minilliyə aid Mingəçevir qazıntılarından əldə edilən maddi mədəniyyət nümunələri alt geym tipi kimi köynəyin qədimdən istifadə olunduğunu sübut edir. Zaman-zaman bu geyim tipi yeni biçim tərzində, formasının müxtəlifliyi ilə dövrümüzə qədər gəlib çatmışdır.
XIX-XX əsrin əvvəllərində Azərbaycanın etnoqrafik bölgələrində geniş yayılmış alt köynəyi biçim üsuluna görə bir-birindən o qədər də fərqlənmirdi. Onu həm əldə toxunma, həm də satınalma pambıq parçalardan tikirdilər. Parça materialı əsasən bez, qismən də midqal, şilə, güllü çit, kətan, qədək kimi satınalma parçalardan ibarət idi. Alt köynəyi üst köynəyindən uzun, həm də gen biçilib tikilir, hər iki yanında kəsik (“çapıq” və ya “peş”) qoyulur, qolları uzun və büzməli-manjetli (bilərzikli-məcəli) olurdu. Kasıb qadınların alt köynəyi bəzəksiz olub, boğaz altında bir və ya iki ilgək-düymə ilə bağlanır, varlı qadınların isə alt köynəklərinin yaxa kəsiyi və qollarının ağzına bəzən başqa rəng parçadan köbə qoyulur, bəzən də rəngarəng bəzək elementləri (bəxyə) salınır və qızıl düymə ilə düymələnirdi. Muğan bölgəsində “uzunluq”, Quba bölgəsində “bulaşa” adlanan qadın alt köynəyinin ətəyi uzun və qısa olmaqla iki biçimdə hazırlanırdı. Bəzən köynəyin yaxasına əlavə qat tikilir, qoltuğunun altına xiştək (çapıq) qoyulur, 3 sm hündürlüyündə dik “boyunluq” əlavə olunurdu. İmkanlı qadınların alt köynəyi bəzən qanovuz parçadan hasilə gətirilirdi. Bütün alt köynəklərinin ətək hissəsi tumanın altına yerləşdirilirdi.
Ənənəvi kişi alt köynəyi əksər hallarda ucuz pambıq parçalardan (ağ, humayun ağı, batist-patısğa, bez, şilə, qədək, çit və s.) tikilir və ayrı-ayrı bölgələrdə “can köynəyi”, “ət köynəyi”, “alt köynəyi”, “ağ köynək” və s. adlarla tanınırdı. Tuniki və kəsmə (qatlama) biçim üsulunda tikilən kişi alt köynəyinin Azərbaycanda “düzyaxa” forması dəbdə olmuşdur. Onu gövdə, qol və qoltuqaltı olmaqla üç hissədən ibarət biçib tikirdilər. Onu tikmək üçün parçanı iki qatlayıb ortadan qövsvari boyun kəsiyi və düzünə yaxa kəsiyi açırdılar. Köynəyin gövdə, qol və qoltuqaltı hissələri bir-birinə tərs üzünə olmaqla tikilir və avand üzünə çevrilirdi.Tikiş prosesində müxtəlif tikiş növlərindən (“kökəmə” və ya “kökatma”, “basdırma” və ya “qıraqbasma”, “xırdasırıq”, “közəmə”, “aşırma tikiş”, “qıyıq tikiş”, “tək bəxyə”, “iynədalı” və ya “su tikişi”, “doldurma bəxyə” və s.) istifadə olunurdu. Adından məlum olduğu kimi, düzyaxa köynəyin yaxası düz biçimli olur, qolları adətən bilərziksiz (məcəsiz) tikilirdi. Ensiz parçalardan tikilmiş köynəyin qollarının altına, bir qayda olaraq, xiştək (qoltuqaltı) qoyulur, ətəyinin yanlarında isə 10-12 sm. ölçüdə çapıq saxlanılırdı. Köynəyin yaxası ilgək-düymə, bəzən də rəngli ip-qaytanla bağlanırdı. Çox vaxt köynəyin boyun və yaxa yarığının ətrafına həmin parçanın özündən ensiz köbə tikilirdi. Bəzən isə alt köynəyinin boynuna dik dayanan ensiz boyunluq tikilirdi. Qeyd edək ki, bu formalı köynək hazırda da istifadədir. Hər bir ailədə qadın və kişi alt köynəyini qadınlar adətən özləri tikirdilər.