AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

İmarət (bəzək dəsti)

Nümunənin reyestr kodu : SD0303000016

İmarət bəzək dəstinə Azərbaycanın bölgələrində və şəhər yaşayış məskənlərində vaxtilə qadınların istifadəsində olan və müxtəlif adlarla tanınan geniş çeşidli boyun və sinə bəzəkləri daxil idi. Belə bəzəklərin ən qədim növü muncuq boyunbağı olmuşdur. Müxtəlif materiallardan (mirvari, inci, mərcan, brilyant, rəngli şüşə, balıqqulağı və s.) hazırlanan muncuq düzümləri ilə yanaşı, qızıldan düzəldilmiş “arpa”, “hil”, yaxud “gülpərək” boyunbağılar da dəbdə olmuşdur. “Səddə” adlanan mirvari boyunbağı 9-10 cərgə topa muncuq düzümündən ibarət hazırlanırdı. Çox vaxt şəddə bir cüt “arpa” və ya “hil” muncuq vasitəsilə tamamlanırdı. İstehsal texnologiyasının spesifik səciyyə daşıması səbəbindən muncuq boyunbağılarının hazırlanması ilə cavahirsazlar məşğul olurdular.

Zərgər dükanlarında hazırlanan zinət məmulatları arasında qızıl boyunbağılar tipoloji zənginliyinə görə xüsusilə fərqlənirdi. Forma, quruluş və nəqş xüsusiyyətlərinə görə seçilən qızıl boyunbağıların həmayil, heykəl (Quba, Şamaxı, Qərb bölgəsi, Şəki), aypərək (Qazax), hil, arpa (Bakı), aralıq (Şuşa, Şəki, Şirvan, Gəncə), çəçik, qarabatdaq (Naxçıvan), xirtdəklik (Gəncə, Naxçıvan) kimi müxtəlif tipoloji növləri qeydə alınmışdır. Qızıl boyunbağıların sikkə düzümündən ibarət tərtib olunmuş tipoloji növləri ayrıca bir qrup təşkil edirdi. Müxtəlif ölkələrə məxsus qızıl və gümüş pullardan düzəldildiyindən, bu boyunbağılar fərqli adlarla tanınırdı. “Bacaqlı”, “imperial”, “əşrəfi” boyunbağı, yaxud məcidiyyə yaxalıq bu qəbildən olan imarət bəzək dəstinə daxil idi. Əşrəfi” Misir məmlük sultanı Əşrəf Seyfəddin tərəfindən 1422-ci ildən kəsdirilməyə başlamışdır. Səfəvilər dövründə həmin çəkidə (3,45 q.) kəsilmiş qızıl sikkələr də “əşrəfi” adlanmışdır. “İmperial” rus qızıl sikkəsi olub, nominal dəyəri 10 gümüş manata bərabər sayılırdı. 1755-ci ildən kəsilməyə başlamış həmin sikkənin tərkibində 11,65 q. qızıl var idi. Rus işğalından sonra Azərbaycanda geniş yayılmış imperial çəkisinə görə digər sikkələrdən üstün tutulurdu. “Bacaqlı” XIX əsrin əvvəllərindən Azərbaycanda işlədilən Niderland qızıl dukatının adı olmuşdur. Hətta Avstriya qızıl sikkələri, habelə Fətəli şah dövründə İranda eyni çəkidə kəsilən qızıl sikkələr də “bacaqlı” adlanmışdır. ”Məcidiyyə” Türkiyədə Sultan Əbdülməcid tərəfindən 1844-cü ildən kəsdirilən qızıl və gümüş sikkələr idi. Çəkisi 7,2 q, nominal dəyəri 100 quruşa bərabər olan bu qızıl sikkələr “Osmanlı lirəsi” kimi də tanınırdı.

Boyun və yaxa (sinə) bəzəkləri çox vaxt bir-birini əvəz edib tamamlayırdı. “Arpa boyunbağı”nın arasına bəzən zəngin nəqşlərlə bəzədilmiş dairəvi bəzək ünsürü, yaxud 6 və ya 8 guşəli ulduz, onun altına isə aypara bənd edilirdi. “Həmayil” çox vaxt daş-qaşla, xüsusilə də zümrüd və ya zəbərcədlə bəzədilib yaraşıqlı hala salınırdı. Zərgərlik sənətində o, çox vaxt “zəbərcəd həmayil” adlanırdı. Yaqut, inci, brilyantla bəzədilmiş həmayili çox vaxt qızıl qarmaqla arxalıq və ya ləbbadənin çiyinlərinə də bənd edirdilər. Bəzən həmayilin ətəyi 4 cərgə qızıl sikkə ilə tərtib olunub tamamlanırdı. Həmayilin bu növüsinəbənd” adlanırdı. İmarət bəzək dəstinin tərkibində olan və Muğan bölgəsi üçün xarakterik sayılan “məcidiyyə” (“imperial”) boyunbağını hazırlamaq üçün sapa əvvəlcə böyük “hil”, sonra isə xırda “apra hil” düzülürdü. Altı ədədi sağda, altı ədədi isə solda olan həmin hillərin arasına qulplu qızıl imperial asılırdı. Burada dəbdə olan digər bir boyun bəzəyinin – “bacaqlı boyunbağı”nın sinədə dayanan ətəyinə ürəkşəkilli uzunsov kəsmə qızıl asılırdı. Bu bəzək elementinin ortasına dairəvi və ya aypara zümrüd salınır, kənarlarına dilim-dilim qızıl naxışlar vurulurdu. Qərb bölgəsi qadınlarının daha çox xoşladıqları sinə-döş bəzəkləri “heykəl” və “həmayil” idi. “Heykəl” – ortasında iri paxlavavari muncuq olan boyun bəzəyinə deyilirdi. Sapa keçirilmiş “heykəl”i boyuna elə bağlayırdılar ki, iri muncuq sinənin ortasında dayanırdı. Bir qayda olaraq, “heykəl”in kənarlarına qızıl və gümüş pullar da bənd edirdilər. Göründüyü kimi, imarət adlanan bəzək dəstinin boyun-sinə bəzəklərini bütünlüklə əhatə edən geniş çeşidi olmuş, onlar ayrı-ayrı bölgələrin zərgərlik məktəblərində ərsəyə gətirilsələr də, mahiyyətcə boyun-sinə bəzəkləri (imarət bəzək dəsti) olmuşdur.

İmarət bəzək dəstinin Azərbaycanda mövcudluğunun qədim tarixi vardır. Urmiya gölünün cənub-şərqində yerləşən Ziviyədən tapılan və miladdan əvvəl VIII-VII əsrlərə aid edilən “Ziviyə dəfinəsi”nin tərkibindəki qızıl sinəbənd bunu təsdiqləyir. Mingəçevirdən arxeoloji qazıntılar zamanı əldə edilən “arpa” muncuqlar, indi hazırlanan eyniadlı muncuqlarla tam oxşarlıq təşkil edir. Mütəxəssislərin fikrincə, bu muncuqlar və ondan hazırlanan bəzək dəstləri Azərbaycanda 2500 il bundan əvvəl mövcud olmaqla, nəsildən-nəslə keçmiş, zəmanəmizə qədər gəlib çatmışdır. İmarət bəzək dəstinə daxil edilən digər çeşidli qadın bəzəkləri bütün orta əsrlər boyu təkmilləşərək XIX-XX əsrin əvvəllərində kamil zərgərlik nümunələri kimi mövcud olmuşdur. İmarət bəzək dəsti hazırda da Azərbaycan qadınlarının istifadəsindədir.