Kəmər
Nümunənin reyestr kodu : SD0303000002
İctimai inkişafın ibtidadan sonrakı mərhələlərində cəmiyyətin siyasi, sosial-iqtisadi, mədəni həyatında, ideologiya və dünyabaxışında baş verən keyfiyyət dəyişiklikləri, xüsusilə də metalişləmə sənətinin və bədii metal sənətkarlığının təşəkkül tapması bəzək elementlərinin praktik-əməli əhəmiyyətini arxa plana sıxışdıraraq onları əksərən sırf bəzək-zinət əşyaları kimi səciyyələndirməyə başlamışdır. Qədim Azərbaycan ərazisində metalla ilk tanışlıq Eneolit dövründən başlasa da, tuncun, dəmirin, sonralar isə nəcib metalların (qızıl, gümüş və s.) istehsal texnologiyasının mənimsənilməsi zinət-bəzək əşyalarının hazırlanmasında böyük çevriliş yaratdı. Arxeoloji qazıntılar nəticəsində Azərbaycanın antik və orta əsr abidələrindən əldə edilmiş külli miqdarda bəzək və zinət nümunələri burada bəzək istehsalı texnologiyasının təkmilləşdiyini göstərir. Saxlanc, cehiz və ya müxtəlif hədiyyələretmə yolu ilə əsrdən-əsrə, nəsildən-nəslə keçən bu zinət əşyaları və onların bəzək dekorları xalqın etnik tərkibini, sinfi (sosial) və yaş mənsubiyyətini, maddi və mənəvi mədəniyyətini, estetik-bədii zövqünü, istehsal həyatını öyrənmək üçün dəyərli mənbə rolunu oynayır.Kişi və qadın geyimlərinin ayrılmaz tərkib hissəsini təşkil edən bel bəzəkləri, xüsusilə də toqqa və kəmərlər özünün bədii-ornamental xüsusiyyətlərinə, tətbiq məqamına, yayılma arealına və lokal fərqlərinə görə müxtəlif idi.
Azərbaycanda kişi və qadın bel bəzəklərinin “ətəkli” (“sallama”), “taxta kəmər”, “təkbənd”, “belbağı”, “saltoqqa”, “suvadax toqqa”, “çilik toqqa”, “qabırğalı kəmər”, «çərkəzi”, “qarmaq kəmər”, “zərli kəmər”, “zəncirəli kəmər”, “düzmə kəmər”, girvənkə toqqa”, “çəngər kəmər”, “körpü kəmər”, “sikkə kəmər”, “yar-yardan incidi” və s. kimi çoxlu çeşidi olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycanın Şəki-Zaqatala, Quba-Xaçmaz və Gəncəbasar bölgələrində geniş istifadədə olan “çərkəzi kəmər”lər əsasən kişi geyim dəstində başlıca element olmuşdur. Nazik meşindən düzəldilən, ətəyinə qotazlar bənd edilən belə kəmərin üzərinə paxlava, dairə, üz-üzə dayanmış qoç və at təsvirləri, eləcə də digər metal-kəsmə fiqurlar yerləşdirilirdi. Qadın kəmərləri içərisində yayılma arealına görə üstün yeri “sallama” (“ətəkli”) kəmər tuturdu. Bu növ kəmərlərin qayışı dəridən 10-12 sm enində hazırlanır, qayış kəmər toqqasına bərkidildikdən sonra üzərinə 20 qəpiklik gümüş pullar bənd edilirdi. Kəmərin toqqa hissəsi iki ayrı-ayrı hissələrdən düzəldilərək bir-birinə iki qarmaq və iki halqa vasitəsilə bağlanırdı. Hissələrdən birinin (adətən, qarmaq olan hissənin) ortasında dairəvi şəkildə göy yaqutdan “qaş” salınırdı. Naxçıvan bölgəsində bu cür qadın kəməri “göbəkli kəmər” adlanırdı. Sallama kəmərin aşağı hissəsinə (ətəyinə) kəmərdən aşağıya doğru 10-15-20 qəpiklik gümüş pullar gümüş zəncirlər vasitəsilə aypara formasında bir-birinə bənd edilirdi. Rəqs və hərəkət zamanı bu gümüş pullar bir-birinə toxunaraq metal səciyyəli melodik səslər verirdi.
