Şərur
Rayon haqqında məlumat
Şərur rayonu 1930-cu il avqustun 8-də təşkil olunmuşdur. 28 fevral 1991-ci ildə bu inzibati ərazinin əvvəlki adı özünə qaytarılaraq Şərur adlandırılmışdır. Şimal-şərqdə Ermənistan, cənub-qərbdə İranla həmsərhəddir. Mərkəzi Şərur şəhəridir.
Rayonun səthi şimalda və şərqdə dağlıq, Arazboyu hissədə bir-birindən tirə və yüksəkliklərlə ayrılan maili düzənliklərdən ibarətdir. Yüksəkliklərin hündürlüyü 600-700 m-dən (Araz çayı sahilində) 2775 m-dək (Dərələyəz silsiləsində) dəyişir. Düzənlik və dağətəyi hissədə, əsasən, antropogen, dağlıq hissədə Devon, Perm, Trias, Tabaşir çöküntüləri yayılmışdır. Rayon ərazisində polimetal filizlər, travertin, mərmər, mərmərəbənzər əhəngdaşı və s. faydalı qazıntılar mövcuddur. Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlimi vardır. Orta temperatur yanvarda -6°C-dən -3°C-yədək, iyulda 20-26°C-dir. İllik yağıntı 200-400 mm-dir. Çayları: Araz, Arpaçay, Qaradərə və s. Arpaçay su anbarı Şərur rayonu ərazisindədir.
Rayonda boz və çəmən-boz, şorakətvarı boz-qonur, dağ-şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitki örtüyü yarımsəhra bitkilərindən və dağ-kserofitlərindən ibarətdir. Şərur, əsasən, kənd təsərrüfatı rayonudur. Rayonun iqtisadi həyatında bitkiçilik və heyvandarlıq mühüm rol oynayır. Rayonda şəkər çuğunduru şirkəti, 5 dəyirman var. Bundan əlavə, rayonda 60 ümumtəhsil məktəbi, peşə liseyi, 6 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 60 kitabxana, 67 klub müəssisəsi, 1 muzey, Arpaçay Tarix-Mədəniyyət qoruğu, 6 uşaq musiqi məktəbi, "Bahar" kinoteatrı, mərkəzi xəstəxana, 8 sahə xəstəxanası, 20 həkim ambulatoriyası, 9 feldşer-mama, 27 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. fəaliyyət göstərir.
Şərur rayonu Naxçıvan Muxtar Respublikasının ən qədim və ən iri yaşayış məskənlərindən biridir. Əlverişli təbii coğrafi mövqeyi insanların qədim zamanlardan burada məskən salmasına şərait yaratmışdır. "Kitabi-Dədə Qorqud" dastanında "Şərik" kimi xatırlanan Şərur inzibati ərazisindəki qazıntılar zamanı eneolit, tunc dövrlərinə, antik dövrə, orta əsrlərə aid yaşayış yerləri və qəbir abidələri aşkar edilmişdir. Rayon ərazisindəki "Qaratəpə" dağında olan və 40 hektar sahəni əhatə edən "Oğlanqala" yaşayış məskəninin tarixi m.ö. II-I minilliklərə aiddir. Şərurda qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi-mədəniyyət abidələri ilə zəngin xeyli arxeoloji abidələr və yaşayış məskənləri mövcuddur. Bunlar qədim yaşayış yerləri, qalalar, qəbiristanlıqlar, kurqanlar və memarlıq abidələrindən ibarətdir. 1987-1990-cı illərdə daş dövrünə (mustye) aid qazma mağarasından maddi-mədəniyyət qalıqları, o cümlədən çaxmaqdaşı və dəvəgözündən hazırlanmış xeyli əmək aləti aşkar edilmişdir. Araz çayı, Arpaçay və onların qolları üstündə orta tunc dövrünə aid Şortəpə, Xələc dağı, Kültəpə, Cənnətqaya və s. abidələr aşkar edilmişdir.
Miladdan öncə II minilliyin sonu I minilliyin əvvəllərində Şərur ərazisində Xocalı-Gədəbəy mədəniyyətinin (son tunc, ilk dəmir dövrləri) keramikası ilə seçilən abidələr yayılmışdır. Xarici basqınlardan qorunmaq məqsədi ilə ölgədə Oğlanqala, Govurqala, Qarasu qalası kimi müdafiə istehkamları inşa edilmişdir. Qədim Şərur ərazisi Küp qəbirlərlə zəngindir. Milad sonra I-IV əsrlərdə bölgədə quyu qəbirlərlə xarakterizə olunan arxeoloji mədəniyyətin yayılması xüsusi maraq doğurur. Erkən və inkişaf etmiş orta əsrlərdə Şərur ərazisində yaşayış məskənlərinin sayı xeyli artmışdır (Yaycı, Parçı, Tənənəm, Şahbulaq və s.). XVIII əsrin əvvəllərində Osmanlıların idarəsində olan Şərur nahiyəsində 1728-ci ilin məlumatına görə azərbaycanlılardan ibarət 73 yaşayış məntəqəsi mövcud olmuşdur.
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkarlıq siyasəti nəticəsində Şərur rayonunun Günnüt kəndi işğal edilmiş, Havuş və Şahbulaq kəndlərində əhaliyə məxsus yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılmışdır. 1990-1993-cü illərdə ermənilərin rayon ərazisinə hücumu nəticəsində Havuş kəndində məktəb, klub, kitabxana, tibb müəssisəsi, 38 yaşayış evi, Şahbulaq kəndində məktəb, klub, kitabxana, tibb müəssisəsi, 23 yaşayış evi dağıdılmış, kənd qəbiristanlıqları yararsız hala salınmış, meşə zolağı isə sıradan çıxarılmışdır. Günnüt kəndi işğal edildikdən sonra 32 yaşayış evi, məktəb, tibb məntəqəsi, kitabxana, kənd qəbiristanlıqları dağıdılmış və əhali rayonun digər yaşayış məntəqələrinə köçürülmüşdür.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
- Boxça
- Boyaqçı
- Boyaqçılıq
- Boyun torbası, çiyin ağacı, xərəkə
- Boyunbağı
- Boz ay
- Bozartma/Soyutma/Buğlama
- Börk
- Böyük çillə
- Bulaqüstü tikili
- Bürüncək
- Cahannamə
- Cam
- Can əvəzinə can
- Canamaz (namazlıq)
- Canlıq (cılıtka)
- Carcar
- Cəhrə
- Cəmiyyət
- Cənub qrupu şivələri
- Cəvahirsaz
- Cik-cik xanım
- Cin
- Cırtdan
- Corab
- Cuna
- Cübbə
- Cürə nağara
- Cütbalaq
- Çahargah
- Çaxçur
- Çalma
- Çarıq
- Çarıqçı
- Çarşab (çadra)
- Çay dəstgahı
- Çayçı
- Çayxana
- Çəçik boyunbağı
- Çəçil və saçaq pendiri
- Çəkmə
- Çəkməçi
- Çəllək
- Çənəbənd (qarmaq)
- Çəpkən
- Çərəz/Ləbləbi
- Çərşənbə tonqalı
- Çığırtma
- Çilingağac
- Çini, saxsı
- Çıraq
- Çoban
- Çörək
- Çörək məmulatları
- Çörəkçi
- Çuxa
- Çul
- Çust
- Çustçu
- Çutqu
- Çuval
- Daxma (qazma) ev
- Daraq qabı
- Darbalaq
- Daş üzərində oyma
- Daşişləmə
- Daş-qaş
- Daşyonan
- Dekorativ sənət
- Deyimlər
- Deyişmə
- Dəbilqə