AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Pərdə

Nümunənin reyestr kodu : SD0601000005

Keçmişdə Azərbaycan xalq yaşayış evlərinin interyeri üçün nəzərdə tutulmuş ənənəvi toxuma və tikmə məmulatlarının bir qismini müxtəlif ölçülü və formalı pərdələr təşkil edirdi. Pərdələr, adətən, qapı, pəncərə, taxça, yük yeri (camaxatan), buxarı və dolab üçün nəzərdə tutulurdu. Varlı evlərində yorğan-döşək yığmaq üçün yük yerindən – camaxatandan fərqli olaraq taxça pərdələrini haça tikirdilər. Тахçаlarа zər butalı məxmər pərdələr və zərəndazlar vurulurdu. Milli Azərbaycan Tarixi Muzeyində saxlanan belə bir taxça pərdəsinin (EF-6919) üzü iki növ – sarı və sürməyi rəngli güllü kəmxa parçаdan, astarı isə sürməyi bezdən tikilmiş, qıraqları qələmkarla köbələnmişdir. Pərdənin qabaq hissəsinə qızılı güləbətinli saçaq da tikilmişdir. Taxça pərdəsinin ölçüsü 72 sm x 80 sm-dir. Başqa bir taxça pərdəsinin (EF-6959) üzü 3 növ: qırmızı, bənövşəyi və yaşıl rəngli zərxara və zərli parça hissələrindən tikilmişdir. Ölçüsü 87x75 sm olan bu taxça pərdəsinin astarı qırmızı şilədən tikilmiş, qıraqlarına qara zərxaradan köbə və güləbətinli saçaq əlavə edilmişdir. “Zərəndaz” adlanan digər bir taxça pərdəsinin üzəri bütünlüklə müxtəlif rəngli ipək saplarla, bitki ornamentləri ilə işlənmişdir.

Pərdələr yataq ləvazimatları, xalça-palaz saxlanılan yerlərin (yük yeri-camaxatan) qabağı üçün də tikilirdi. Ailənin iqtisadi vəziyyətindən asılı olaraq, tikilən məmulatlar bahalı ipək, yaxud ucuz pambıq parçalardan hasilə gətirilirdi. Dövlətli ailələrdə qızılı tikmələrə üstünlük verilirdi. Şirvanda yerli adətə görə gəlinin cehizləri arasında camaxatan pərdələrinin olması vacib idi. Ona görə də, adətən, toydan əvvəl oğlan evindəki camaxatanların ölçüsü götürülürdü. Buradan məlum olur ki, tikilən hər bir pərdə divar açırımın ölçüsünə müvafiq olmalı idi. İp taxılmış pərdələrin baş tərəfinə rəngli parçalardan qıyqac bükülmüş pərdəbaşlığı tutulurdu. Muzeydə olan belə bir pərdə XX əsrin əvvəlində hazırlanıb və ağ parçadan tikilib (EF-7219). Pərdənin başı qara və qırmızı sapla təkəlduz tikmə və ağ saplа tikilən pilək saçaqlardan ibarətdir. Pərdənin aşağı hissəsində qara və qırmızı sapla təkəlduz və muncuq tikmə vardır. Tikmələrdə içərisində gül dəstəsi olan vazalar və onların arasında müxtəlif quşlar təsvir edilmişdir. Pərdənin qurtaracağı dilik-dilikdir. Diliklərin üzərində tikmə və ətrafında muncuqlu saçağı var. Pərdənin baş hissəsinə iki ədəd muncuq qotaz əlavə edilmişdir. Hər iki yanında ensiz haşiyələri olan pərdənin ölçüləri 190x123 sm-dir.

Azərbaycanda yaşayış evlərinin daxili sahmanında əsas yerlərdən birini də öz gözəlliyi və nəfis biçimi ilə seçilən ləmə (rəf) və qapı pərdələri tuturdu. Adətən belə toxuma və tikmə məmulatları onun sahibinin zövqünə uyğun bəzədilirdi. XIX əsrdə Şirvan tarix-etnoqrafik bölgəsində zili toxunuşlu yun qapı pərdələrindən istifadəyə üstünlük verilmişdir. Belə pərdələr iki hissədən ibarət olurdu. Həndəsi fiqurlardan ibarət rəngli saplarla toxunulmuş əsası qara rəngdən olan pərdələr iki tərəfdən biri enli, ikisi ensiz lentlə bəzədilirdi. Yuxarı hissəsinə isə enli haşiyə tikilirdi. Pərdənin ortasındaki bəzəklər arı pətəyini xatırladırdı. Ölçüsü 185x162 sm olan belə qapı pərdəsi varlı evləri üçün xarakterik idi. Bəzən saray qapılarına pərdəni əvəz edən əlvan toxunuşlu xalı-xalça asmaq da məqbul hesab edilirdi. Keçmişdə hökmdar, xan, bəy, sultan saraylarının qapı, pəncərə və divar açırımlarının bəzədilməsində zərbaf parçadan hazırlanmış pərdələrdən istifadə olunurdu. Adətən, pəncərə açırımı üçün nəzərdə tutulan pərdələr bütöv və yaxud da haça biçilib tikilirdi. Qapı və pəncərə pərdələrinin də üzəri həndəsi və nəbati naxışlarla yüksək zövq ilə bəzədilirdi. Nisbətən kiçik ölçülü olan buxarı pərdəsi də qiymətli və parlaq rəngli ipək və yun parçalardan (xara, məxmər, tirmə və s.) hazırlanır, üzəri zərənduz tikmə ilə naxışlanır, evlərin interyerinə xüsusi gözəllik qatırdı. Zərənduz tikmə texnikası taxça və yük yeri pərdələrinin bəzədilməsində də tətbiq edilirdi.

Pərdələr qapı, pəncərə, camaxatan, taxça, dolab, ləmə və buxarı pərdələri olmaqla, müxtəlif tipoloji qruplarda təsnif olunurdu. Bunların hər biri həm də ölçülərinə, bəzək dekoruna, müxtəlif tikmə sənəti növləri ilə bəzədilməsinə, hazırlandığı parça materialının növünə və rənginə görə fərqləndirilirdi.

Pərdə hazırlanmasının tarixi tikmə sənətinin tarixi qədər qədimdir. Qədimdə hökmdarların sarayları, eləcə də xalq yaşayış evlərinin divar açırımları ipək pambıq və yun parçalardan, xalça-palazdan hazırlanmış pərdələrlə süstlənmiş, onları daha da yaraşıqlı etmişdir. Pərdəüstü bəzəklər, tikmə sənətinin nailiyyətləri hesabına onların daha da zəngin olmasını şərtləndirmişdir. Qələmkar süfrə, taxça, pəncərə, qapı pərdəsi, canamaz, dəsmal (məhrəba) və s. özünün əməli əhəmiyyətini XIX əsrdə hələ də itirməmişdir. Pərdə bütün bəşər cəmiyyətinin inkişafı tarixində mövcud olmuş, hazırda da evlərin daxili interyerində zəruri tələbat malı kimi işlədilməkdədir.