AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ləbbadə

Nümunənin reyestr kodu : SD0304000015

Ləbbadə (lavada) Lənkəran, Gəncəbasar, Bakı, Şirvan, Qərb və Şəki bölgələrində keçmişdə geniş yayılmış qadın üst geyimlərindən biridir. O, astar adlanan araqatı ilə birgə sırınmış üst çiyin geyimi olmuşdur. Ləbbadə iki qabaq (döş), bir arxa (kürək) və iki qoldan ibarət biçilir, içərisinə nazik yun və ya pambıq döşəməsi qoyulur, astar çəkilərək tikilirdi. Ləbbadənin yaxası boyaboy açıq olur, belə oturan yerdə yanlarında qısa çapıq qoyulurdu. Gəncəbasar və Qəbələ bölgəsində dəbdə olan zıvınıdan azacıq uzun biçilən ləbbadənin qolları dirsəyə qədər düz biçimli və atmaqol olmaqla iki variantda təsadüf olunurdu. Tikiş texnikasına görə də zıvınıdan fərqlənən ləbbadənin qoltuq yeri açıq biçilir, atma qolları, ətəyi, yan kəsiklərinin üstü qaytan, zəncirə və bafta ilə işlənir, yaxa kəsiyi və ətəklərinin qıraqlarına başqa rəngli parçadan köbə tutulurdu.

Ləbbadə bədənə kip otursun deyə, onun qabağı 3-4 cərgə çarpaz qarmaqlara (çarışqa, car-car) keçirilmiş rəngli qaytanla bağlanırdı. Ləbbadə, adətən, məxmərdən, taftadan, qanovuzdan və b. bahalı parçalardan tikilirdi. Ləbbadəni həm yarım, həm də bütöv qollu biçib tikirdilər. Bu halda onun qolunun qabağına dekorativ məqsəd daşıyan “qolçaq” əlavə edilirdi. Ləbbadənin kənar tikişlərinə boyaboy müxtəlif növ baftalar, zəncirələr tikilir, qabaq qanadlarının kənarı qızıl və ya gümüşdən düzəldilmiş “qoza” düymələrlə bəzədilirdi. Ləbbadənin qoluna əlavə edilmiş dekorativ qolçağının alt yarığının kənarlarına gümüş asmalar düzər, yaxasına isə gümüş “qotaz” bağlayar, çiyinlərindən “quşpara” və ya “zınqırovlar” tikərdilər. Şəki və Şamaxıda varlı qadınların geydiyi ləbbadənin qollarına çox vaxt xəz haşiyə tikilər, yan çapığın genişliyini təmin etmək üçün onun kənarına üçbucaq formalı parça kəsib “çıxıntı” əlavə edilərmiş. Onu xüsusi olaraq tikilmiş “ləbbadə köynəyi”nin üstündən geyərmişlər.

Milli Azərbaycan Tarixi Muzeyində Şəkiyə aid bir neçə ləbbadə nümunəsi mühafizə olunur. Onların biçim üsulu və tikiş texnikası bu geyim növü haqqında təsəvvürümüzü daha da əyaniləşdirir. EF-6879 inventar saylı ləbbadə məxmərdən tikilmişdir. Astarlıdır. Astar yumşaq araqatı ilə birlikdə sırınıb. Boyu 45 sm, qolun uzunluğu 29 sm-dir. Düyməsizdir. Qol altında iri yarıq qoyulub. Ətək, yaxa kəsiyi və qolağzı boyunca 0,8 sm uzunluğunda çapığı və parça çıxıntısı var. EF-3113 inventar saylı ləbbadə taftadan tikilib. Boyu 53 sm, qolunun uzunluğu 23,5 sm-dir. Qol altında iri yarıq qoyulub. Yan tikişlərdə 10 sm çapıq və parça çıxıntısı var. Yan boyunca tikilmiş ilgəklərdən keçirilən qaytanlar vasitəsilə bağlanır. Yaxa kəsiyi, ətək xətti, qol ağzı, çapıqların kənarı boyunca 3 sm enində məxmər bafta tikilib. Digər bir ləbbadə isə al-qırmızı rəngli qanovuzdan tikilib. Astarı, üzərində dairəvi ağ-qırmızı naxışları olan çitdəndir. Bütün tikiş kənarları boyunca yaşıl rəngli məxmər parçadan 1 sm astarda və 1 sm üzdə olmaqla, sarı simkeçər bafta tikilib. Uzunluğu 45 sm, qolunun uzunluğu 33 sm-dir. Çapığın hündürlüyü 7,5 sm, eni isə 2,5 sm-dir. Qol altında iri yarıq qoyulub. Bel həcmi 60 sm-dir. Ləbbadənin üzü tikmələnmişdir. Şəki, Bakı və Şamaxı ləbbadələrində qol dirsəyəcən düz tikilir, bir çox hallarda qısa qolun ağzına sərbəst dekorativ qolçaq tikilirdi. Şamaxıda geyilən ləbbadənin qollarına həm də xəz tikilər, çapıq və çıxıntı yerində genişlik əldə etmək üçün iki ədəd əlavə üçbucaq parçadan istifadə edilərdi.

Ləbbadə qol biçiminə görə dirsəyə qədər düz biçim qollu və atmaqol olmaqla iki variantda hazırlanırdı. Onlar həm də parça materialına görə də fərqlənirdi.

Ləbbadənin geyim dəstində nə zamandan peyda olması dəqiq məlum deyildir. Etnoqraf Ş.T.Bünyadova orta əsr qadın geyimlərindən bəhs edərkən dövrün qadın geyimləri arasında ləbbadənin da olduğunu qeyd edir. Ləbbadə Ön Asiya xalqları arasında da geniş yayılmışdır. Bəzi İrandilli xalqlarda son zamanlaradək istifadə edilmişdir. XIX əsrdə artıq Azərbaycanın Lənkəran-Astara, Şəki-Zaqatala, Gəncəbasar, Bakı, Şirvan və Qərb bölgələrində ləbbadənin qadın geyim dəstində əhəmiyyətli yer tutduğunu geyim araşdırıcıları da təsdiqləyirlər. Bu geyim növü XX əsrin ortalarına qədər məişətdə qalmış, hazırda isə muzey eksponatına çevrilmişdir.