Qarabağın qadın kəmərləri içərisində yayılma arealına görə üstün yeri “sallama” kəmər tutsa da, vaxtilə burada “pilək”, “qələmi”, “şəbəkə”, “gül”, “aynalı” kəmər adı ilə məşhur olan kəmərlərdən də geniş istifadə olunmuşdur. Tunc dövründən etibarən istehsalına başlanılan kəmərlər, arxeoloji tədqiqatlarda qeyd olunduğu kimi, əvvəlcə əməli əhəmiyyət kəsb etmiş, zirehin bir hissəsi olaraq qarın nahiyəsini zərbələrdən qorumağa, xəncər, qılınc, qəmə asılmasına xidmət etmişdir. Kəmərlər həm də zərbə endirərkən bütün gücün qollara toplanmasını təmin etmək məqsədi ilə düşünülmüşdür. Xalq nağılları və dastanlarda təsvir olunan qəhramanlar mütləq “altdan geyinib, üstdən qıfıllanır, kəmərini belinə qurşayır”. Bu ifadə də sübut edir ki, kəmər zireh geyiminin vacib elementi olmuş və əsasən kişilər, həmçinin cəngavər qadınlar tərəfindən istifadə olunaraq təhlükəsizlik, ehtiyat, güvənlik məqsədi daşımışdır. Fikrimizcə, qız gəlin köçərkən belinin bağlanması adəti də təsadüfi olmayıb, kəmərin məhz bu funksiyasına işarədir. Adətə görə “gəlinapardı” mərasimində oğlanın kiçik qardaşı belindən öz kəmərini açaraq gəlinin belinə bağlayırdı. (Sonradan bu qırmızı rəngli kəlağayı, zərxara belbağı, ipək parça ilə əvəz olunmuşdur). Belə bir nəticə hasil etmək olar ki, kəmər igidin ehtiyatı, özünə güvənci, etibarlı təminatı olmaqla, həm də gələcək həyat yoldaşının ona sədaqətli olacağına, arxa, dayaq duracağına əminliyinin ifadəсиdir. İnkişafın sonrakı dövrlərində kəmər qadın geyimini tamamlayan bəzək elementi kimi səciyyələnmişdir.
Tarixən mütəxəsislər kəmərləri qadın və kişi kəməri; əməli əhəmiyyət kəsb edən və sırf bəzək səciyyəli kəmər; eləcə də hazırlandığı materiala görə (tunc, dəri, mis, gümüş, qızıl kəmər) kimi qruplaşdırmışlar.
Azərbaycanda kəmərdən istifadənin təxminən 7-8 min il yaşı vardır. Azərbaycanın metalişləmə mədəniyyətinin inkişaf səviyyəsinin öyrənilməsində Manna incəsənəti nümunələri mühüm mərhələ təşkil edir. Urmiya gölünün cənub-şərqində yerləşən Ziviyədən tapılan və miladdan əvvəl VIII-VII əsrlərə aid edilən “Ziviyə dəfinəsi”nin tərkibindəki digər zinət nümunələri ilə yanaşı, təsvirli qızıl kəmər, bu dövrdə bəzək elementlərindən geniş istifadə edilməsini təsdiqləyir. Vaxtilə aparılan arxeoloji qazıntılardan tapılan, eramızın IV-VII əsrlərinin ən yaxşı alban incəsənət nümunəsi hesab olunan və hazırda Sankt-Peterburqda Dövlət Ermitajında saxlanılan tunc gül qabın üzərindəki atlı təsviri kişilərin bəzək elementlərindən geniş istifadə etdiyini təsdiqləyir. Alban hökmdarı Cavanşirin təsviri olduğu ehtimal edilən bu atlının başında tac, belində qiymətli kəmər, qolunda qolbaq, qulağında isə sırğa vardır.
