Qaftan
Nümunənin reyestr kodu : SD0304000020
Kişi və qadın geyim dəstinə daxil olan ən qədim geyimlərdən biri də qaftan olmuşdur. Qaftan ilk vaxtlar qafadan, yəni başdan geyinilən, boynu oyma geyim idi. Onu əvvəllər isti geyim növü kimi heyvan dərisindən tikirmişlər. “Kitabi-Dədə Qorqud” dastanında Trabzon takurunun qızının əynindəki qaftanın həddən artıq qalın olduğu və üç canvər (vəhşi heyvan) dərisindən tikildiyi göstərilir. Parçadan tikilən qaftan isə uzun qollu, qabağı boyaboy açıq biçilib tikilir, kişi qaftanları qadın qaftanlarına nisbətən qısa ətəkli olurdu. Adətən, qaftanın yaxasını boğaz altından bağlayardılar, onu açıq saxlamaq yaxşı əlamət sayılmazdı. Belə ki, igidlərə bir bədbəxtlik üz verəndə dartıb qaftanın yaxasını cırarmışlar. Məsələn, Beyrəyin ölüm xəbərini eşidən babası “...tartdı, yaqasın yırtdı. “Oğul!, Oğul!” deyübən zarıdı”.
Qaftan əsasən ağ və qırmızı parçadan tikilərmiş. Bu barədə “Kitabi-Dədə Qorqud” dastanında deyilir: Beyrəyə “adaxlısından ərgənlik bir qırmızı qaftan gəldi”. Onun yoldaşları dedi ki, “sən qızıl qaftan geyərsən, biz ağ qaftan geyəriz”. Göründüyü kimi, qırmızı qaftanı nişanlı qızlar öz adaxlılarına hədiyyə göndərərmişlər. Qaftanın verilməsi yaxşılıq hesab edilər, haqq-say kimi qiymətləndirilərdi. Toy-düyündə gəlin qız və bəy oğlan mütləq qırmızı qaftan geyməli imiş. Bədbəxt hadisələr baş verən zaman oğuz qadınları və kişiləri ağ qaftanlarını çıxarıb qara qaftan geyərdilər. Beyrəyin yoxa çıxması xəbərini alan nişanlısı Banıçiçək “ağ qaftanını çıqardı” – ifadəsi dastanda buna işarədir.
Azərbaycan oğuzları qaftanı qiymətli hədiyyə kimi yaxın adamlarına, ozanlara və dərvişlərə bağışlayardılar. Dastanın “İç Oğuza Daş Oğuz asi olub Beyrək öldüyü boyu bəyan edər” qolunda Beyrək Aruza deyir ki, Qazan xanın “yaxşı qaftanlarını çox geymişəm, bilməzsəm kəfənim olsun”. “Dədə Qorqud” oğuzları dövründə qaftan təkcə Azərbaycanda deyil, bütün Qafqazda yayılmış geyim növü olmuşdur. Oğuzların düşmənləri də qaftan geyinirmiş, ancaq onların qaftanının arxadan kəsiyi (yırtığı) olurmuş. Dastanın “Salur Qazanın evinin yağmalandığı boyu bəyan edər” qolunda deyilir ki, “yedi min qaftanın ardı yırtıclı kafir mindi... Qazan bəyin ordusuna gəldi”. Qaftanın köhnəliyi, zəifliyi onu geyinən şəxsin (dastanda, bir qayda olaraq, kafirlər məhz belə qaftanlarda təqdim olunurlar) gücsüzlüyünü ifadə edir. Dastandakı belə bir deyimdən: ”qırmızı qaftanını geyib, əlini yeninə (qaftanın qoluna) çəkən Banıçiçək Beyrəyi tanıyan kimi “cübbəsilə-çuxasilə Beyrəkin ayağına düşdü” o da anlaşılır ki, qaftan cübbə və çuxa ilə birgə geyilən geyim növü olmuşdur.
İlkin orta əsrlərdən istifadə olunan qaftan hazırlanma materialına görə dəri və parçadan olan qaftan, rəng çalarına görə qırmızı (qızıl), ağ və qara qaftan; mənsubiyyət göstəricisinə görə isə qadın və kişi qaftanı kimi təsnif olunmuşdur.
Türkoloq-alim L.İ.Qumilevin yazdığına görə, qaftan və enli şalvarlar hələ V yüzillikdə hunların geyimi olmuş və sonralar çinlilər və romalılar tərəfindən də qəbul edilmişdir. Görünür, qaftan elə bu dövrdən də oğuz türklərinin geyim dəstinə daxil olmuşdur. Milli-ənənəvi kişi geyim kompleksinin tərkib hissəsindən biri olan arxalıq orta əsrlər dövründən qaftanı əvəz etməyə başlamışdır. Onu, adətən, soyuq vaxtlarda içliyin üstündən və çuxanın altından, isti mövsümlərdə isə birbaşa köynəyin üstündən geyirdilər. Kişi üst geyim elementi kimi arxalıq hələ “Kitabi-Dədə Qorqud” dastanından məlum olur. Dastan qəhrəmanlarının geyimləri içərisində adı çəkilən “qaftan” tipoloji cəhətdən arxalığa çox yaxın olmuşdur. Dastandan məlum olur ki, qaftan (arxalıq) geyilmə məqamına görə, adi (ağ), qara və qırmızı parçalardan tikilmişdir. Gündəlikdə ağ, matəm mərasimlərində qara, təntənələrdə, toylarda, el şənliklərində isə qırmızı qaftan geyilmişdir. Etnoqraf A.Ə.Əsədovanın fikri ilə biz də razılaşırıq ki, “çiyin geyimi olan qaftan son dövrlərdə çiyin və bel geyim növlərinə bölünərək qofta-tuman adlandırılmışdır”. Belə bölgüdən sonra qaftan qadın geyim dəstinə daxil edilmiş, kişi geyim dəsti tərkibindən isə büsbütün çıxarılmışdır.