Aparılan tədqiqatlardan aydın olur ki, Qafqaz Albaniyasının orta əsr sənətkarlıq mərkəzlərində (Qəbələ, Mingəçevir, Gəncə, Bakı, Şamaxı, Naxçıvan, Beyləqan, Şabran və s.) digər kustar sənət sahələri ilə yanaşı, bəzək-zinət istehsalı sahəsi də hərtərəfli inkişaf etmişdir. Arxeoloji qazıntılar nəticəsində müxtəlif materiallardan (mis, tunc, dəmir, qızıl, gümüş, bürünc, şüşə, gil) hazırlanan, çoxçeşidli istehsal texnologiyaları vasitəsilə (döymə, tökmə, yonma, burma-eşmə, lehimləmə, bəndetmə, zərbetmə və s.) hasilə gətirilən rəngarəng çeşidli bəzəklər (sırğa, üzük, bilərzik, sinəbənd, asma möhür və medalyon, sancaq, kəmər-toqqa və s.) orta əsrlər dövrünün bədii sənətkarlığı haqqında geniş təsəvvürlər yaradır. İstanbuldakı Topqapı muzeyində saxlanılan 1507-ci ildə düzəldilmiş və zəngin daş-qaşla bəzədilmiş I Şah İsmayılın kəməri qiymətli və kamil sənət əsəri hesab olunur
Geyimlərə xüsusi yaraşıq verən bəzək məmulatlarının, xüsusilə də kəmərlərin hazırlanması və satışı XVIII-XIX əsrlərdə yüksələn xətlə inkişaf etmişdir. XIX əsrdə Quzey Azərbaycanında Naxçıvan, Ordubad, Gəncə, Şəki, Şamaxı, Bakı, Quba, Şuşa, Lənkəran və Salyan şəhərləri başlıca zərgərlik mərkəzləri sayılırdı. XIX əsrin 30-cu illərində Şamaxıda 40 nəfər təkcə gümüşbənd, 50-ci illərində Gəncədə 24 zərgər, 80-ci illərdə Qazax qəzasının Şəmşəddil sahəsində 3, Zəyəm stansiyasında 2 gümüşbənd, XIX-XX əsrin hüdudlarında isə Bakıda 130 nəfər qeydiyyatdan keçmiş zinət ustası və 89 nəfər şagird, Şamaxıda 25, Salyanda 13, Qubada 12, Gəncədə 33, Nuxada 22, Şuşada 12 nəfər zinət ustası fəaliyyət göstərmişdir. Zaman keçdikcə, digər geyim növləri kimi, kəmərlər də dəbə uyğun olaraq dəyişmiş, təkmilləşmiş, onların müxtəlif forma və çeşidləri yaranmışdır. Sonralar kəmərlər geyim mədəniyyətinə elə sirayət etmişdir ki, gənc qızlar, gəlinlər və orta yaşlı qadınlar kəmərsiz keçinməmişlər. Gəlin xonçasında gümüş kəmərin olması toy bazarlığının ən vacib elementlərindən biri olaraq uzun illər öz əhəmiyyətini saxlamışdır. Hətta bəzi bölgələrdə kəmərsiz qız ərə verilməzdi. Bəzən maddi durumu imkan verməyən ailələr misdən hazırlanmış kəmərlərə qane olmaq məcburiyyyətində qalırdılar. Mis kəmərlər də öz növbəsində qızıl və gümüşdən hazırlanmış kəmərləri forma və istehsal üsuluna görə təkrarlayırdı.
-
Ювелирное искусство Азербайджана XIX века
Гулиева Ш.Г
-
Мотив спирали в Азербайджанских ювелирных украшениях
Севиль Садыхова
-
Предметы украшений Азербайджана (IV-ХIII вв.)
Раджабова Бадисабах
- Biblioqrafiya və tərtibçi